Öyrədənlər də öyrənirlər

21 iyun 2016-cı il tarixdə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Şükufə Nəcəfovanın Gəncə Şəhər Təhsil İdarəsinin (GŞTİ) rəhbərliyi ilə Gəncə şəhər ümumtəhsil məktəblərinin xarici dil müəllimləri ilə təcrübə mübadiləsinin internet vasitəsi ilə görüntülü paylaşması olub.
Tədbir skype vasitəsilə həyata keçirilib.
Öyrədənlər də öyrənirlər
Açılışda GŞTİ-i metodmərkəzinin müdiri Söhrab Hacıyev faydalı əməkdaşlığa, təcrübə mübadiləsinə görə İsmayıllı Rayon Təhsil Şöbəsinə, şəhər 1 nömrəli tam orta məktəbinin xarici dil müəllimlərinə, xüsusən də Şükufə Nəcəfovaya təşəkkürünü bildirib. GŞTİ-nin xarici dillər üzrə metodisti Mehriban Hüseynovanın və Ülviyyə Abdullayevanın təqdimatları dinlənilib.
Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodmərkəzinin müdiri Hümbət Əsədov, RTŞ-nin xarici dil üzrə metodisti Sədəf Mikayılova, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Şahin Gənciyev və məktəbin xarici dil müəllimləri iştirak etməklə yanaşı çıxış edərək həmkarlarına uğurlar arzulayıb, bu sahədə onlara mümkün köməkliklərin göstərilməsinə hazır olduqlarını bildiriblər.
Öyrədənlər də öyrənirlər
Qarşı tərəfin müəllimləri Ş.Nəcəfovanın iş təcrübəsi ilə tanış olub, qarşılıqlı fikir mübadiləsi ediblər. Gəncə müəllimləri Şükufə müəllimdən beynəlxalq layihələrə qoşulmanın qayda və tələbləri barədə məlumat verməyi, sözügedən sahə ilə bağlı zəruri köməkliklərin göstərməsini xahiş ediblər.
Tədbir iştirakçıları canlı bağlantı zamanı suallarının cavablandırılmasına, müəyyən məsələlərə aydınlıq gətirdiyinə görə Şükufə müəllimə təşəkkür edib, bu sayaq mübadilə tədbirlərinin faydalı olmasından danışıblar.
Keçirilən tədbirdə yekun sözü söyləyən İsmayıllı RTŞ-nin metodkabinə direktoru H.Əsədov yüksək təhsil uğurları qazanmaq üçün öyrədənlərin öyrənən olması məsələsinə xüsusi önəm verib və bu baxımdan bağlantını müvəffəqiyyətli addım hesab edib.
Ülviyyə Mahmudova,
məktəbin müəllimi

Şərh Yaz