O dəhşətli günlər unudulmur

Hitler faşizminin SSRİ-üzərinə hucumundan 75 il ötür.
Müharibə fəlakət olmaqla həm də tarixi hadisədir. Müharibədə udanlar az, uduzanlar isə çox olur. Müharibə xalq, millət və dövlətlər üçün süqut nöqtəsi, eyni zamanda, ailələri bədbəxtliyə, şəhər və kəndləri xarabalığa aparan yoldur.
Sözüm 1941-1945-ci illərin müharibəsindəndir. Bu müharibə böyük dağıntılara səbəb olmaqla yanaşı, millətlərin qüdrətli oğullarını əlindən almış, ailələr dağılmış, insanlar itkin düşmüş, uşaqlar yetim qalmış, kimsəsiz böyümüşdür. Xülasə, o günlərin ağrı və acılarını sözlə ifadə etmək çətindir.
O dəhşətli günlər unudulmur
Müharibə sovetlər birliyini, o cümlədən Azərbaycan xalqını da şoka salmışdı. Müharibənin başladığı tarixdən ölkə faşizmlə mübarizəyə, ”Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında ayağa qalxmışdı. Xalq iki cəbhəyə: ön və arxa cəbhəyə ayrılmışdı. Ön cəbhədə ərlər, igidlər vuruşduğu halda, arxa cəbhədə yaşlılar, qadınlar, uşaqlar və əlillər gecə-gündüz işləyir, ölkəni, ordunu ərzaq və sənaye malları ilə təmin edirdilər.
O dəhşətli illərdə Azərbaycandan 670 mindən çox yurddaşımız ön cəbhəyə göndərilmişdi. Arxa cəbhədə – tarlalarda, fabrik və zavodlarda işə ara verilmirdi. Bakı yanacaq, həm də silah istehsal edən şəhərə çevrilmişdir. Ağır yaralılar Bakının hospital və xəstəxanalarında müalicə olunur, yenidən ön cəbhəyə göndərilirdi. Belə gərgin fəaliyyətin müqabilində təəssüf ki, Bakıya “Qəhrəman şəhər” adı da verilmədi. Rus şovinizmi buna imkan vermədi.
Böyük Vətən müharibəsinə İsmayıllı rayonu da xeyli yetirməsini göndərib. Mən bu səfərbərliyin dərinliyini 1975-ci ildə Müdri kənd kitabxanasında işlədiyim zaman, müharibənin 30 illiyini qeyd etmək üçün aparılan hazırlıq işləri ərəfəsində bildim.
1975-ci ildə Qələbənin 30 illiyi ilə əlaqədar kəndimizdən müharibəyə gedənlərin siyahısını 1886-cı ildə anadan olmuş, 89 yaşlı Cavahir nənənin yaddaşı nəticəsində əldə edə bilmişdim. Bu müharibədə onun həyat yoldaşı İsmayıl Mayılov da həlak olmuşdu. Nənənin yaddaş siyahısına görə Müdridən müharibəyə 39 nəfər səfərbər edilib. 39 igid, 39 ailə başçısı və ya 39 unudulmaz insan…
Müharibə iştirakçılarından neçə nəfərin qayıtdığını da ondan öyrənə bildim . Geri qayıdanlar cəmi doqquz nəfər idi. Onların da əksəriyyəti əlil, işə qismən yararlı vəziyyətdə idi. Onlar canlarındakı ağrı-acını, yaraları ürəklərində, canlarında heç kəsə şikayət etmədən, ölənə kimi daşıdılar. Onların öyüd-nəsihətini dinləyib, müəyyən məqamlarda onlara bənzəməyə çalışmışam. Bu kiçik yazıda onların unudulmaz adlarını çəkməyi özümə borc bilirəm.
Məmmədrza Rzayev, Şahsuvar Rzayev, Əli Baxışov, Ağaşaban Baxışov, Müseyib Mikayılov, İdris Qurbanov, Babaxan Babayev, Hacımusa Əhmədov, Səfər Əsədov müharibənin od-alovundan keçib gəlmişdilər. Müharibədən çıxmış ölkənin ayağa qaldırılmasında da onlar nümunə oldular. Ehtiramla adlarını çəkdiyim həmkəndlilərimin hamısı çoxdan dünyasını dəyişib. Ruhları şad olsun.
Müdri kəndinin müharibədən qayıdan 9 iştirakçısının, eləcə də müharibədən qayıtmayan 30 nəfərin də adı olan siyahı kitabxananın sərgisində uzun müddət saxlanıldı. Kəndin müharibə iştirakçıları və şəhidlərini tanımaq istəyənlər onların adlarını oxuyub yad edir və məlumatlanırdılar. Lakin o siyahı sonralar müəyyən səbəblərdən yoxa çıxdı–¦
Siyahılar, sənədlər itər və məhv edilə bilər, amma canını Vətən, torpaq, azadlıq uğrunda qurban verənlər heç vaxt unudulmurlar, xalqın yaddaşında yaşayırlar.
Bu gün torpaqlarımız erməni işğalı altında olsa da, xalqımız səbirli və təmkinlidir. Hər bir Azərbaycan vətəndaşı inanır ki, dövlətimiz və mərd igidlərimiz doğma Qarabağ torpaqlarını erməni işğalından azad edəcək və orada da Azərbaycana məxsus olan yeni həyat quracaqdır.
Həmid Hacıyev,
əmək veteranı

Şərh Yaz