Hardan gəlib, hara gedir bu yollar? Birinci yazı

“Yol gedər sizə, dağlar” silsiləsindən fraqmentlər
Qədim dünya mədəniyyətinin ən qiymətli incilərindən olmuş Mədain şəhərinin sirli xarabalıqları qarşısında xəyala dalaraq: “Kim sarsıtdı göylərə baş çəkən belə möhtəşəm bir sarayı?.. Ayağını yavaş bas, bəlkə Şirinin yanaqlarını tapdayıb keçirsən” –“ deyən Xaqani görəsən həmin anda nələri düşünürmüş? Böyük şairi kövrəldib riqqətə gətirən sualların bir cavabı möhtəşəm xarabalıqlardadırsa, bu sirlərin bir açarı da torpağın sinəsinə çalın-çarpaz izlər salan yollardadır. Hardan gəlib, hara gedir bu yollar?.. Dağlardakı meşləri, torpağın üst qatını və hətta əzəmətli qalaları belə məhv edən zaman, yolların bir çoxunu qoruyub saxlamışdır. Г‡ünki yollar qalalara bənzəmir. Qalalar partladılır, dövlətlər süqut edir, karvanlar isə heç nə olmayıbmış kimi zaman-zaman bu yollarda ayaq döyür. Yollar hamınındır və heç kəsindir. Xan da keçib bu yollardan, nökər də, dost da keçib bu yollardan, düşmən də…
Hardan gəlib, hara gedir bu yollar?  Birinci yazı
Qədim qala yerlərinə yaxınlaşdıqca genələn, ordan ötüşəndən sonra yenə daralan yollardan bu gün keçəndə sinc, təbil, şeypur səslərini, at kişnərtisini, qılınc, dəbilqə və qalxanların cingiltisini eşitməyə qadir deyiliksə, çətin ki onlar öz sirli hekayətlərini açıb bizə danışa.
Yollar torpağın sinir sistemi, qan dövranıdır. Bu, indi də belədir, min il əvvəl də belə olub. Böyük karvan yolları isə şah damarlarıdır onun. Lakin şah damarı saysız hesabsız kiçik damarlar və kapilyarlar qidalandırdığı kimi, böyük yollara da yüzlərlə kiçik yollar və cığırlar qovuşur. Yollar bəşər övladının torpaq üzərində ilk dəsti-xətti, ilk yazısıdır. Bu yazıları da oxuyan lazımdır.
Mən yollardan söz açmaqla, onları oxumaq məsuliyyətini də öz üzərimə götürmürəm və buna ixtiyarım da yoxdur. Yaşadığımız ərazidə görüb-eşitdiyim yollar (əlbəttə, hamısı barədə məlumatım ola bilməz) və onlar haqqında deyilənləri yada salıram. Yolların hekayətini oxumaq üçün isə Bərdə-Dərbənd karvan yolunu piyada keçmək, onun üstündəki hər yaşayış məntəqəsində (xarabalıqlar da daxil olmaqla) ən azı bir gün qalmaq və həmin yer haqqında el arasında yaşamaqda olan əfsanə və rəvayətlərin hamısını toplamaq lazımdır.
Elə ki söz gəlib qədim karvan yoluna çıxdı, istər-istəməz yenə də həmin yol üstündəki itən şəhərlər yada düşür. Atalar da deyib ki, adamı ən çox yandıran onun itirdiyidir. Bir var ki, sənin üçün ən əziz olan şey gözünün qabağında yanıb kül ola və birdəfəlik əlin üzülə ondan. Bir də var ki, həmin şey yoxa çıxa, ömrün boyu onu axtaracaqsan. O ki ola cah-cəlallı şəhərlər. Belə itiki ilə necə razılaşasan?..
