Örnək olan ömür

Hər bir sahədə elə insanlar var ki, onlar yüksək səviyyəli mütəxəssislər, böyük nəticələrin müəllifləri olsalar da heç vaxt nəzərə çarpmağa çalışmırlar, təriflənmələrini ağıllarına belə gətirmirlər. Onlar yüksək adlar və vəzifələr almaq üçün də cəhdlər göstərmirlər, lakin hər cür hörmətə layiq olurlar. Bu insanlar daim çalışır, yenilikləri qəbul edir, yetişdirdikləri ilə qürur duyur, öz prinsipial mövqeləri, müsbət keyfiyyətləri ilə seçilirlər. Belələrini sözün həqiqi mənasında, fədai adlandırırlar.
Örnək olan ömür
Bu keyfiyyətləri özündə cəmləşdirən insanlardan biri də İsmayıllı rayon Təhsil şöbəsinin metodik kabinetinin direktoru Hümbət Simran oğlu Əsədovdur. Sadəlik, alicənablıq, qayğıkeşlik, təmkinlilik, təvazökarlıq, həssaslıq Hümbət müəllimin şəxsiyyətinin səciyyəvi cəhətləridir. Bütün bunlar onu başqalarından fərqləndirir və yenilməz edir. Hümbət Əsədovun həyatı ziyalılığın, müəllimliyin birgə vəhdətinin ifadəsidir. O, yaşadığı illər ərzində təkcə peşə vəzifəsini deyil, həm də ziyalı, vətəndaş vəzifəsini də məsuliyyətlə yerinə yetirir.
Hümbət Əsədov 1950-ci ildə İsmayıllı rayonunun dilbər guşəsi olan Tağlabiyan kəndində ziyalı ailəsində dünyaya göz açıb.
Hamı kimi o da yaşı çatanda birinci sinfə getmiş, 1965-ci ildə Tağlabiyan kənd səkkizillik məktəbini bitirmiş və həmin ildə böyük bacısı Əsmər xanımın oxuyub bitirdiyi M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. 1969-cu ildə texnikumu bitirib rayonun Minkə ibtidai məktəbində rus dili müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1972-74-cü illərdə hərbi xidmətini başa vurub yenidən çox sevdiyi, ürəkdən bağlandığı müəllimliyini davam etdirmişdir. Gənc müəllim yaxşı dərk edir ki, texnikumla kifayətlənmək olmaz, ali təhsil almaq vacibdir. Odur ki, 1976-cı ildə M.F.Axundov adına Azərbaycan Rus dili və ədəbiyyatı İnstitutuna sənəd verərək qəbul olunur. Təhsilini qiyabi davam etdirməklə yanaşı doğma kəndində ixtisası üzrə rus dili müəllimi işləyir. 1987-ci ildə işgüzarlığını, bacarığını görüb onu Tağlabiyan əsas məktəbinə direktor təyin etdilər. 1991-ci ilədək həmin vəzifədə çalışdı. Bu vəzifədə olarkən o, tədris işlərində əsaslı dönüş yaratdı. Məktəb rayon təhsil ocaqları arasında fərqləndi. Yeni sinif otaqları tikildi, fənn kabinetləri yaradıldı. Məktəbdə işgüzar şərait yaradıldı. Həmin il rayon mərkəzinə köçmüş, bir neçə ay Uşaq Yaradıcılıq Mərkəzində metodist işlədi. Burda da Hümbət müəllimin nümunəvi işini görüb onu RTŞ-nə ixtisası üzrə metodist təyin etdilər. 1993-cü ildən onu RTŞ-nin metodik kabinetinin direktoru vəzifəsinə irəli çəkdilər.
Yenilik axtarışları ilə yaşayan, bütün vaxtını, biliyini və enerjisini şagirdlərin mükəmməl bilik almasına sərf edən Hümbət müəllim daim öz üzərində işləyir, pedaqogika və psixologiyanın yeniliklərini, qabaqcıl təcrübəni ardıcıl izləyir.
