Respublikada üçüncü oldu

2 iyul 2016-cı il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş “Gənc xilasedici” IV Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinə yekun vurulmuşdur.
Respublikada üçüncü oldu
Yekun tədbirlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər. Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilmişdir. Sonra nazir Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Mədəniyyət Mərkəzində “dəyirmi masa” keçirilmişdir. Keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıran nazir belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.
Fövqəladə hallar naziri “dəyirmi masa” iştirakçılarının suallarını da cabablandırmışdır. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlarda iştirakdan məmnunluq ifadə etmiş, tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” sərgisinə də tamaşa etmişlər.
Tədbirdə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilmiş, bədii hissə təqdim olunmuşdur. Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınamışlar.
Respublikada üçüncü oldu
Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri, Nizami rayonunun 220 nömrəli tam orta məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülmüşlər. Tədbirin sonunda qalib komandalara mükafatlar təqdim edilmişdir. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Taleh Məhərrəmov

Şərh Yaz