Yeri görünən insan

… Əsl nümunəvi vətənpərvər əqidəli, məsləkli olmalı, millətini və millətinin balalarını sevməlidir. Müəllim özü təmiz qəlbə, parlaq vicdana, gözəl əxlaqa, həqiqi və dərin məlumata malik olmalıdır.
Müəllim öz ana dilində aydın, səlis və gözəl danışmalıdır. Məsləkli və əqidəli müəllim bir orduya bərabərdir.
Əsl müəllim odur ki, yaşadığı əsrin mədəniyyətini bilsin, öyrənsin, maarifpərvər olsun, şagird və tələbələrinə qarşı səmimi, qayğıkeş, məhəbbətli olsun. Г‡ünki, məhəbbət bəşəriyyətin ən dərin, ən ülvi təcəlligahıdır.
H.Cavid
Yeri görünən insan
Yeri görünən insan
Ulu H.Cavidin müəllim haqqında dediklərini diqqətlə oxuyub çözəndə içimdən bir sual qopdu və elə o andaca düşündüm ki, bu sualı ancaq özüm özümə verə bilərəm. Elə bilirəm ki, bütün düşüncələrim o sualın cavabı olmasa da o sualı ətrafında özünəbaxışı, özünütənqidi uzun illər gerçəkliyə çevirməyə çalışmışam. Anlayıram ki, mən elə dünyaya müəllim olmaq üçün gəlmişəm. Ona görə ki, uşaqlarla işləməyi, onların istək və bacarıqlarını üzə çıxarmaq, onların istedadlarını inkişaf etdirmək, düzgün istiqamətləndirmək, doğma Vətənimiz üçün layiqli vətəndaşlar tərbiyə etmək istəmişəm. Peşəni sevmək –“ bu işin başlanğıcıdır. Xoşbəxt o müəllimdir ki, şagirdi ilə özü arasında bir doğmalıq yarada, bu körpə fidanların qəlbində özünə layiq kiçicik yuva qurub öyrənməklə öyrətmək arasındakı doğmalığı tapa bilir. Bu anlamda müəllimlik peşəsi əvvəlcədən proqramlaşdırılmış, axtarıcılıq, araşdırıcılıq işidir. Müəllim dərsinin memarı, qara fəhləsi, həm rəngsazı və həm də bağbanıdır. O bir şey yaratmaq istəyir, lazım olan nəyi isə demək, göstərmək istəyir. Bu sirli soraqlı, ikiüzlü, mindilli, fəzilətli, zillətli, qanlı qadalı, haqq-ədalətdən uzaq, əmin-amanlığı Qordi düyününə çevrilmiş dünyamızın və bu dünyamızın başına açılan bitib tükənməyən oyunların, ikili standartlarla haqlını qoyub haqsızın tərəfində duran, ona havadarlıq edənlərin iç üzünü, ünvanını yana-yana açıb tökmək istəyir. Ancaq qəlbinin dərinliklərindən qopub coşub gələn bu fırtınanı, təlatümü öz idarəsi hesabına içində cilovlayır, susur. Bu susqunluqla inanır ki, gec-tez haqq-ədalət qalib gələcək. Qələbə və zəfər haqqın olacaq!
Müəllim kimi doğma Azərbaycanı, onun şanlı tarixini, mədəniyyətini, dilini, dinini, babalarımızın bizə oxla, kamanla, nizə və qılıncla miras qoyub getdikləri bu torpağın hər qarışını –“ kolunu, daşını, kəsəyini, aranını, yaylağını, indikilərin dili ilə desək qərbini, şərqini, şimalını, cənubunu varlığımız qədər sevməli və qorumalıyıq.
Ana adı ilə Vətən adı qoşa çəkilir. Ancaq hər şeydən əvvəl Vətəndir! Biz onun övladları hamımız ondan sonrayıq!
Vətən yoxsa, biz də yoxuq! Biz Vətəndə vətəndaşıq. Vətəndən qıraqda köçkünük, qaçqınıq, didərginik! Yurdsuzuq, yuvasızıq. Güc də, qeyrət də, xeyir-bərəkət də Vətəndə dadlı, güclü və əbədi olur!
Yadıma sevimli şairimiz Səməd Vurğunun “Zəncinin arzuları” poemasında zənci Pol Robsonun dili ilə dediyi misralar düşür:
… Amerika Vətənimdir, dedim bayaq,
Fəqət mənim bu torpaqda yaşamağa haqqım varmı?
Vətənsiz də insan olan, insan kimi yaşayarmı?
və yaxud, M.Arazın unudulmaz
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim”. –
misraları bizi əsl vətəndaş olmağa, vətən daşı olmağa səsləyir. Vətən bizə oğul deyir. Qalır bizim mamır olub qayasında bitməyimiz.
