Yaddas kitabcasi

Ekran qarşısındakı uşaqlar: baxdılar və müzakirə etdilər

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi yarandığı gündən rayon təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləyir. Belə təşkilatlardan biri də bu günlərdə daha bir tədbirə birgə imza atdığımız “Gəncə” Uşaq kitabxanasıdır.
Əsaslı təmirdən sonra təkcə uşaqların deyil, böyüklərin də sevimli istirahət yerinə çevrilən uşaq kitabxanası o gün başqa bir qrupa –“ İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən, habelə onlarla yoldaşlıq edən balacalara ev sahibliyi edirdi. Uşaqlar əvvəlcə əsaslı təmirdən sonra daha da gözəlləşmiş kitabxana ilə tanış oldular. Sonra kitabxananın müdiri Rəna müəllimə onları mehribanlıqla burada quraşdırılmış böyük ekranın qarşısına dəvət etdi.
Ekran qarşısındakı uşaqlar: baxdılar və müzakirə etdilər
Uşaqlar 2 düşündürücü – “Balaca çoban”, “Balaca ev” cizgi filmlərinə böyük maraqla tamaşa etdilər. Kitabxananın və işçilərimizin iştirakı ilə balacalar gördüklərini müzakirə etməyə başladılar. Məqsədimiz nitq qüsurlu olduqlarına görə yaşıdlarının yanında dinməz dayanan, Mərkəzdən bəhrələnən uşaqları danışdırmaq idi. İstədiyimiz alındı. Onlar digər yaşıdlarına qoşulub balaca çobanı, onun fəxr etdiyi babasını müzakirə etdilər. Balacanın çoban babası bir gün ona çoban paltarı geyindirib özü ilə kəndə aparır. Şəhərdən kənara çıxmayan balaca babası ilə dağlara çıxır, gül-çiçəklərə tamaşa edir, çəkinmədən soyuq bulağın suyundan içir, anasının xəbərdarlıq etdiyi allergiyadan qorxmadan bütün qəlbi ilə dağ çiçəklərinin qoxusunu çiyərlərinə çəkir. Ömründə görmədiyi dağlar, dərələr, bitkilər haqqında hey babasına sual verib cavab alır. Balaca bir gündə təbiət haqqında çoxlu bilgi əldə edir və o bu bilgiləri ona verən çoban babası ilə fəxr edir.
Ekran qarşısında oturan balacalar da balaca çobanla birlikdə babadan çox şey öyrəndilər. Bunu onların şirin uşaq ləhcəsi ilə bir-birlərinin sözünü kəsmədən dedikləri, özlərinə məxsus fikirlərində aydın görmək olurdu.
Ekran qarşısındakı uşaqlar: baxdılar və müzakirə etdilər
Göydələnlər arasında unudulmuş, uçulub-tökülməkdə olan köhnə kitabxana binasının nəhayət ki, bəxtinə Günəş doğduğunu – təmir olunub ətrafdakı binalarla bəhsə girdiyindən söz açan “Balaca ev” cizgi filminə baxanda isə uşaqlar oturduqları kitabxanaya bir daha fəxrlə baxdılar.
Bu düşündürücü cizgi filmlərinə baxandan, onları öz dünyagörüşləri, öz bilgiləri səviyyəsində müzakirə edəndən sonra yenidən nəzərlər ekrana dikildi. Uşaqlar “Siçan və pişik” cizgi filminə artıq sakit baxa bilmədilər –“ siçanla pişik ekranda, balacalar isə ekran qarşısında doyunca rəqs etdilər.
İlk dəfə olsa belə, bu, adi bir tamaşa deyildi, uşaqların cəmiyyətə inteqrasiyasına hesablanmış fərqli bir qrup məşğələsi idi ki, nəticə uğurlu alındı.
P.S. Bu tədbirdə sona qədər bizimlə olan “Gəncə” Uşaq kitabxanasının qayğıkeş və mehriban kollektivinə – kitabxananın müdiri Rəna Süleymanovaya, əməkdaşlardan Ziya Əlizadəyə, Mətanət Mirzəyevaya və İnqa Namazovaya təşəkkür edirik.
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçisi

Şərh Yaz