Beynəlxalq dəyirmi masa keçirilib

“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I Beynəlxalq dəyirmi masa keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I Beynəlxalq dəyirmi masa keçirilib.
Beynəlxalq dəyirmi masa keçirilib
Beynəlxalq dəyirmi masa keçirilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan xalqının, eləcə də bir çox xalqların məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq və beynəlxalq səviyyədə terrora qarşı mübarizənin vacibliyini önə çəkmək məqsədilə müxtəlif ölkələrdə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində silsilə konfranslar və dəyirmi masalar keçirmək təşəbbüsü ilə çıxış edir. “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I Beynəlxalq dəyirmi masa adıçəkilən geniş layihə çərçivəsində baş tutan ilk tədbirdir.
“Erməni terroru: mahiyyəti və tarixi”, “Erməni terroru Azərbaycan multikulturalizminə qarşı ”, “Erməni terroru və Azərbaycan kürdləri”, “Erməni terrorunun hüquqi və mənəvi ölçüləri”, “Erməni terroru yeni nəşrlərdə (Kitabların təqdimatı)” mövzusunda panellərdə öz işini davam etdirən I Beynəlxalq dəyirmi masada yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları – ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin Sosialogiya və Siyasi Elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, Fransalı mütəxəssis Cefri Jan Yves Ernest (Yves Benard), Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev iştirak edib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik və Məşvərət şuralarının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirməyə başladığı növbəti möhtəşəm “Terror multikulturalizmə qarşı” layihəsinin bir çox şaxələri və mərhələləri özündə ehtiva etdiyini bildirib: “Terror multikulturalizmə qarşı” bir qədər geniş və ümumi bir addır, mənzərənin ümumi görünüşünü əks etdirir. Bugünkü dəyirmi masa təbii olaraq “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində erməni terroru və Azərbaycan multikulturalizmi anlayışlarının qarşılaşdırılmasına gətirib çıxarır. Azərbaycan ərazisində zaman-zaman terrorun baş qaldırmasının, erməni terrorçu, separatçı, qisasçı qüvvələrinin bu torpaqları ələ keçirmək üçün çoxşaxəli, mürəkkəb bir doktrina ortaya qoyduqlarının nəticəsində təbii ki, “erməni terrorizmi” adlı, bizim bu gün tanıdığımız, dünyanın da tanıdığı, amma çox zaman susduğu sistemli fəaliyyət ortaya çıxır. Erməni terrorizmi münbit zəmində- multikulturalizm mühitinin, etnik və dini müxtəlifliyin olmadığı yerdə işləməyə başlayır. Zaman-zaman erməni terrorizminə Azərbaycan ərazisində yaşayan ən müxtəlif xalqların nümayəndələri məruz qalıb. “Böyük Ermənistan” və “erməni genosidi” əfsanələrini uyduran erməni millətçiləri XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırım siyasəti aparmış, milyonlarla insan – Anadolu türkləri, özbəklər, türkmənlər, farslarla bərabər, Azərbaycanda yaşayan xalqlar –“ azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər özləri belə bu erməni terrorunun qurbanı olmuşlar. Bu faktla tanış olanda mən özüm də son dərəcə təəccübləndim, amma fakt faktlığında qalır. Bu faktdan çıxış edərək deyə bilərik ki, erməni terroru ümumiyyətlə, bəşəriyyətə qarşı yönələn sistemli bir fəaliyyətdir. Biz dünyanı buna inandırmağa çalışırıq və inandırırıq. Güman edirəm ki, bu dəyirmi masa erməni terrorizminin daha hansı istiqamətlərə yayıldığının təhlilini aparmaq nöqteyi-nəzərdən başqa istiqamətlərdə də bizə işləməyə əsas verəcək. Bu, ciddi, ideoloji, insani vətəndaşlıq işidir. Burda iştirak edən xarici mütəxəssislər və qonaqlar həqiqətin yanında olmaqla çox böyük insani borclarını yerinə yetirirlər. Bu gün biz hamımız Azərbaycan həqiqətini dünyaya çatdırmaq istiqamətində daha böyük bir yola qədəm qoyuruq. Burada dünyanın müxtəlif ölkələrindən iştirak edən alimlər azərbaycanlı həmkarları ilə əl-ələ verərək dünyanın bilmədiyi, yaxud az bildiyi, bəlkə də bilib qəbul etmək istəmədiyi həqiqətləri bir daha dünyaya təqdim edəcəklər. Bu təqdimat elə olacaq ki, həqiqətlərdən qaçmaq mümkün olmasın. Ümid edirəm ki, bu layihə, bizim gördüyümüz bu iş- Ulu Öndərin Azərbaycanın inkişafı, tərəqqisi üçün etdiklərinin, Azərbaycanda gedən demokratikləşmə prosesinin dərinləşməsi, cənab Prezidentin səyi və fədakar əzmi nəticəsində Azərbaycan ideallarının ciddi şəkildə həyata keçirilməsi istiqamətində gedən bütün bu ümumi fəaliyyətə kiçik bir əlavə, qatqı, töhfə kimi olacaq. ”.
İyunun 29-da I Beynəlxalq dəyirmi masanın iştirakçıları və qonaqlar Solmaz Rüstəmova-Tohidnin bələdçiliyi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Yadigar Məmmədli,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Şərh Yaz