İsmayıllının yaşıdı

Həyatın hər cür əzab-əziyyətinə sinə gərmiş Əsman müəllimin keçdiyi ömür yolu bu gün bir nümunə məktəbidir.
Hər kəs öz ömür payını yaşayır. Yaşamağın mənasını əməllərində görənlər xeyirxahlığa can atır, elinin, obasının işinə yarayır, vaxtını faydalı əməyə, inkişafa, tərəqqiyə, təlimə, tərbiyəyə həsr edir. İnsan yaşa dolduqca arxada qalan illərini göz önünə gətirir, içində qurduğu mizan-tərəzidə əməllərinin ağır-yüngüllüyünü çəkməli olur. Söz yox ki, ömrünü xeyirxahlıqla kamilləşdirənlər hələ az iş gördüklərini düşünəndə, bəd niyyətlilər hələ də bir çox könülləri qıra bilmədiklərinə təəssüf edirlər.
İsmayıllının yaşıdı
Yaxşılar həmişə sevilmiş, nümunə olmuşlar. Belələrini görəndə, onların varlığı barədə eşidəndə qürur hissi keçirir, sabaha daha ümidlə baxırsan. Belələri ilə üzləşəndə dərdini, kədərini unudub durulur, saflaşırsan. Belələrinə ağsaqqal, müəllim, usta sözləri həqiqi mənada yaraşır.
Haqqında söz açacağım insan çoxlarının sevimlisi, müəllim, usta və ağsaqqaldır. Bilirəm, şəklini görənlər deyəcəklər: – Bu ki bizim Əsman müəllimdir!
1931-ci ildən ömür qatarına minən, hazırda bu qatarın 85-ci vaqonunun sərnişini olan Əliyev Əsman Yusif oğlu İsmayıllı rayonunun ən bacarıqlı xarratlarından biri kimi tanınır. O, 1967-1987-ci illərdə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində əmək təlimi müəllimi kimi çalışıb. Onun məktəblə əlaqəsi şagirdləri peşə seçiminə istiqamətləndirdiyi halda, gənc müəllimləri, kamilliyə, ədəb-ərkana, işgüzarlığa, halallığa yönəldib. Axı insanlar eşitdiklərindən daha tez gördüklərini qəbul edir, ondan nümunə kimi yararlanırlar.
Əsman müəllim ömrünün hərəkətdə olan 85-ci vaqonda heç də tək deyil. Ömür-gün yoldaşı, rəhmətlik Göyçək xanım haqq dünyasındadır. Amma onun ruhu ilə bərabər ailənin üzvləri –“ övladları Səxavət, Sevda, Rahim, Pərviz, nəvələri –“ Elvin, Leyla, Ayşən, Gülşən, Xəqani, Təbriz, Tərlan, Rəşad, Bəhruz, Kənan, nəticələri –“ Asiman, Ləyaqət, Hüseyn, Məhəmməd, Səbinə və bir də hamısının birlikdə xoş əməlləri, xoş niyyətləri bu vaqondadır. Qatar isə hərəkətdədir bu ailəni istək və arzuları, örnək əməlləri ilə bərabər ancaq irəli aparır.
Dövlətə, xalqa və doğma yurda olan sevgisi ilə fərqlənən bu sadə insan zəhmətə bağlılığı, səmimiliyi ilə də seçilir. Bir ağsaqqal kimi o yalnız ailəsində tərbiyə alanları deyil, səsi çatan, sözü keçən hər yerdə hamını halallığa, əməksevərliyə, haqqa, ədalətə səsləyir. Xüsusilə gəncləri Vətənə sədaqətli olmağa, layiqli vətəndaş kimi formalaşmağa istiqamətləndirir. İstəyir ki, yetişən nəslin nümayəndələri valideynlərini uca tutsunlar, onların çəkdiyi zəhmətə dəyər versinlər. Sözlərində, əməllərində düz olsunlar. Öhdələrinə düşən vəzifələri şərəflə, vicdanla yerinə yetirsinlər. Ə.Əliyev olduğu yerdə həmişə söhbət bu keyfiyyətlərə, bu vacib həyat məsələlərinə yönəldilir. Onun söhbətlərindən, nəsihətlərindən doymaq, yorulmaq olmur. Sanki o hamının dilini bilir. Ən maraqlı cəhət odur ki, onun söhbətlərini hamı maraqla dinləyir.
Г‡oxlarının adi əmək təlimi müəllimi kimi tanıdığı Əsman Əliyevin onlarla tikinti ustası yetişdirməsi onun səbrinin böyüklüyündən, qəlbinin genişliyindən xəbər verir. Yeri düşəndə özü də bildirir ki, mən uşaqlara düzlüyü, halallığı, zəhmətsevərliyi, qurub-yaratmağı, tikməyi, inkişafa doğru addımlamağı öyrətmişəm. Rasim Fətəliyev, Yusif Maxsudov, Xamid Qəniyev, Etibar İsgəndərov, Şahmərdan Musayev mənim sevimli şagirdlərim olublar. Bəs həyatda rastımıza çıxan naxələflərin müəllimi görəsən kim olub?
Əsman müəllim yeri gəldikdə iməciliklərdə, elin xeyrinə olan işlərin reallaşdırılmasında da həvəslə, çalışqanlıqla iştirak edib. İsmayıllı şəhər məscidinin təmirində, şəhərin Aşağıbaş məhəlləsində bir sıra xeyriyyə işlərinin yerinə yetirilməsində fəallıq nümayiş etdirib.
Bu gün ötən illərin arxasından boylanıb öz ömür yoluna nəzər salan Əsman kişi çox fərəhlidir. O, fərəhlənir ki, Tanrının qismət etdiyi bir insan ömrünü hədər yaşamayıb, yaşadığı ömür, tərbiyə etdiyi övladlar, təlim keçdiyi şagirdlər hər yerdə yaxşılığa nümunə göstərilir. Bəlkə də onu halallıq və zəhmətdən sonra onu gümrah saxlayan bu hisslərdir.
Əsman baba haqqında yazı yazacağımı duyanda bəzi fikirlərini də açıqladı:
– İsmayıllı ilə yaşıdam. Ömrümün bütünlüklə burada keçirmişəm. İsmayıllı böyüdükcə, onunla bağlı arzularım da artıb, böyüyüb. Amma bir fərq var ki, mən qocaldıqca, İsmayıllı gəncləşib və gözəlləşib. Son illərin inkişafı isə xüsusilə tərifə və təqdirə layiqdir. Asfaltlanmış, işıqlandırılan küçələr, parklar, meydanlar, müasir üslubda tikilən inzibati binalar, xüsusi evlər şəhərin gözəlliyinə hər gün bir yenilik gətirir.
85 yaşlı İsmayıllı ilə eyni yaşda olmağım mənim üçün qürurverici bir haldır. İsmayıllının tərəqqi etməsini görmək mənim üçün sözlə təsvir edə bilmədiyim bir xoş məqamdır. Arzum odur ki, doğma rayonumun inkişafı davamlı olsun. Bundan aldığım ruhla, fərəhlə onun şəninə keçiriləcək 100 illik yubiley tədbirini görmək mənə də qismət olsun.
Hacıməmməd Məmmədov

Şərh Yaz