İsmayıllıda “Sənətkarlıq” bazarı açılıb

İyun ayının 15-də İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin ərazisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rayon İcra Hakimiyyətinin birgə layihəsi olan “Sənətkarlıq bazarı” açılıb. Bazar 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün nəzərdə tutulmuş lövhədən ibarətdir. Faydalı əməklə məşğulluğun təminatı, halal zəhmətlə gəlir əldə etmək, bölgənin sənətkarlıq potensialını aşkarlamaq məqsədi daşıyan bazarda misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar hazırladıqları məhsulları, əl işlərini, məmulatları nümayiş etdirə və sata biləcəklər.
İsmayıllıda “Sənətkarlıq” bazarı açılıb
“Sənətkarlıq bazarı” əsasən turizmə, rayonumuza təşrif gətirən turistlərə, eləcə də qonaqlarımıza xidmət edəcək. İsmayıllı – onun sənətkarlıq sahəsindəki fəaliyyəti ilə tanışlıq başlanğıcını buradan götürəcək.
Bazarın açılışı Milli Qurtuluş Gününə təsadüf etdiyindən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova mərasimindəki çıxışı zamanı tədbirə qatılanları, eləcə də mədəniyyət və turizm işçilərini və bütün İsmayıllı əhalisini əlamətdar bayram münasibəti ilə təbrik edib. Bildirib ki, yeni bazar rayonda turizmin inkişafında əhəmiyyətli rol oynayacaq. Sənətkarların tanıdılması, onların istehsal etdikləri məhsullarının satışı üçün bazar geniş imkanlar yaradacaq.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov “Sənətkarlıq bazarı” layihəsinin mahiyyətindən danışıb. Sonda bayram konserti olub.
E. Qasımova

Şərh Yaz