Bax, beləcə mənim unudulmaz, həmişə yaşar müəllimlərim, müqəddəslərim bizi körpə ikən vətəni beləcə sevməyi öyrədərdilər. Vətən sözü onların dilindən düşməzdi. Onların öyüd və nəsihətləri ana südü kimi canımıza, qanımıza hopar, bizə güc, qüvvət verər, dərslərimizi daha yaxşı oxumağa ruhlandırardı.
Təpədən dırnağının ucuna kimi müəllim bildiyim, hər sözünə, kəlməsinə, davranışına, arabir şirin zarafat və məzəmmətlərinə tamarzı qaldığım müəllimlərimdən biri də …
Mirzəbaba Cəlal oğlu Qurbanov 1925-ci ildə azman Şirvan elinin əsrarəngiz gözəlliyi, məlhəm havası, qədim sənət və sənətkarlar yurdu Lahıcda anadan olmuşdur. Ailəliklə rayon mərkəzinə köçüb gələn balaca Mirzəbaba orta təhsilini o vaxtki İ.V.Stalin adına orta məktəbdə başa vurur. Bu o zaman idi ki, Hitler Almaniyası SSRİ dediyimiz Vətənimizin üzərinə hücum etmiş və az bir zamanda Mozdoka qədər gəlib çatmışdı. Şəhər və kəndləri xarabaya çevirən düşmənə layiqli cavab vermək üçün yaşı 18-dən yuxarı, əli silah tutan oğul və qızlarımız könüllü cəbhəyə yollanırdılar. Gənc Mirzəbaba da bir neçə dəfə hərbi komissarlığa müraciət edənlərin arasında olsa da onu əsgər aparmamışdılar. Nəhayət, 1943-cü il fevral ayının 10-da hərbi komissarlıqda onun axırıncı müraciətini nəzərə alırlar.
Qısa hərbi hazırlıqdan sonra gənc Mirzəbaba döyüşlərə S.Orconikidze adına ikinci dərəcəli Suvorov və Qırmızı bayraq ordenli 77-ci Simferopol diviziyasının tərkibindəki 105-ci atıcı alyının pulemyotçusu kimi başlayır. Onun döyüş yolu Şimali Qafqazdan başlayıb Azov sahillərindən, Taqanroqdan, Rostovdan, Ukraynanın sol sahil ərazilərindəki döyüşlərdən keçir.
Üç dəfə düşmən gülləsinə tuş gələn Mirzəbaba tezliklə sağalıb yenidən döyüşlərə atılırdı. Dördüncü dəfə isə …
1944-cü ilin oktyabr ayının 24-də Ukrayna uğrunda gedən qanlı döyüşlərdən birində Mirzəbaba Qurbanov ağır yaralanır –“ qəlpələr onun sol qolunu demək olar ki, tamam yararsız hala salmışdı. Düz dörd ay hərbi xəstəxanada müalicə olundu və bu dəfə o döyüşə yox, geriyə onun yolunu gözləyən doğma İsmayıllıya, əzizlərinin yanına II qrup əlil kimi qayıtdı. Müharibənin başa çatmasına onda lap az qalırdı –“ cəmi bir ay iyirmi beş gün.
Döyüşlərdə göstərdiyi mərdlik və igidliyə görə o II dərəcəli Böyük Vətən müharibəsi ordeni, “Döyüşdə əla xidmətə görə”, “Qafqazın müdafiəsinə görə” və digər doqquz medalla təltif edilmişdir.
Mirzəbaba əsgərliyə gedəndə orta təhsili yarımçıq qalmışdı. Doğma məktəb onu yenidən qoynuna aldı, orta təhsilini də tamamladı. Qiyabi yolla ali təhsil alıb tarix müəllimi oldu.
Mirzəbaba müəllimin əmək kitabçasını vərəqləyirəm. 27 sentyabr 1945-ci ildə əmək fəaliyyətinə İsmayıllı kənd orta məktəbində pioner baş dəstə rəhbəri kimi başlayıb. Sonralar internat məktəbində müdir, sinif müəllimi, rayon Komsomol komitəsinin ikinci katibi, Quşencə kənd orta məktəbində direktor və tarix müəllimi, kəndin gənclərin axşam məktəbində direktor işləyib. 28 fevral 1997-ci ilə kimi şəhər 1 saylı tam orta məktəbdə tarix müəllimi işləyib. Əlli iki ilə yaxın dayanmadan, yorulmadan çalışıb, öyrədib. Sadə, səmimi, əməksevər, təvazökar, riyakarlıqdan uzaq, işini ürəkdən sevən, vətəninə, elinə-obasına, ailəsinə sədaqətli bir insan!