Dəsmal dəvə boynunda…
Hansı gədikdə, hansı yalda-yamacda Şirvan adına bənzər və hətta adında “ş” səsi olan bir yol haqqında eşidirəmsə, elə bilirəm ki, bu yolu tutub getsəm, itən şəhərin üstünə çıxacağam. Beləsi Şirvan mahalında, yəqin ki, çoxdur, mən isə bir neçəsinin adını eşitmişəm.
Cənub-qərb tərəfdən İsmayıllı şəhərinə bitişik olan Mican kəndinin günbatan tərəfindən bir yol gedir Topçu meşələrinə sarı. Yerli sakinlərin dediyinə görə, bu yol ən yaşlı adamların ağlı kəsdiyi vaxtdan Şəhər Yolu adlanır. Təbiidir ki, hər meşə cığırına belə ad verilmez. Bu aralıqda vaxtı ilə şəhər olduğundan xəbər verən yoxdur. O da məlumdur ki, onda hələ İsmayıllı nəinki şəhər, heç qəsəbə də deyildi. Rayon mərkəzi olmasına baxmayaraq, İsmayıllı 50-ci illərin sonuna kimi rəsmi sənədlərdə də kənd adlanırdı. Bəs bu Şəhər Yolu nə deməkdir və nə üçün o məhz Şirvanmeşə tərəfə gedir? Bu yolla Şirvanmeşə yaxınlığındakı “yeraltı” şəhər arasında bir əlaqə yoxdurmu görəsən? Bu yol əks istiqamətə bəs hara gedir?..
Lahıcdan yuxarı Qaban dağından bəri eyni adlı bir yol (Şəhər Yolu) var. Buradan gedib-gələnlərin dediyinə görə, həmin yol da adına uyğun olan bir yoldur. Bəs bu yol hansı şəhərə gedirmiş görəsən?
Müdri bağlarında və Cülyanda da Şəhrə yolu var. Bu yolun adı ilə Azərbaycan dilinin izahlı lüğətindəki mənası (“açıq yara”) arasında heç bir uyğunluq tapmaq olmur. Bəlkə bunlar da elə nə vaxtsa Şəhər Yolu adlanıb? Maraqlıdır ki, bu yollar bir-birinin davamıdır və dağdan aşıb Aşağı Cülyan tərəfə enir. Müdridən günbatan tərəfə gedən yolda da Şiran adlı bir yer və oradan qərbə tərəf gedən eyni adlı yol var. Həmin yola “Qızlar yolu” da deyirlər. Yəqin ona görə ki, keçmişdə kənddən xeyli aralıda olan bulağa da bu yolla gedərdilər. Qızlar çiyinə götürdükləri güyümlə (buna “bəsti” də deyirlər) həmin bulaqdan su gətirərdilər. Biz balaca olanda uşaqların (əsasən qızların) sevə-sevə oxuduqları:
Dəsmal dəvə boynunda,
Dəvə Şirvan yolunda…
– mahnısını hər dəfə eşidəndə elə bilirdim dəvələr elə bu yolla –“ Şiran yolu ilə gələcək…
Dağ kəndlərindən Vəndam-Qəbələ, Pirqulu-Şamaxı və Quba-Dərbənd istiqamətində çoxlu yol gedir. Lakin bu yollar bəri üzdə nə qədər şaxələnsələr də, yuxarıda göstərilən istiqamətlərdən birinə yönəldikdən sonra baş yolda birləşir. Bu yolların hər biri ilə əlaqədar rəvayətlər (çoxu baş vermiş olaylarla bağlı söhbətlərdir) vardır. Həmin yollardan biri haqqında Müdrili uzunömürlü Əmi (Baladadaş kişi –“ onu ətraf kəndlərin hamısında “Əmi” deyə çağırardılar) bizə danışmışdı.
