Əsl qiyməti oxucu verəcək

Ədəbiyyata 1981-ci ildə “Elegiya” adlı şeirlə gələn Cəbrayıl Hüseynin mütəmadi olaraq dövri mətbuatda şeirləri dərc olunub. Sözə, sənətə məsuliyyətlə yanaşıb, kitab çapına tələsməyib. C.Hüseynin “Bu da dünya işığı” adlı ilk şeirlər kitabı bu yaxınlarda işıq üzü görüb.
Əsl qiyməti oxucu verəcək
C. Hüseyn (Hüseynov Cəbrayıl Əmiraslan oğlu) 1958-ci ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub. Üç yaşında ikən valideynləri rayon mərkəzinə yaxın Aşağı Cülyan kəndinə köçüb. O babasının himayəsində qalaraq, 1973-cü ildə 8-ci sinfi, 1975-ci ildə isə İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirib. Orta məktəbdə oxuyarkən humanitar fənlərə, xüsusilə də ədəbiyyata böyük marağı olub.
Bədii yaradıcılığa lap erkən yaşlarından, özünün dediyi kimi, daxili ehtiyacdan başlayıb. Belə ki, daxilində bir həsrət, bir nisgil, bir qəriblik hiss edib və bu hisslər duyğulara çevrilərək şeirləşib. Bütün bunların nə olduğunu sonralar anladığını deyən Cəbrayıl Hüseyn yazır:
Min ildir dünyaya göz açdığım an,
Min ildir qırılan könlüm şüşəsi.
Bilməm nə qalıbdır cavanlığımdan,
Bu yaşdan o yana gözün düşəsi.
Г‡ılğın və kövrək olduğunu etiraf edən müəllif ədalətsizliyə və haqsızlığa biganə qala bilmir. Bu xüsusiyyəti kimlərinsə xoşuna gəlməsə də, el arasında ona hörmət qazandırıb, yaradıcılığında əksini tapıb:
Yer üzünə göydən düşdüm,
Bir kamandan, neydən düşdüm.
Müdrikləşdim, mələkləşdim,
Şeytan daşlaya-daşlaya.
Müəllifin mövzu dairəsi geniş və rəngarəngdir; doğma el-obaya bağlılıq yaradıcılığının qayəsini təşkil edir:
Elə isinişdi ki, bu dağlar mənə,
Məni dərdlərinə ortaq eylədi.
Nağıllar söyləyib bulaqlar mənə,
Kövrəldib qəlbimi bulaq eylədi.

Г‡içəklər naz satdı qız baxışında,
Ocaq baxışında, köz baxışında,
İsladıb piltəsin yaz yağışında,
Yandırıb qəlbimi çıraq eylədi…
Məhəbbət mövzusuna gəlincə, C.Hüseyn bir beytlə eşqinin sönməzliyini diqqətə çatdıra bilib:
Sən mənim canımı elə almısan,
Daha bu ünvana ölüm qayıtmaz!
Şairin təbiətə həsr olunmuş şeirlərində doğma Azərbaycanımız, xüsusilə İsmayıllı bədii boyalarla təsvir edilir. Azərbaycan xalqının ən böyük dərdi olan Qərbi Azərbaycan və Qarabağ torpaqlarının həsrəti böyük ürək ağrısı ilə poetik çalarlarla qabardılır.
Müəllifin qələmindən çıxan hər misranın yükü, hər sözün mənası olmalıdır deyən müəllif kitaba daxil etdiyi şeirlərini həmin ruhla da tamamlamışdır. Buna baxmayaraq, şairin yaradıcılığına əsl qiyməti oxucu verəcəkdir.
İlk kitabının çapdan çıxması münasibəti ilə qələm dostumuzu təbrik edir, “Bu da dünya işığı”nın oxucu məhəbbəti qazanmasını arzulayırıq.
“İsmayıllı yazarları” ədəbi ictimai birliyinin üzvləri

Şərh Yaz