Nurlu müəllim, saflıq simvolu – şair

Mənəvi meyarların yad təsirlərə məruz qaldığı indiki “Sürət əsrin”də saf həyat ideyalı, şəxsiyyətinin bütövlüyü, əqidəsinin dürüstlüyü, mənəviyyatının kamilliyi ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür.
Nurlu müəllim, saflıq simvolu - şair
Əslinə qalsa, saxta idealların sürətlə irəliyə “can atdığı” mənəvi aşınmaya yol açdığı çağımızda yaxşı insan nəcib şəxsiyyət, mənəviyyatlı ziyalı məfhumları xüsusi ilə aktualdır. Yaxşılar belə ziyalılarla qürur duyur, onları özünün milli sərvəti kimi zamanın amansız təlatümlərindən, sərt fırtınalarından qorumağa çalışır. Qarşıya qoyduqları ülvi məqsədlərlə tamamilə təmənnasız olan, belə dəyərli insanlar xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdirirlər.
Şərəfli ömür yolu, təhsilə səmimi bağlılığı, yüksək vətəndaş mövqeyi, aktiv ictimai-siyasi və ədəbi fəaliyyəti ilə cəmiyyətin dərin rəğbətini qazanmış belə dəyərli ziyalılarımızdan biri də Oqtay Baba oğlu Fərzəliyevdir.
Xüsusi təqdimata ehtiyacı olmayan bu insan ömrü boyu insanlığın zinəti sayılan saf və munis dəyərləri özündə cəmləşdirib. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq o, şeir kəhkəşanında sahib olduğu məqama uzun illərin zəhməti, yuxusuz gecələri məqsədə doğru əzmlə irəliləməsi sayəsində yetişən ömrünün 40 ilini müəllim əməyini, zəhmətini sanballı incilərlə zənginləşməsinə əvəzsiz tövhələr verib.
Oqtay Fərzəliyev yaradıcı insandır. Tükənməz enerji ilə çalışır. Qarşıya qoyduğu hədəflərə yetişmək üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Uşaqlıqdan əhatə olunduğu yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruh dünyasına hopub.
Oqtay 1955-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açıb. Onun uluları da qədim zamanlardan bəri bu kənddə yaşayıb. Atası Baba kişi kəndin, ümumilikdə el-obasının nüfuzlu kişilərindən biri kimi, arzusu övladlarını savadlı görmək olub. Halal ailədə dünyaya göz açan, mənəvi dəyərlər ruhunda tərbiyə alan, fitri istedadı, yüksək təhsil almaq məramı ilə məktəb illərindən müəllimlərini heyrətləndirən gənc Oqtay kainatın və dünyanın sonu görünməyən suallarına aydınlıq gətirmək, yüksək müəllimlik peşəsinə yiyələnmək, pedaqoji aləmə daxil olmaq üçün peşə seçimini düzgün müəyyənləşdirdi. Müəllim olmaq arzusu ilə 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil oldu. Tələbəlik dövründə Azərbaycan dili və ədəbiyyatı ixtisasına mükəmməl şəkildə yiyələnən Oqtay ictimai həyatdakı fəallığı ilə də diqqəti çəkirdi.
Oqtay Fərzəliyev 1976-cı ildə təhsilini fərqlənmə diplomu ilə başa vurdu. 1976-1979-cu dərs ilində təyinatla Laçın rayonuna göndərildi. Bu illər ərzində rayonun ən ucqar kəndlərindən olan Şeylandıda ixtisası üzrə işlədi. 1979-cu ildən doğma Diyallı kənd tam orta məktəbində işləməyə başladı. Pedaqoji fəaliyyətinin ilk günlərindən yaradıcı ruhda işləyən Oqtay müəllim tezliklə rayonun müxtəlif təşkilatlarının, o cümlədən də Təhsil Şöbəsinin bir sıra tədbirlərində fəallıq göstərir. Son illərdə Diyallı məktəbinin tələbə adını qazanan məzunlarının demək olar ki, hamısı Oqtay müəllimin yetirmələridir. Onlar imtahan verdikləri Azərbaycan dili və ədəbiyyatı fənnindən daha yüksək bal toplayırlar. Ümumiyyətlə Diyallı məktəbində keyfiyyət faizinə görə ən yüksək nəticə Azərbaycan dili və ədəbiyyat fənninə məxsusdur.