Qızıl Burundan keçən yol
– Müharibənin əvvəllərinəcən bizim kəndlərin ən çox gediş-gəlişi Ağsu-Kürdəmir tərəflərə olardı. Qaraqoyunluya da tez-tez gedərdik. Orda da bazar vardı. Satdığımızı satar, aldığımızı alıb geri qayıdardıq. Yol indiki Tircan töylələrinin yanından keçərdi üzüaşağı Kələmeşə Dəyirmanının yanına, ordan aşağı Qızılgüllük, Əvəliyli tala, Qızıl Burun, sonra çıxardı Kəlağaylı dəyirmanının yanına, Padar, Göydəlləkli, keçərdik Kürdəmirə.
(Əminin söylədiyi bu marşrutu yazını işləyəndə bir də başqalarından soraqlaşıb dəqiqləşdirdim, onun danışdığı əhvalat isə bugünkü kimi yadımdadır).
– Yol üstündə dayanacaq yerlərimiz vardı. Mənzil uzaq olduğunnan, yarıyolda yükü düşürdüb, atdara yem verərdüy. Sora düzələrdüy yola. Lap əvvəllər, hürriyyət dövründə bu yollarnan gedib-gəlməy xata-bəlaydi. Ona görə də çarvadarrar dəstəynən gedərdilər. Özü də hazır, yarağlı-yasaqlı. Qaçaqlar (quldurlar –“ M.M.) ən çox Qaranohurda, bir də Qızıl Burunda kəsirdilər adamların qabağın. Bir dəfə necə olmışdısa, vaşalı Nurbala (Allah rəhmət eləsin, igid oğlan idi) Kürdəmirdən yükün tutub, tək düşür yola. Axşamüsti çatır Qızıl Buruna. Bir də görür bir neçə tüfəng lüləsi tuşdanıb üstünə. Əllərin qaldırmaqdan başqa çarəsi olmur.
Tutullar bunu. Əl-qolun bağlıyıb yıxıllar kolun yanına. Yükün də açıb qoyullar yerə. Başdıyıllar özdəri yeyib-içməyə. Nurbalanın da bir xəsyəti vardı, beşaçılanı həmişə atın alıxının altında olardı. Qaçaqların ağlına gəlmir oranı axtarsınnar. Onu da deyim ki, Nurbalanın özü də əvvəllər karvanvuran, yolkəsənlərlə bir olub. Soralar əl çəkmişdi bu işdən. Nurbala deyir, ə, o atın belini boşaldun bir az, heyvandı. Xurcundakı kisədən arpa tökün torbasına, keçirdün başına yesin. Atdı da, onun nə günahı var? Deyillər burda sənə mehtərrik eliyən yoxdu, atuvu çox istiyirsən, dur özün yerbiyer elə. Deyir axı qollarım bağlıdı. Bılar baxıllar bir-birinə. Başçı deyir, aç mının qolların, hara qaçacey? Addımın yan atsa, bir gülliyə qurban eliyəcəm. Nurbala ata çatıb tapqırı boşaldır. Beşaçılanı çıxaran kimi tuşlayır bıların üstünə. Başçının nağanı da varmış, əl atıb götürür. Tüfəngin açılmasıynan nağan parça-parça olur. Başçının əli düşür yanına. Görüllər yox, bı mirçəyi göydə vurur, hamısı əlin qaldırır. Nurbala xurcunnan bir kəndir götürüb atır onnarın üstünə. Birinə deyir, bağla hamısının əl-ayağın, yoxsa, anovu ağlar qoyaram. O da əmri yerinə yetirir. Sora Nurbala bir kəndir də götürüb hamısın sarıyır bir-birinə. Bıların yaraq-yasağını da yığışdırır, atın yükliyib çıxır gedir. Hamısı sabahacan qalır orda. Kimiydi gecə vaxtı o yola çıxan. Bir də səhər açılannan xeyli sora bazardan qayıdan çarvadarrar açıb azad eliyillər oları. Bu əhvalatı da elə o çarvadarrar danışıb.
