Velosiped idmanı üzrə ölkə çempionatı İsmayıllıda keçirildi

21-24 iyun 2016-cı il tarixində Gənclər və İdman Nazirliyinin və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllıda velosiped idman növünün fərdi və qrup ötüşmələri üzrə ölkə çempionatı keçirilib. İdmançılar İsmayıllı-Göyçay-Ağsu maşurutu üzrə yarışıblar.
Velosiped idmanı üzrə ölkə çempionatı İsmayıllıda keçirildi
İsmayıllının yarış yeri kimi seçilməsi heç də təsadüfi olmayıb. Rayonda velosiped zavodunun tikintisi, gənclərin idmanın bu növünə göstərdiyi maraq, eləcə də yarış içtirakçılarının yerləşdirilməsi, istirahətlərinin təşkili, tələb olunan digər vacib şəraitlərin yaradılması və təqdim olunması baxımından İsmayıllı Olimpiya-İdman Kompleksi daha məqsədəmüvafiqdir. Bunu yarışa qatılanlar da səmimiyyətlə etiraf ediblər.
Yarışın mükafatlandırılması İsmayıllı rayon Mərkəzi Meydanında icra olunub. RİH başçısının müavini Sevil Əhmədova idmançıları və qonaqları salamlayaraq qalibləri təbrik edib. Mükafatlandırmada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov, Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Olimpiya-İdman Kompleksinin rəisi Tofiq Hümbətov Diplom, Fəxri fərman və mükafatları qaliblərə təqdim ediblər.
Yarış iştirakçıları İsmayıllı rayonunda onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əli İmamverdiyev

Şərh Yaz