Oqtay müəllimin şagirdləri müxtəlif mövzularda keçirilmiş inşa yazı müsabiqələrində dəfələrlə fərqlənmişlər.
Qəlbinin odunu və hərarətini mənalı ömrünün ən qaynar illərini samballı filoloji araşdırmalara və yeni-yeni şeirlərinin yazılmasına həsr edən Oqtay İsmayıllı 3 şeir kitabının, yüzdən çox elmi publisistik məqalələrin müəllifidir. 1990-cı ildə metodist müəllim adını qazanmışdır. Adı Təhsil Nazirliyinin Şöhrət kitabına yazılmışdır. Bu gün əsil şair kimi kitabı əldən ələ keçir. Oqtay İsmayıllı imzası İsmayıllı, hətta respublika yazarları arasında fərqlənir. O, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin ən fəal üzvlərindəndir. Onu cəmiyyətə tanıdan və sevdirən cəhətlərindən biri də məhz yüksək təsiri olan sözü, özünəməxsus qələmi və xarakteridir. Oqtay müəllim yaradıcı insan kimi söz sənətinin incəliklərinə dərindən bələddir. Daha dəqiq, o, sözə nəfəs verən, fikrini canlandırmağı bacaran sözü vaxtlında, yerində və tam düzgünlüyü ilə deyən ziyalıdır.
Əsil ziyalı üçün xalqın sevgisi və rəğbətindən daha uca bir mükafat ola bilməz. Onun şəhər 1 nömrəli və çalışdığı Diyallı kənd tam orta məktəblərində yaradıcılıq gecələri keçirilib.
Azərbaycanın Əməkdar həkimi Şahmurad Şirəliyevin Oqtay müəllimin şeirləri haqqında söylədikləri, və digər oxucular tərəfindən Oqtay müəllimə, onun yaradıcılıq uğurlarına verilən yüksək dəyər onun qətiyyətli vətəndaş mövqeyi, əsil şair olduğunun təsdiqləyir.
Oqtay İsmayıllı başqalarına bənzəməyən şairdir. O, Azərbaycan poeziyasında dərin fəlsəfi şeirləri və rübailəri ilə yeni üfüqlər açıb. Onda nə varsa, hamısı Allah vergisidir, fitri istedaddır. Onun şerlərində xalqımızın xeyirxahlığı, nikbinliyi, əyilməzliyi təmənnasızlığı və bəxtiyarlığı var. Bu yığcam qeydlərimlə səmimi, gözəl şairin yaradıcılığını təhlil etmək fikrindən uzağam. Sadəcə bu Oqtay İsmayıllı üçün bir istək yazısıdır.
Onun bir şair, bir müəllim kimi geridə qoyduğu illərin nə qədər zəngin və mənalı səhifələrdən ibarət olduğunu əyani olaraq göz önündə sərgiləmək mənim üçün də çətindir. Г‡ünki, Oqtay İsmayıllı daxildən gələn tükənməz enerji ilə çalışır. Qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Bunlar da Oqtay İsmayıllının daha böyük həyat və yaradıcılıq uğurlarına müəllimlik edəcəyinə zəmin yaradır.
Oqtay müəllimi mənimlə birləşdirən, əqidə birliyi, təmənnasızlıq, xeyirxahlıq və insanpərvərlikdir. Yazının sonunda Oqtay müəllimə can sağlığı və qələminin həmişə yazar olmasını arzulayıram. O, nurlu müəllim, saflıq simvolu şairdir.
Hacıməmməd Məmmədov

Şərh Yaz