Partiyanın təşəbbüs qrupu yaradılıb

YAP İsmayıllı rayon təşkilatı referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi barədə yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. İştirakçılara gündəlik barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə 18 iyul 2016-cı il tarixdə sərəncam imzalayıb.
Partiyanın təşəbbüs qrupu yaradılıb
Bu gün Azərbaycan iqtisadiyyatının yenidən qurulması, beynəlxalq birlikdə nüfuzunun artması, Silahlı Qüvvələrinin günün tələbləri səviyyəsinə qaldırılması, Azərbaycanın regionda iqtisadi, maliyyə, siyasi mərkəzə çevrilməsinə dair bir çox uğurlu layihələr həyata keçirilməkdədir. Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranıb.
Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse –“ prezident və vitse –“ prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur.
Yığıncağın sədri daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verərək bildirdi ki, “Yeni Azərbaycan” təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Başlıca məqsədimiz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etməkdir.
Tədbirdə YAP İsmayıllı rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, partiya veteranı Valeh Salehov, əməkdar müəllim Şəfaqət Rəsulov və başqaları çıxış edib, Konstitusiyaya təklif olunan dəyişikliklərlə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artacağından danışıblar. Bildiriblər ki, dəyişikliklər vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir.
Yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupu prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət xəttini birmənalı şəkildə müdafiə edib. Təşəbbüs qrupu bildirib ki, xalq aparılan işlərin uğurlu nəticəsini gördüyündən Konstitusiyaya təklif olunan dəyişikliklərə də müsbət yanaşacaqdır.
Ramid Qasımov

Şərh Yaz