İki xalqın dostluğunu əks etdirən antologiya

İyun ayının 7-də Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyində “Yeni tatar şeiri antalogiyası” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Nümayəndəliyin əməkdaşları, tərcüməçi müəlliflər, həmin kitabda şeirləri yer almış filologiya üzrə fəlsəfə doktoru, şair Lenar Şeyx də iştirak edib.
Kitab tatar xalqının görkəmli oğlu, şair-publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında dünyasını dəyişmiş Abdulla Tukayın anadan olmasının 130 illiyi münasibətilə işıq üzü görüb.
Nəşrin məsləhətçiləri AMEA-nın müxbir üzvi Nizami Cəfərov, Tatarıstan Yazıçılar Birliyinin sədri Rafis Qurban və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və başqalarıdır.
Kitabdakı şeirlərdən bir neçəsini İsmayıllıda yaşayan şair Şahməmməd Dalaroğlu tərcümə edib.
Azərbaycanlı oxuculara bu antologiya vasitəsi ilə Tatarstanın 23 istedadlı, gənc şairinin şeirləri təqdim olunub.
Keçirilən mərasimdə Tatarıstan Respublikasının Azərbaycandakı daimi Nümayəndəliyinin rəhbəri Alfred Zakirov, Dünya Gənc Türk Yazarları Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalı və Lenar Şeyx çıxış ediblər. Onlar Azərbaycan-Tatarıstan ədəbi-mədəni əlaqələrindən, bu gün görülən və gələcəkdə görülməsi arzu olunan işlərdən danışıblar.
Təqdimatda tərcüməçi müəlliflərə “Yeni tatar şeiri antalogiyası” kitabları və “İdel” Gənclər Mərkəzinin Fəxri fərmanları təqdim olunub.
Mərasimə qatılan tərcüməçilər, layihənin icraçılarına, antologiyanın ərsəyə gəlməsində zəhməti olanlara, xüsusən də Tatarıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyində çalışanlara bu münasibətlə təşkil etdikləri təqdimata və mükafatlandırma mərasiminə görə təşəkkür ediblər.
Elnarə Günəş

Şərh Yaz