1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Günümüzə sevinc, saflıqları, sadəlikləri ilə gözəllik bəxş edən, həyatımıza günəş kimi doğan, ömrümüzün bəzəyi, gözlərimizin nuru olan uşaqlar bizim gələcəyimiz, sabahımızdırlar. Gülər üzləri, şirin sözləri, saf baxışları, təmiz qəlbləri ilə hər kəsin ürəyinə yol tapan balalarımızın hər zaman qayğıya, diqqətə ehtiyacları vardır. Kiçik yaşlarından gördükləri sevgi, məhəbbət onların gələcək həyatlarında, bir şəxsiyyət kimi formalaşmalarına təsir edir. Bu qayğıdan Azərbaycan uşaqları da məhrum deyildir. Ölkəmizdə cəmiyyətin gələcəyi olan uşaqların sağlam və təhlükəsiz həyat şəraitinin təmin edilməsi üçün bir çox işlər həyata keçirilir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü
“Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının borcudur” – deyirdi Ulu öndər. Uşaqların yaxın dostu Heydər Əliyev həmişə onlara xüsusi diqqət və qayğı ilə yanaşmış, uşaqların təhsili, sağlamlığı, istirahəti naminə çox mühüm qərar və sərəncamlar imzalamışdır. Ulu öndərin tövsiyələrini şərəflə yerinə yetirən ölkə prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Azərbaycan Respublikasının birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostudur. Mehriban Əliyeva “uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini əsas tutaraq çox sadə bir mərama söykənib. “Azərbaycan uşaqlarını bəxtəvər görək!”
İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 1 iyun tarixində Uşaq Yaradıcılıq Mərkəzində “Uşaqlara açıq səma“ adlı tədbir təşkil olunmuşdur. Məktəbəqədər təhsil müəssisələrinin uşaqları, ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdlərinin iştirak etdikləri bu tədbir bir-birindən maraqlı çıxışları ilə izləyənləri valeh etdi.
Bədii hissəyə keçid almazdan əvvəl uşaqların əl işlərindən ibarət sərgiyə baxış oldu. Daha sonra uşaqların ifasında təqdim olunan şeirlər, mahnılar, səhnəciklər, rəqslər alqışlarla qarşılandı. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, metodik kabinetin direktoru Hümbət Əsədov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, rayon Gənclər və İdman İdarəsinin müdiri Taleh Salehov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və mətbuat nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək uşaqları təbrik etdi. RİH-nin başçısı Mirdaməd Sadıqovun təbrikini uşaqlara çatdırdı. Tədbirin sonuna doğru məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan bir qrup uşağa Rayon Təhsil Şöbəsi tərəfindən məktəbəhazırlıq dövrünü müvəffəqiyyətlə başa vurduqlarına görə Tərifnamə və hədiyyələr təqdim olundu. Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında musiqi sədaları altında iştirakçılar üçün təşkil olunmuş çay süfrəsi arxasında uşaqlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü üçün hazırlanmış tortu kəsdilər. Bayram çay süfrəsi arxasında davam etdi .
Güllübəyim Lətifova,
Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz