Onunla fəxr edirik

Redaksiyadan: – “İsmayıllı xəbərləri” qəzeti olaraq rayonumuzun təhsil uğurlarını vaxtaşırı işıqlandırır, ən yüksək bal toplayan və xaricdə təhsil alan gənclərimiz haqqında isə xüsusi yazılar dərc edirik. Belə gənclərimizdən biri Günel İspərzadədir. Xaricdetehsil.news portalıbu günlərdə G.İspərzadə ilə müsahibəsini təqdim etmişdi.
Onunla  fəxr  edirik
Onunla  fəxr  edirik
Onunla  fəxr  edirik
Onunla  fəxr  edirik
Onunla  fəxr  edirik
O, xaricdə təhsil almaq arzusunda olan gənclərimizə fərqli ölkədə təhsil həyatı, yaşam tərzi haqqında təcrübələrini çatdırır. Əgər siz də uzaq bir ölkədə müxtəlif mədəniyyətlərin birləşdiyi eyni universitetdə tələbə olmaq istəyirsinizsə, o zaman Günelin həyat hekayəsi
ilə qəzetimiz vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.
İlk sualın cavabı:
– Adım İspərzadə Güneldir. 23 yaşım var. 10-cu sinfə kimi İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin rus bölməsində, davamını – 10-11-ci sinifləri isə İvanovka kənd orta məktəbinin rus bölməsində oxumuşam. 2009-cu ildə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi FLEX proqramının qalibi olub, bir il ABŞ-ın Kentukki (Kentucky) Ştatında orta məktəbdə təhsil alaraq 12-ci sinfi bitirmişəm. Ordan gələndən sonra Britaniyanın Azərbaycandakı səfirliyində bir il işləmişəm. Hazırda isə Avstriyanın Salzburq şəhərində, Salzburq Tətbiqi Elmlər Universitetində “Turizmdə İnnovasiya və Menecmenlik” fakültəsində bakalavr təhsili alıram.
Xaricdə təhsil almaq həvəsiniz harada və necə yarandı?
-Altıncı sinifdə oxuyanda məktəbimizə Sülh Korpusundan (Peace Corps) bir könüllü təyin olunmuşdu. Bütün uşaqlar ingilis dilini öyrənmək həvəsinə düşmüşdülər. Sonrakı illərdə könüllülərin sayı artmağa başladı. Biz də hamımız onların təşkil etdikləri danışıq və kino klublarında iştirak etməyə başladıq. FLEX proqramı ilə ilk tanışlıq da məhz onların sayəsində oldu. Xaricdə təhsil almaq qərarıma bütün bunlar böyük təsir göstərdi. Sonradan Alman dilinə yaranan maraq, almandilli ölkədə təhsil almaq qərarına gəlməyimə səbəb oldu. Ümumiyyətlə, dillərə həvəsim çoxdu. Oxuduğum təhsil ocağında İspan dili də tədris olunur. Bu fürsəti də qaçırmadım. İndi Rus, İngilis, Alman dilindən başqa İspan dilini də bilirəm.
Oxuduğunuz ölkəni ideal təhsil ünvanı kimi dəyərləndirmək olar?
– Hmm… burada təhsil almağın üstünlükləri həddindən artıq çoxdur. Birincisi, insan özünü inkişaf etdirir, xarici dil öyrənir, müxtəlif insanlarla ünsiyyət qurmaq bacarığını ortaya çıxarır, fərqli mədəniyyətə inteqrasiya edir. Ümumiyyətlə, fikrimcə, Avropa təhsil almaq üçün ideal yerlərdəndir.
Universitet ilə gənclərimizi qiyabi də olsa tanış edə bilərsiniz?
– Əlbəttə. Universitetim şəhərdən kənarda yerləşir (Puch bei Hallein). Digər korpusu isə başqa şəhərcikdədir (Kuchl). 1995-ci ildən fəaliyyət göstərir. Burada təhsil alman və ingilis dillərində tədris olunur. Universitet tələbələrə 17 Bakalavr və 10 Magistr ixtisasları üzrə təhsil almağı təklif edir. Tələbələrin sayı təxminən 2600-dır.
Dərsləriniz hansı şəkildə tədris olunur?
– Burada texnologiyadan istifadə yüksək səviyyədədir. Dərsə aid bütün materiallar və ev tapşırıqları universitetin xüsusi platformasına (e-learninq platform) yerləşdirilir. Dərs zamanı professorlar Rower Point prezentasiyalarından istifadə edirlər. Dərsə aid bütün ləvazimatları (kağız və digər dəftərxana ləvazimatları) kitabxanadan və ofisdən əldə etmək mümkündür. Kompüter laboratoriyaları hər zaman tələbələrin üzünə açıqdır və istifadəyə heç bir məhdudiyyət qoyulmur. Universitet Salzburq şəhərində yerləşən digər universitetlərlə əməkdaşlıq edir və tələbələrə həmin universitetlərin kitabxanalarından istifadə etmək üçün xüsusi icazə verir.
Bəs fərqli ölkələrin tələbələri bir arada olarsa?..
– Qrupumuzda bütün kontinentlərdən tələbələr var. Avropalılar üstünlük təşkil edir. Daha sonra Asiya, Afrika, Amerika (Cənubi) və Avstraliya yer alır. Mədəniyyətlər fərqli olsa da, ümumi dil tapmaq çox asandır. Yadda qalan mənfi cəhətlərə hələ rast gəlməmişəm. Müsbət cəhətlər isə həddən artıq çoxdur. Uşaqlar ölkələri haqqında maraqlı faktları çatdırır, tarixi hadisələr və ölkələrinin coğrafiyası, mədəniyyəti və mətbəxi barədə məlumat verirlər. Bir dəfə ingilis dili dərsində “İnternational Breakfast” adlı dərs təşkil etmişdik. Hərə öz ölkəsinə aid tipik bir yemək gətirib digərləri ilə paylaşmışdı…
Bir tələbə kimi nələrin bizdə də olmasını arzu edərdin?
– Ölkəmizdə “Azərbaycan Texnologiya Universiteti”nə qəbul olunmuşdum. FLEX proqramını da eyni ildə qazandığım üçün ABŞ-a getdim və Azərbaycanda oxumadım. Ümumi vəziyyətlə ancaq qiyabi tanışam. Ona görə də ali məktəblərin orta məktəbdən nə dərəcədə fərqləndiyini deyə bilməyəcəm. Orta məktəbdə, məsələn, şagirdlərin kompüterlərdən istifadəsinə böyük məhdudiyyətlər qoyulurdu və kompüter otağı günün əksər vaxtı müəllimlər tərəfindən zəbt olunurdu. Kimya, fizika dərslərində isə demək olar ki, laboratoriyadan istifadə etməmişik. İdman dərslərindən həmişə evə buraxılardıq. İqtisadiyyat müəllimi isə şagirdləri başqa fənlərdən aldıqları qiymətlərə əsaslanıb qiymətləndirirdi. Arzu edərdim ki, məktəblərdə bu kimi hallar olmasın. Gələcək uğurların təməli orta məktəbdə qoyulur. Bütün dərslər lazımi qaydada tədris olunmalıdır. Şagirdlərin, tələbələrin maraq dünyası müxtəlif və geniş olur. Keçilməyən hər hansı bir dərs kiminsə arzusunun ürəyində qalmasına səbəb olur. İqtisadiyyat da, idman da, lap elə rəsm və nəğmə də vacibdir. Orta məktəbdə keçilməyən idman dərslərini mən burda – Salzburqda hər il keçirilən marafona qatılmaqla əvəz edirəm. Velosipedlə yürüşlərə çıxıram. Kaş ki, bizim ölkədə də belə imkanlar olaydı…
Xarici və azərbaycanlı tələbələrin həyat tərzində hansı fərqliklər var? Bəlkə müqayisə edək!?
