Müqəddəs Ramazan ayının, orucluğun başlaması ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun təbriki

Hörmətli ismayıllılar!
Hörmətli din xadimləri!
Əziz bacı və qardaşlarımız!
Sizi dünya müsəlmanlarının müqəddəs Ramazan ayı – orucluğun başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, ailə xoşbəxtliyi, səadət və uğur arzulayıram!
İlahi hikmətlər xəzinəsi olan Qurani-Şərifin insanlara nazil olduğu müqəddəs Ramazan ayı bəşəriyyətin yaddaşında dərin iz qoyan mübarək aydır. Ramazan ayı insanları gözəl niyyətli olmağa, səbirli davranmağa, savab işlər görməyə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə səsləyir.
Müqəddəs Ramazan ayının, orucluğun başlaması ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun təbriki
İslam dünyasının ayrılmaz parçası olan Azərbaycanda da Ramazan ayı günlərində müsəlmanlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirməyə həmişə hazır olduqlarını nümayiş etdirirlər.
Mərhəmət və şərafət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, kasıblara, ahıl və kimsəsizlərə kömək etmək, israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.
Öz dini-mənəvi dəyərlərinə tarixən sadiq qalan Azərbaycan xalqı, eyni zamanda ismayıllılar həmişə olduğu kimi bu il də xeyirxah niyyətlərini, əxlaqi saflığını, tarixi zənginliyini, cismani-ruhi kamilliyini nümayiş etdirəcək, Allahın buyurduqlarını yüksək səviyyədə icra edəcək, Ramazan ayının sınaqlarından alnıaçıq çıxacaqdır. Rayonda müqəddəs Ramazan günləri həmrəylik və qardaşlığın təntənəsinə çevriləcək, vətəndaşlarımızın qəlbində inam və iman gücünü artıracaqdır.
Duaların qəbul olunduğu mübarək Ramazan ayında müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyevə Allahdan rəhmət, xalqımızın rifahı, dövlətçiliyimizin möhkəmlənməsi naminə böyük işlər görən Prezidentimiz cənab İlham Əliyevə xeyir-dualar diləyirik.
Əziz dindarlar! Şəhidlik uca məqamdır. Öz canlarını Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban vermiş xalqımızın qəhrəman övladlarının əziz xatirəsini bu mübarək Ramazan günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm!
İnanıram ki, mübarək Ramazan günlərini böyük məmnunluq, fərəh, inam və dözüm hissləri ilə başa vuracaq, kamil əməllərin fövqündə duracaqsınız.
Nəcib əməlləriniz, Azərbaycanımız, onun bir parçası olan İsmayıllının tərəqqisi və inkişafı naminə etdiyiniz dualar sayəsində ulu Tanrı öz mərhəmət və şərafətini bizdən əsirgəməycəkdir.
Hər birimizə firəvanlıq, ailənizə xoşbəxtlik, süfrənizə xeyir-bərəkət arzulayıram!
Etdiyiniz dualar, oruc və namazınız qəbul olsun!
Mirdaməd Sadıqov,
İsmayıllı RİH-nin başçısı
7 iyun 2016-cı il

Şərh Yaz