III Beynəlxalq Multikulturalizm Yay məktəbinin nümayəndələri İsmayıllıda

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III beynəlxalq multikulturalizm məktəbi iyulun 21-də öz işini İsmayıllıda davam etdirib.
III Beynəlxalq Multikulturalizm Yay məktəbinin nümayəndələri İsmayıllıda
İvanovkada
Tələbələr İsmayıllıda molokanların kompakt yaşadığı İvanovka kəndinə səfər edərək yerli əhali ilə görüşüblər. Beynəlxalq multikulturalizm məktəbinin iştirakçılarına kəndin tarixi və molokanların həyat tərzi, məişəti haqqında məlumat verilib: “İvanovka kəndinin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Son statistikaya əsasən, kənddə üç min nəfərdən artıq əhali yaşayır. Deyilənlərə görə, kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə adlandırılıb.
İvanovka Azərbaycanda yeganə kolxoz olan kənddir. Əsası 1930-cu ildə qoyulan kolxozda 1000-ə yaxın təsərrüfat qeydə alınıb. Təbii qida məhsulları və içkiləri ilə məşhur İvanovkada istehsal olunan bir çox məhsullar satış üçün respublikanın bir çox ərazisinə göndərilir. Gigiyenik şəraitdə ağartı və qida məhsulları eləcə də yağ, İvanovka çörəyi və içki olmaqla istehsal edilən bütün məhsullar təkcə kənd ərazisində deyil, respublikanın dörd bir yanında tələb olunan məhsullar sırasındadır. Kənddə istirahət günləri fəaliyyət göstərən diskoməkan yerli sakinlərlə yanaşı rayonumuza gələn turistlərin və qonaqların istifadəsinə verilir. İvanovka sakinləri tamamilə ruslar olsa da, adət-ənənələrində qədim rus ənənələri ilə yanaşı Azərbaycanın adətlərini də görmək mümkündür”.
“İvanovka folklor qrupu”nun ifaları III beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tələbələr İvanovkada molokan gəncləri ilə çay süfrəsi arxasında səmimi söhbət aparıblar.
III Beynəlxalq Multikulturalizm Yay məktəbinin nümayəndələri İsmayıllıda
Günün ikinci yarısında tələbələrin və yerli gənclərin iştirakı ilə İsmayıllıdakı Heydər Əliyev Mərkəzində “Dünya ölkələrində multikulturalizm modelləri” mövzusunda dəyirmi masa keçirilib. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova qonaqları rayonda salamlamaqdan məmnun olduğunu bildirib və yay məktəbinin işinə uğurlar arzulayıb.
Dəyirmi masanı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov açaraq yay məktəbinin iştirakçılarını salamlayıb.
2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan O.Səmədov Azərbaycanın multikultural dəyərləri, tolerantlıq ənənələrinin təbliği və təşviqi ilə bağlı Bilik Fondunun həyata keçirdiyi layihələr haqqında məlumat verib: “Bilik Fondu “Multikulturalizm ili”ndə multikultural dəyərlərə, tolerantlığa aid 50 mühazirə, 9 beynəlxalq və regional konfrans, 16 rayonda kitab təqdimatları keçirib”.
İcraçı direktor Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bilik Fondunun indiyə qədər birgə təşkil etdikləri beynəlxalq multikulturalizm məktəblərinin Azərbaycan multikulturalizminin beynəlxalq ictimaiyyətə çatdırılması işinə böyük töhfələr verdiyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov və ABŞ-dan gəlmiş araşdırmaçı-jurnalist Dr. Peter Teysin moderatorluğu ilə keçirilən dəyirmi masada fərqli multikulturalizm modelləri haqqında tələbələrə məlumat verilib. Dəyirmi masada ABŞ və Azərbaycan multikulturalizminin müqayisəli təhlili, multikulturalizmin Kanada, Avstraliya modelləri, Cənubi Amerikada multikultural durum haqda verdiyi məlumatlar tələbələrin böyük marağına səbəb olub. Qarşılıqlı fikir mübadiləsi aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonra professor Etibar Nəcəfovun təqdimatında “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir” (Azərbaycan multikulturalizmi beynəlxalq multikulturalizm qış məktəbi iştirakçılarının -əcnəbi və yerli tələbələrin gözü ilə)- V Virtual Dəyirmi Masa materialları təqdim edilib.
Dəyirmi masadan sonra beynəlxalq multikulturalizm məktəbinin bir qrup iştirakçısı Bilik Fondunun ilk regional layihəsi olan İsmayıllı Bilik Evində olub.
Günün sonunda Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon şöbəsinin təqdimatında “Milli mahnılar axşamı” tələbələrin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Lahıcda
Yay məktəbinin iştirakçıları Lahıca səfər edərək öz işlərini davam etdirmiş, yerli əhali ilə görüşmüşlər. Beynalxalq multikulturalizm məktəbinin iştirakçılarına kəndin tarixi, yerli əhalinin həyat və məişət tərzi, Lahıcdakı sənət növləri və sənəti yaşadan ustalar haqqında geniş məlumat verilmişdir. Emalatxanalarda gedən iş prosesi xarici qonaqları daha çox maraqlandırmış, “Lahıc misgərlik sənəti” nin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onlara çatdırılmışdır.
III Beynəlxalq Multikulturalizm Yay məktəbinin nümayəndələri İsmayıllıda
Tarix-diyarşünaslıq muzeyindəki eksponatlarla tanış olan Yay məktəbinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır. Qəsəbənin tarixi-memarlıq abidələri, Lahıcın zəngin təbiəti, qədim Lahıc mədəniyyətinin dünəni və bu günü, Lahıcın elm, sənət yurdu olduğu qonaqlara izah olunmuşdur. Onlara bildirilmişdir ki, lahıclar və ətraf tatdilli əhali burada öz adət-ənənəsini, milli mədəniyyətini, özlərinə məxsus həyat tərzini qoruyub saxlamış, inkişaf etdirmiş, gələcək nəslə ötürmüş, müstəqil Azərbaycanın inkişafına öz töhfələrini vermişlər. Yay məktəbinin nümayəndələri böyük heyrətlə Lahıca daxil olmuş, zəngin təəssüratla buranı tərk etmişlər.
Murad Məhərrəmov

Şərh Yaz