Oğlu İlqarla bir sinifdə oxuduğumdan tez-tez onlara gedirdim. Ona görə də Mirzəbaba müəllimi bir əmi, bir dayı kimi də xatirini istəyirdim. Evdə, ailədə də elə məktəbdə olduğu kimi təmkinli, mehriban və mülayim idi. İki övladı –“ İlqar və İlhama qarşı çox ciddi idi. Ancaq hərdən hiss edirdim ki, atalıq qayğısı, sevgisi ciddiliyi üstələyir. Acıqlananda sol əlinin iki barmağı ilə qolumuzu, yaxud da boynumuzu sıxması bizə bəs edərdi. Sanki, onun bütün gücü bu iki barmağında cəmləşmişdi. Xəritəsiz və əyaniliksiz dərs keçməzdi. Tarixi və müharibədən bəhs edən filmlərdən yerli-yerində istifadə edərdi. Qürurlu və əzəmətli görünən Mirzəbaba müəllim müharibədən bəhs edən mövzuların tədrisi zamanı hiss edirdik ki, çox kövrəlir. Müharibədə itirdiyi sağlamlığını, ağrı və acıları dilə gətirmək onun üçün çox çətin idi. Yaxşı təşəbbüskarlığı və təşkilatçılığı var idi. Məktəbdə və rayonda keçirilən tədbirlərin çoxunda iştirak edər, öz təəssüratlarını bildirər, tövsiyələrini verərdi. Həmişə uşaqların arasında olardı. Uşaqları respublikanın və rayonumuzun tarixi abidələrinə gəzintiyə aparmaqdan ləzzət alar, tarixi keçmişimizi nəinki öyrənməyə, onu göz-bəbəyi kimi qorumağa çağırardı.
Qarabağ hadisələri onu bir müəllim kimi də, bir vətəndaş kimi də çox narahat edirdi. Ötən əsrin doxsanıncı illərində ordumuzun çətin günlərində Mirzəbaba müəllim tez-tez əsgərlərlə görüşə gedər, onlara pay-sovqat aparanların arasında olardı. Bir dəfə Uşaq Yaradıcılıq mərkəzinin dərnək üzvlərinin bir qrupunu –“ “Xalq çalğı alətləri ansamblı”nın və “Bədii qiraət” dərnəklərinin üzvləri ilə əsgərlərimizin Tərtər rayonu ərazisindəki Marquşakan kəndində yerləşən hərbi hissələrindən birinə qonaq getmişdik. Üç-dörd saat çəkən çıxışdan sonra Mirzəbaba müəllim əsgərlərlə ata-bala kimi görüşüb, onları qucaqlayıb, ürək-dirək verir, ayıq-sayıq olmağa, Vətən uğrunda daim döyüşlərə hazır olmağa çağırırdı. Sol yaralı əlini göyə qaldırıb dedi:
– Ölmək yox, öldürmək lazımdır bu şərəfsizləri! İllərlə qoynumuzda, ocağımızın başında ilan bəsləmişik, xislətlərini bilməmişik. Lənət olsun ermənilərə, xainlərə! –“ deyib kənara çəkildi. Mirzəbaba müəllimin gözləri yaşarmışdı. O yalana, riyakarlığa, ikiüzlülüyə, xəyanətə, oğurluğa, quldurluğa, dələduzluğa nifrət edirdi.
Son vaxtlar hiss edirdim ki, ömür-gün yoldaşı Bəsirə xalanın dili ilə desək –“ Mirzə geri gedir. Xeyli zəifləmişdi. Mən də o illərdə şəhər 1 saylı tam orta məktəbdə dərs deyirdim. Eşitdim ki, Mirzəbaba müəllim təqaüdə çıxmağa hazırlaşır. Ərizə də yazıb. İnanmadım. Tənəffüsdə yaxınlaşıb hal-əhval tutdum. Bir az könlünü almaq istədim. Oğlu İlqar öləndən sonra dərdini üzə vurmasa da içində qovrulurdu.
– Mirzəbaba müəllim, eşitdim təqaüdə gedirsiniz, doğrudur?
– Hə, daha yorulmuşam, gedib-gələ bilmirəm. Qoy cavanlar işləsinlər.
Etiraz etmək istədim.
– Ay müəllim, bizim kimi müəllimlərin Sizə, sizin təcrübənizə həmişə ehtiyacımız olub və həmişə də olacaq. Azacıq dərslə işləyin, – dedim.
– Deyirsən uşaqların qabağında yıxılım. Yox, daha bəsdir, – dedi.1997-ci ilin fevral ayının sonlarında uzun illər dəhlizlərindən və sinif otaqlarından Magellan qədər yol gedən Mirzəbaba müəllim doğma kollektivdən, canı qədər sevdiyi dostlarından, sevimli şagirdlərindən ayrıldı. Məktəbdə təşkil olunmuş çay süfrəsi arxasında cəmləşən dostlar, tanışlar, şagirdlər Mirzəbaba müəllim haqqında xoş sözlər söylədilər, onu daim xatırlayacaqlarını söylədilər.
Qayğıkeş ata, cəfakeş dost, alovlu vətənpərvər, həmişə yeri görünən Mirzəbaba müəllim oğlu İlqarın ölümündən bir il bir ay sonra əbədiyyətə qovuşdu. Qəbri şəhər qəbristanlığındadır. Allah rəhmət eləsin. Ruhu şad olsun!
Xalıq Xalıqov

Şərh Yaz