Haşiyə: Adətən, “qaçaqlar” sözü Koroğlu, Nəbi, Qaçaq Kərəm və divan-dərədəki haqsızlıqlara görə hökumətdən qaçaq düşmüş adamlarla bağlı olduğundan el arasında rəğbət hissi doğurur. Sovet dövründə ona qarşı edilmiş haqsızlığa görə intiqam məqsədilə hökumətdən qaçaq düşmüş lahıclı Qaçaq Fərhadın adı da həmçinin. Lakin bizim qocaların söhbətlərində tez-tez rast gəlinən “qaçaq” sözü çox zaman fərqli mənada işlənir. Məsələn, “filankəs qaçaqçılıq edirdi”, yaxud “qaçaqlarla oturub-dururdu” deyəndə, həmin adamın soyğunçu, quldur, basqınçı, yolkəsən və s. olduğu nəzərdə tutulur.
Namazgah yolu
Tarix-mədəniyyət qoruğunu görmək üçün Lahıca getmək istəyənlərə bu yerlərlə ilk tanışlığı Vəxmi Yolundan başlamağı məsləhət bilərdim. Bunun üçün hələ Namazgaha çatmamış, sürücüdən maşını lap asta sürməsini xahiş edin və maşın getdikcə sol tərəfdə – çayın günbatan tərəfindəki qayaları diqqətlə nəzərdən keçirin. Bu, Bağəli dərəsinə qədər davam edən Vəxmi Yoludur. Bu yolda iki körpü də vardı. Mənə elə gəlir, bu körpülərin hər ikisi və bu yol da qoruğa daxil edilib mühafizə olunmalı idi.
Əgər peşəniz bu sahə ilə bağlıdırsa, yol boyu qayalardakı uçurumların arasını birləşdirən, hazırda (və keçmişdə də) tikintidə istifadə olunan bişmiş kərpicdən xeyli xırda olan eyni ölçülü doğrama daşlardan tikilmiş divarların yaşını sizə məlum olan üsullarla müəyyənləşdirməyə çalışın. Mən səliqə ilə bir-birinin üstünə düzülmüş bu xırdaca daşlara baxanda, nədənsə Xanagah qalasından aşağıda quşqonmaz qayaların belində kəmər kimi hörülmüş divarları xatırlayıram. Həmin tikililərin eyni yaşda olduğunu iddia etmək fikrində deyiləm. Amma, hər halda, onun yaşını bilsəydik, indi yanlışlığa yol verməkdən ehtiyat edərək danışa bilmədiyimiz çox şeylər haqqında fikir yürütmək olardı…
Vaxtilə Girdimançayın sağ sahilindən baxnda sol sahil boyunca, çayın yatağından təxminən 30-50 metr hündürlükdə nə vaxtsa Lahıca tərəf çəkilməkdə olan, lakin hansı naməlum səbəbdənsə yarımçıq qalan bir yolun izləri aydınca görünür. Başlanğıcının harada olduğu bilinməyən, çəkilişi yarımçıq qalmış bu yol Namazgah kəndi yaxınlığında qırılırdı. Uzun illərin təbii dağıntılarına baxmayaraq, salamat qalmış hissəsi çox geniş olduğundan, onun çarvadar yolu məqsədilə çəkilmədiyi ilk baxışdan hiss olunurdu. Ona görə də el arasında belə bir rəvayət dolaşırdı ki, bu yol araba, fayton və ya furqonların hərəkəti üçün (və bəlkə də daha qədim zamanlarda və daha böyük məqsədlər üçün) nəzərdə tutulubmuş. Həmin bu yolun çəkilişi ilə bağlı aşağıda söyləyəcəyim rəvayəti Qaranohurdan yuxarıdakı kəndlərin hər bir sakinindən eşidə bilərsiniz. Mənim isə həmsöhbətim Qüdrət baba olduğundan, elə onun nağıl etdiklərini yazıram.
