Kəlağayı haqqında düşüncələrim

(İctimai televiziyada bu günlərdə nümayiş olunan ”Kəlağayı” adlı sənədli televiziya filminə tamaşa etdikdən sonra)
Damarlarında Azərbaycanlı qanı axan hər kəs kəlağayıya sadəcə baş örtüyü kimi yanaşmır. Nə qədər qanın, qadanın qarşısını alan müqəddəs bir əşya kimi qiymətləndirir kəlağayını.
Tarixdən hamımıza məlumdur ki, ən qatı qarşıdurmalarda kəlağayı sülh rolunu oynayıb, çünki bu anamızın baş örpəyidir. Və ana baş örpəyini çıxarıb “bəsdirin!” deyibsə, ən qəddar, aqressiv, hirsli şəxs belə dayanıb.
Kəlağayı haqqında düşüncələrim
Nədir kəlağayının bu sehri? Əvvəla bu, Azərbaycan kişisinin qadına, anaya münasibətidir. Etnopsixologiyamızdan bilirik ki, bizdə qadınlar kişilərin mübahisəsinə, mübarizəsinə ümumiyyətlə, kişilərin münasibətinə qarışmayıb. Bizdə qadınlara xanım, xatun, bəyim deyilib. Əgər qadın, ana hər hansı mübahisəyə müdaxilə edibsə, ona qulaq asılıb, onun andı dinlənilib. Bu and adətən kəlağayı vasitəsilə edilib.
Bu örtüyün mistikası, sirri nədədir? Bizi başa düşdük: millidir, doğmadır.
Bəs YUNESCO bir baş örtüyünü niyə niyə bu qədər yüksək qiymətləndirib? Qeyri Maddi Mədəni İrs siyahısına daxil edib?
Aydınlaşdırmağa çalışaq.
Əvvəlcə örtüyün özü haqqında:
-Kəlağayının yaranma tarixi məlum deyil. Г‡ox qədimdir. Bu həm də ulu əcdadlarımızın məşğul olduğu xalq sənətkarlıq nümunələrindən biridir. Kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna çarqat da deyilir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan və mənbələrdə adı bu şəhərlərlə yanaşı çəkilən Basqalda qədimdə yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Basqal kəlağayısı xarici ölkələrə ixrac olunub. Kəlağayının üzərindəki naxışlar da millidir: buta, tac və s.
Nənələrimiz kəlağayını çalma, qızlarımız isə örpək kimi istifadə ediblər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Azərbaycana məxsus bu örtük sonralar Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayıldı. Kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər. Şahbuta, saya buta, xırda buta çeşidlərindən daha çox istifadə olunub. İndi də ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirənlər var. Və bu məmulata olan sifarişlər də artmaqdadır. Bu həm də Azərbaycan qadınlarının geym zövqünün müasir dünya tərəfindən bəyənilməsidir. Sifariş varsa, deməli kəlağayı adlı örpəkdən istifadə edənlər qəşəng görünürlər. Alsınlar, aparsınlar, amma bilmək olmaz kəlağayı onlara bizim analara, qızlara, ümumiyyətlə xanımlarımıza yaraşan kimi yaraşacaqmı? Bu faktdır: – Qadınlar bu örtükdə daha cazibəli, daha füsunkar görünürlər. Zarafat deyil, indi dünyada milyon cür qadın geyimləri hazırlanır. Yaşı bilinməyən kəlağayıya isə bu gün də tələbat var.
Son olaraq bir şəxsi arzumu bildirmək istəyirəm. Kaş ki bu sifarişçilərin əksəriyyəti müasir Azərbaycan xanımları olaydı.
Əziz xanımlar, bu örtüyə köhnəlik rəmzi kimi yanaşmayın. Bir baxın hazırda 190-dan çox ölkəni, bir sözlə, bütün dünyanı birləşdirən bir təşkilat – YUNESCO kəlağayını maddi mədəni irs kimi qəbul elədi. Bu geyimlə fəxr edin və ən əsası mümkünsə bu geyimdən istifadə edin.
Və əvvəlcədən verdiyim suala qayıdıram. Nədir bu sehr? Məncə cavab kəlağayı deyil, kəlağını da yaraşığa gətirən Azərbaycan qadınıdır!
Novruz Əsədov,
İsmayıllı rayon İcra hakimiyyəti başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi

Şərh Yaz