Həyatda qazandığı nailiyyətlərlə bağlı təəssüratlarını bölüşən Hümbət müəllim Azərbaycan təhsilinin uğurlarında, müəllimlərin cəmiyyətdə nüfuzunun, onlara hörmət və ehtiramın qorunub saxlanılmasında, ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərinin olduğunu bildirir.
Metodik kabinetə rəhbərlik edən Hümbət müəllim öz işinə yüksək məsuliyyətlə yanaşır. Rayon təhsil şöbəsinin son illər əldə etdiyi nəticələr sübut edir ki, metodik kabinetin işi günün tələbləri səviyyəsində qurulub. Belə ki, 12 nəfər Əməkdar müəllim, 7 nəfər “Tərəqqi medalı”, 30 nəfərdən artıq “Qabaqcıl Təhsil işçisi” döş nişanı, fəxri adları, 26 nəfərin “Ən yaxşı müəllim” müsabiqəsinin, 22 məktəbin “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olması deyilənləri bir daha təsdiqləyir. Danılmaz faktdır ki, İsmayıllı təhsilinin respublika səviyyəsində qazandığı uğurlarda metod kabinetin, onun direktorunun təqdirəlayiq rolu və zəhməti vardır.
Metodik kabinet xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı istiqamətində kifayət qədər tədbirlər həyata keçirmişdir. Məktəblilər arasında keçirilmiş bilik yarışlarında, müsabiqələrdə, olimpiadalarda şagirdlər yaxşı nəticə göstərmiş, qaliblər sırasında olmuşlar. Cari dərs ilində Respublika fənn olimpiadanın rayon yarımfinal və final mərhələsi daha mütəşəkkil keçirilmişdir.
Dərs ili ərzində müxtəlif mövzularda inşa yazı müsabiqələri keçirilmişdir. Respublika müsabiqəsində N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Zeynəb Şirzad qızı İsayeva “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda yazdığı inşa birinci olmuş, (fənn müəllimi Hacıməmməd Məmmədov) Təhsil Nazirliyinin birinci dərəcəli Diplomu və qiymətli hədiyyə ilə (planşet) mükafatlandırılmışdır. Yazısı “Heydər Əliyev uşaqların gözü ilə” kitabında çap olunmuşdur.
A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Behbud Rəhim oğlu Məmmədov Ümumdünya Poçt İttifaqının xətti ilə yazdığı inşa respublikada üçüncü yeri tutmuş, (fənn müəllimi Fidan Orucova) nazirliyin diplomuna layiq görülmüşdür.
Müəllimlərin elmi-pedaqoji və metodiki hazırlığının yüksəldilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. Son illərdə ixtisasartırmaya ehtiyacı olan 350 nəfər müəllim kurslara göndərilmişdir.
Yola saldığımız tədris ili təhsilimizin yüksək nailiyyətləri ilə yadda qalıb. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Ümumilikdə rayonun 22 məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləridir. Şəhər 1 nömrəli, Lahıc qəsəbə, Talıstan və İvanovka, şəhər 5 nömrəli və Təzəkənd kənd tam orta məktəbləri isə ikinci dəfə bu yüksək adı qazanmışdır.
Metodik kabinet ən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənilib yayılmasını diqqət mərkəzində saxlamış, onların iş təcrübələri öyrənilərək yayılmışdır.
Son vaxtlar rayon təhsilində İKT vasitələrindən istifadəyə diqqət artırılmışdır. Təhsilin müasir kurikulumları, şagirdlərin hərbi vətənpərvərlik və ekoloji tərbiyəsi, texniki yaradıcılıq, idmana maraq və sair məsələlər diqqət mərkəzində olmuşdur.
“Elektron təhsil” müsabiqələrində rayonun müəllim və şagirdləri iştirak edərək uğurlu yerlər tutmuşlar.