– Nikalay padşahın qızı sağalmaz xəstəliyə düçar olubmuş. Həkimlər onun müalicəsiyçin şəfalı ab-havası olan bir yer axtara-axtara gəlib Lahıca çıxıllar. Nikalaya xəbər aparıllar ki, qızun ancaq filan yerdə (Lahıcda) sağala bilər, amma oranın rahat yolu yoxdu. Padşah göstəriş verir ki, nəyin bahasına olursa-olsun, Lahıca fayton yolu çəkilməlidir. Başlıyıllar yolu çəkməyə. Yol yarı olanda dirəşirlər qayalara. Padşaha xəbər aparıllar ki, yolun Lahıca çatmasına bir neçə verst qalıb, amma daha qayaları çapmaq mümkün deyil. Padşah cibindən bir qızıl onluq çıxarıb soruşur ki, gündə bu pul boyda qəlpə qoparmaq olurmu qayadan? Deyillər onnan daha çox qazmaq olar. Padşah deyir, bax, qayadan hər gündə bu pul boyda bir qəlpə qopartmaq mümkündüsə, o yol çəkilməlidi. Gəlib təzədən başlıyıllar işə. Ancaq nədənsə, yol yenə yarımçıq qalır.
Həmin rəvayəti söyləyənlər axırda onu da vurğulamağı unutmurdular ki, Nikolay bir-iki il də yıxılmasaymış, indi Lahıca fayton gəlirmiş. Ən maraqlısı budur ki, təhsil səviyyəsi və dünyagörüşündən asılı olmayaraq (hətta bəzi tanınmış alimlər də), böyükdən-kiçiyə hamı bu rəvayətin həqiqət olduğuna inanırdı və çox güman ki, bu gün də inanırlar. Bu rəvayətin yayılıb həqiqət kimi qəbul olunmasının ən mənfı nəticəsi o olmuşdur ki, əsl fenomen olan çəkilişi yarımçıq qalmış bu yolun tarixi neçə yüzillər (kim bilir, bəlkə də daha çox) müasirləşdirilərək qədimliyi unutdurulmuş və onun kim tərəfındən, nə vaxt və hansı məqsədlə çəkilməsi barədə hətta fərziyyə yürütməyi belə lazım bilməmişlər. Halbuki bu rəvayəti puça çıxarmaq üçün adicə uşaq mühakiməsi də kifayət edərdi.
Əgər bu yolun çəkilişinin yarımçıq qalması İkinci Nikolayın yıxılması ilə bağlı olsaydı, Oktyabr çevrilişindən əvvəlki illəri çox yaxşı xatırlayan qocalar Lahıcda və digər kəndlərdə bir neçə il əvvələdək istənilən qədər vardı ki, ömürləri at belində Girdimançayla aşağı-yuxarı yük daşımaqla keçib. Və onlardan biri (tutaq ki, elə Qüdrət babanın özü) şahidlik edə bilərdi ki, mən görmüşəm bu yolun çəkilməsini. Yox, əgər Birinci Nikolayın dövründə (ötən əsrin ortalarında) olsaydı, yenə dəqiqləşdirmək imkan xaricində deyil. Onlardan hansınınsa xəstə qızının olması və onun müalicəsilə bağlı qayğılar barədə də heç bir tarixi mənbədə məlumat yoxdur. (Halbuki padşahların iti belə xəstələnəndə salnamələrdə öz əksini tapır). Doğrudur, Oktyabr çevrilişi ərəfəsində II Nikolayın hemofiliya xəstəliyindən əziyyət çəkən azyaşlı oğlu (Aleksey Nikolayeviç) varmış. (18-ci ildə çarın bütün ailəsi ilə birlikdə həmin xəstə uşaq da Yekaterinburqdakı məşhur İpatyevo Evinin zirzəmisində bolşeviklər tərəfindən qəddarlıqla qətlə yetirilmişdir). Lakin, yuxarıda qeyd etdiyimiz kimi, onun dövründə bu yerlərdə heç bir yol çəkilişi aparılmamışdır. Ancaq o da var ki, təhsil görməmiş qocaların əksəriyyəti üçün rus çarlarının hamısı, kimliyindən asılı olmayaraq, elə “Nikalay padşah” idi. Yəqin ki, bu da sonuncu rus çarının adı ilə bağlıdır.