– Dediyim kimi, azərbaycanlı tələbələrin əksəriyyətinin əlavə məşğuliyyətləri yoxdu. Maraq dairələri geniş deyil. Bu da ki, cəmiyyətin ümumilikdə passiv olmasından irəli gəlir. Yəni ki, tələbə olmaqla birbaşa əlaqəsi yoxdu. Maddi durum da əsas götürülməlidir. Avropalı tələbələr tətillərdə və həftə sonlarında mütləq harasa səyahət edir, xaricdəki (Qvatemala və Tailand kimi ölkələrə də) müxtəlif praktika (internship) imkanlarından geniş istifadə edir, boş vaxtlarında idmanla məşğul olurlar. Azərbaycanda isə…
Fərqli bir ölkədə üzləşdiyin maraqlı anlar nə olub?
– Maraqlı məqamlar daha çox ünsiyyət zamanı üzə çıxır. Belə ki, Qərbi və Mərkəzi Avropalılar daha təmkinli və neytral olurlar. Asiyalılar (xüsusilə də cənub-şərqi Asiyadan olanlar) isə daha utancaq və qapalı olurlar. Maraqlı məqamlara isə gün ərzində universitetdə də rast gəlmək mümkündür. Məsələn, yeməkxanada nahar seçimi edərkən, professorlarla ünsiyyət zamanı, punktuallıq problemləri və s. ən çox rast gəlinən məqamlardandır.
Orada təhsil almağa və yaşamağa şərait var?
– Düşünürəm ki, inkişaf etmiş ölkədə yaşamağın üstünlüyü ondadır ki, ictimaiyyət üçün bütün xidmət və digər sahələrdə yüksək şərait yaradılıb. Yaşadığım ölkədə tələbələrin keyfiyyətli təhsil almaları üçün hər cür şərait mövcuddur. Universitetlərdə bütün texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalardan tutmuş, yüksək səviyyədə xidmət göstərən kitabxanalara, universitet administrasiyasına qədər, dərslərin keyfiyyətinə, xarici dil öyrənmək imkanlarına, iş və praktika təkliflərinə, idman infrastrukturlarına, biletlərə və müxtəlif yerlərə – muzeyə və s. güzəştlərə, bankda pulsuz hesab açmaq imkanına qədər. Peşəkarlığa gedən yolda oxuduğum universitetdən və fakültədən çox əminəm. Г‡ünki universitet keyfiyyətli təhsil verməklə yanaşı, müxtəlif şəxsi və professional bacarıqların inkişaf olunmasına da böyük səy göstərir (kritik düşünmək qabiliyyəti və s.).
Ölkəmizi necə tanıyırlar?
– Onların Azərbaycan haqqında məlumatları çox azdı. Daha çox keçmiş Sovet ölkəsi olduğu haqqında bilirlər. Ancaq mən onları yeri düşdükcə məlumatlandırıram. Ölkəmizin coğrafi mövqeyi, təbiəti, landşaftı, dili, mədəniyyəti, etnik azlıqları, mətbəxi və s. haqqında bilgi verirəm. Bir tələbə öz ölkəsini necə təmsil edə bilərsə, onu layiqincə yerinə yetirməyə çalışıram.
Gənclərə sözünüz varmı?
– Özlərinə məhdudiyyətlər qoymasınlar (əsas da yaş məhdudiyyəti). Fikirləşməsinlər ki, planlarını mütləq müəyyən bir yaş çərçivəsində həyata keçirməlidirlər. Fərqli mədəniyyətdə yaşamaq və xarici dil öyrənmək imkanından mütləq istifadə etsinlər. Kütlənin formalaşdırdığı standartları özlərinə aid etməsinlər və onlardan uzaq olsunlar. Nəhayət, öz təhsil və sosial hüquqlarını tələb etməkdən qətiyyən çəkinməsinlər. Uğurlar!

Şərh Yaz