Azərbaycan inkişafda olan, müasir, dünyəvi, demokratik ölkədir

YAP rayon təşkilatının təşkilatçılığı ilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə məktəb kollektivinin və İsmayıllı “Bilik Evi”nin birgə iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan inkişafda olan, müasir, dünyəvi, demokratik ölkədir
Azərbaycan inkişafda olan, müasir, dünyəvi, demokratik ölkədir
Məktəbin direktoru Elçin Məmmədov tədbiri giriş sözü ilə açaraq, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirib.
Nitqini davam etdirən E.Məmmədov vurğulayıb ki, müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin –“ Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
ADR-ni rəsmi surətdə tanıyan ilk dövlət 1918-ci il 4 iyun tarixində Osmanlı dövləti olmuşdur.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi.
Sovetlər birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. İyirminci əsrin əvvəllərindən başlayaraq səksəninci illərin sonlarından ölkəmizə, Azərbaycana qarşı etnik təmizləmə siyasəti başlamışdır. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın 20 faizi işğal olundu. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Azərbaycanı müasir, demokratik ölkə kimi görmək Ulu öndərin arzusu idi. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, inkişafda olan, inkişaf edən müasir, dünyəvi, demokratik ölkədir.
Ulu öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Siyasi islahatlar davam etdirilir. Ölkədə ictimai-siyasi sabitlik mövcuddur. Xalqla iqtidar arasında vəhdət vardır. Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Əsas məqsəd müstəqilliyimizi daha da gücləndirmək, azərbaycançılıq fəlsəfəsini rəhbər tutaraq, yeni iqtisadi islahatları uğurla davam etdirmək və güclü dövlət yaratmaqdır. Bu istiqamətdə artıq böyük addımlar atılmaqdadır.
Beynəlxalq miqyasda müstəqil sülhməramlı siyasət yeridən, etibarlı tərəfdaş kimi tanınan ölkəmiz yüksək liderlik keyfiyyətlərinə, möhkəm siyasi iradəyə malik olan, qətiyyətli addımları ilə seçilən Prezident, YAP sədri cənab İlham Əliyevin ciddi səyləri sayəsində sürətli və dayanıqlı inkişaf etməklə sabitlik, tolerantlıq və multikultural dəyərlərin qorunması ilə seçilən və nümunə olan humanist ideyaların geniş yer aldığı bir məkan kimi də tanınmaqdadır.
Azərbaycanın müstəqilliyi əbədidir, biz Ulu öndərin müəyyən etdiyi bu yoldan heç vaxt dönməyəcəyik. Üçrəngli bayrağımız bir daha enməyəcəkdir, daim uca zirvələrdə dalğalanacaqdır.
Tədbirdə Rayon Təhsil Şöbəsinin məsləhətçisi, tarix müəllimi, Ramiz Baloğlanov, məktəbin direktor müavini Elvüsal Babayev, gənclərdən Yeganə Dadaşzadə, Günay Bədəlova, Teymur Məlikzadə və digərləri çıxış edərək bildirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsilin əsası qoyuldu.
Bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Ramid Qasımov

Şərh Yaz