Həmin yolun çəkilişindən söz düşəndə daha bir məsələ barədə də düşünməli oluruq. Əgər bugünkü müasir texnika və güclü partladıcı vasitələrin köməyilə Qaranohurdan Lahıca yolun çəkilişi iyirmi ildən çox çəkibsə, qazma işlərinin yalnız külünglə aparıldığı keçmiş əyyamlarda buna bir padşahın ömrü çatmazdı, nəinki həyatı tükdən asılı olan xəstə bir uşağın.
Nə isə, bu yarımçıq yol haqqındakı söhbətlər də öz həllini gözləyən müəmmalardandır…
Zənnimizcə, bu rəvayət, sadəcə olaraq, öz yaşayış yerinin, necə deyərlər, xüsusi çəkisini, fövqəladə əhəmiyyətini nəzərə çarpdırmaq məqsədilə uydurula bilərdi. Belə rəvayətlər isə kifayət qədərdir. Məsələn, Hacı Dadaşın Nikolay padşahın sağ tərəfində (özü də mütləq sağ tərəfində) stulunun olması, Lahıcda vaxtilə yeddi silah zavodunun fəaliyyət göstərməsi və s. bu kimi rəvayətlər həmin qəbildəndir. Ola bilsin ki, qəsəbədə vaxtilə yeddi nəfər yox, daha çox sənətkar öz emalatxanasında bıçaq, xəncər, hətta qılınc və sair silahlar düzəltməklə məşğul olub. Lakin bunları zavod adlandırmaq…
Hələ son illərdə Lahıcla bağlı yazılarda belə bir rəvayət də tez-tez təkrarlanır ki, bəs 18-ci ildə rəhmətlik Usta Seyfəlin atası dillərdə dastan olan “Zanbro” adlı bir top düzəldibmiş. Bu topun qorxusundan ermənilər Lahıca və ümumiyyətlə, dağ kəndlərinə yaxın düşə bilməyiblər. Əslində isə 18-ci ildə erməni hərbi birləşmələri İsmayıllı ərazisində cəmi 10-15 gün vəhşiliklər törətməyə imkan tapa biliblər. Tezliklə Cümhuriyyət qoşunları və Türk-Qafqaz ordu hissələri özünü yetirərək, onların axırına çıxıb.
“Zanbro” haqqındakı rəvayət isə el arasında, indi yazılanlardan fərqli olaraq, lətifə şəklində lap çoxdan söylənməkdədir. Həmin lətifə budur:
Lətifə: Lahıcda eşidirlər ki, ermənilər hücum edəcək. Ustalar yığışıb məsləhətləşirlər ki, gəlin bir top düzəldək, ermənilər gələndə atıb, qabağını qaytaraq. Böyük bir top düzəldib, onu Niyal dağının ən hündür yerinə qaldırırlar. Sonra adamlardan birinə deyirlər ki, çıx topun üstünə, yollara bax, ermənilər gələndə xəbər elə. Həmin adam topun üstünə çıxıb uzaqlara baxır və nəhayət, ermənilərin gəldiyini görüb, topçu-ustaya: “Zan bro!” (vur getsin) –“ deyə, komanda verir. Usta fitilə od vurur. Barıtı çox olduğundan, top yerindən qopub üstündəki adamla birlikdə göyə qalxır. Ermənilər görürlər ki, Bir şey guruldaya-guruldaya gəlir, üstündə də adam. İndiyəcən görünməmiş bu silahdan qorxaraq, elə ordan da qayıdıb gedirlər.

Şərh Yaz