Dayaq məntəqələrində işin təşkili, açıq dərslərin keçirilməsi müəllimlər arasında təcrübə mübadiləsinin aparılması işə müsbət təsir göstərir. Tədrisdə yeniliyin tətbiqi diqqət mərkəzindədir. Şagirdlərdə yaradıcılıq qabiliyyətini formalaşdırmaq üçün də xeyli iş görülüb. Rayonda innovativ müəllimlər qrupu yaradılıb. Onlar rayonun və respublikanın məktəblərində çalışan qabaqcıl müəllimlərlə əlaqə saxlayır, innovativ təcrübəni öyrənib tətbiq edirlər. Kürdmaşı və Topçu kənd tam orta məktəblərində “İnformatika Kommunikasiya Texnologiyalarının təbliği ilə tədris prosesinin yüksəldilməsi yolları, milli-mənəvi dəyərlərin təbliğində İTK-nin rolu mövzusunda beynəlxalq elmi-praktik konfranslar keçirilmişdir.
Metodik kabinetin texniki bazası, iş şəraiti normaldır, gələcəkdə daha yaxşı olacaqdır. Kabinet təhsildə qabaqcıl təcrübənin tətbiqi üçün çox iş görmüş və görməkdədir. Kabinetin işini hərtərəfli təhlil etmək olduqca çətindir və biz heç bu fikirdə də deyilik. Sadəcə, metodik kabinetin işindən qısaca söhbət açmaq, ona rəhbərlik edən Hümbət Əsədovun fəaliyyətinə nəzər salmaq idi. Onu da qeyd edək ki, rayonda bu il ali məktəbə qəbul imtahanlarında şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Lətifov Ağalətif İsaq oğlu maksimum nəticə göstərərək 700 bal toplamışdır.
Hümbət müəllim deyir ki, bu gün orta təhsilin hansı metodlarla aparılmasından asılı olmayaraq müəllimlərin qarşısında duran əsas vəzifələrdən biri dövlətimiz üçün layiqli vətəndaşlarının yetişdirilməsinə nail olmaqdır. Г‡ünki bu günün şagirdi sabah cəmiyyət həyatının hansısa sahəsində yer tutacaq bir vətəndaşdır.
Hümbət Əsədov həm də gözəl ailə başçısıdır. Həyat yoldaşı Lətifə xanım Bakı Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsini bitirib. Hümbət müəllimin beş övladı da ata və analarının peşəsini davam etdirirlər. Bir qızı Fəridə Tibb Universitetini bitirmiş, həmin universitetin Tədris Cərrahiyyə Klinikasında işləyir. Ona görə Hümbət müəllimin ailəsini müəllimlər ailəsi adlandırmaq olar. Bu ailədə doqquz nəvə böyüyür.
Hümbət müəllimin təhsil sahəsindəki xidmətləri dəfələrlə qiymətləndirilib. 2007-ci ildə Təhsil Nazirliyinin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, müxtəlif diplom və fəxri fərmanlarla təltif edilib. Azərbaycan Müəllimlərinin XII qurultayının nümayəndəsi seçilib.
Örnək olan ömür yolu yaşayan Hümbət müəllim bütöv şəxsiyyətdir.
İctimai-siyasi fəaliyyəti ilə çoxuna nümunədir. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan müəllimdir, bacarıqlı təhsil təşkilatçısıdır.
Yaşının belə müdriklik çağında Hümbət müəllim metodik və pedaqoji fəaliyyətini davam etdirir. Həmişə olduğu kimi, yüksək səviyyədə işini qurur, məktəblərdə müəllimlərin peşəkarlıqlarının artırılması üçün səy və bacarığını əsirgəmir.
Hümbət müəllimə can sağlığı və yeni nailiyyətlər arzulayıram.
Hacıməmməd Məmmədov

Şərh Yaz