Təhsil işçiləri Göy gölü seyr etdi

Hər il olduğu kimi bu il də ATİAHİ RK-si təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkil edilməsinə və sağlamlığının qayğısına qalmağa xüsusi diqqət ayırmışdır. İstirahət günlərində müxtəlif idman yarışları təşkil edilmiş, qaliblər mükafatlandırılmışdır. Sağlamlıqlarını bərpa etmək üçün müxtəlif xəstəliklər üzrə müraciət etmiş 32 nəfərdən çox təhsil işçisinə müxtəlif sanatoriyalara Respublika Komitəsinin köməkliyi ilə göndərişlər verilmişdir.
Təhsil işçiləri  Göy gölü seyr etdi
Yay məzuniyyəti dövründə də ATİAHİ Respublika Komitəsinin Nabranda açılmış “Təhsil” istirahət mərkəzində 20 nəfərdən çox müəllimlərin istirahəti planlaşdırılmışdır. Bundan əlavə təhsil işçilərinin Respublikanın müxtəlif tarixi yerlərinə ekskursiyaları və turist gəzintiləri təşkil olunur, yay məzuniyyətinin səmərəli keçməsi üçün müvafiq tədbirlər görülür.
Bu günlərdə bir qrup təhsil işçisinin, şəhər 1, 2, 3, 5 nömrəli, Cülyan kənd tam orta məktəbin kollektivləri ölkəmizin cənub-qərb bölgəsinə – Gəncə, Göy göl rayonlarına ekskursiyası təşkil olunmuşdur. Təhsil işçiləri Azərbaycanın incisi olan Göy gölü seyr etmiş, təbiətin bura verdiyi əsrarəngiz gözəlliyindən həzz almışlar. Sonra təxminən beş yüz metr hündürlükdə olan məşhur Maral gölə çıxıb burda olan qeyri-adi təbiəti seyr etmiş, xatirə şəkilləri çəkmişlər.”Qoşa ceyran” istirahət məkanında deyib-gülüb istirahət edən təhsil işçiləri gərgin əmək sərf etmiş təhsil ilini belə başa vurdular. Daha sonra İsmayıllı təhsil işçiləri qədim Gəncə şəhərini gəzib yenidənqurma işləri ilə tanış oldular. Ölkə rəhbərinin qayğısı sahəsində sanki yeni, gözəl, əzəmətli bir şəhərin tikildiyinin şahidi oldular. Məşhur “Xan bağı” isə insanların ən gözəl istirahət məkanıdır. Təhsil işçiləri sonda dahi şairimiz Nizaminin məqbərəsini ziyarət etdilər. Son illər burda yaradılmış gözəlliklər, yeni salınmış park, dahi şairin yaradıcılığının əsası olan “Xəmsə”nin əyani heykəllər əsasında təsviri hamını valeh etdi.
Yol boyunca səliqəli, bol məhsulu olan meyvə bağlarını, yaşıllıqları seyr etdikcə vətənimizin hər bir bölgəsinin necə gözəl olduğunu, sürətlə inkişaf etdiyini görüb duyduqca insan daxilən rahatlıq və fəxarət duyur.
Təhsil işçilərinin yay məzuniyyəti dövründə səmərəli istirahət etmələri üçün müvafiq tədbirlər davam edir.
Hafiz Kərimov,
ATİAHİ İsmayıllı RK- nin sədri

Şərh Yaz