Lahıcda “Mərasim evi” açılıb

İsmayıllı rayonunun qədim tarixə malik Lahıc qəsəbəsində may ayının 13-də “Mərasim evi”nin açılışı keçirilib.
Lahıc bələdiyyəsinin təşəbbüs və təklifi ilə bələdiyyə ərazisində inşa edilən “Mərasim evi”nin açılışında İsmayıllı Rayon İcra Hakmiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun digər məsul vəzifəli şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri, qəsəbə ilə birgə yaxın kəndlərin sakinləri də iştirak edib. Açılış mərasimində çıxış edənlər qəsəbə sakinlərinə toy-büsatlı, xoş günlər arzulayıblar.
Lahıcda “Mərasim evi” açılıb
Yerli xeyriyyəçinin maliyyə dəstəyi ilə inşa və lazımi avadanlıqlarla təchiz edilən “Mərasim evi”ndən istifadə, xidmətlər pulsuz olacaq. Burada toy, nişan, digər mərasimlər keçiriləcəkdir.
İmkanlı şəxslər tərəfindən yerlərdə belə xidmət sahələrinin yaradılması İsmayıllı rayonunda artıq ənənə halını alıb. Açılış mərasimi başa çatdıqdan sonra tədbirin iştirakçılarına ziyafət verilib.
Lahıc bələdiyyəsinin sədri, Əməkdar müəllim Rövşən Əliyevin redaksiyamıza verdiyi məlumata görə, bələdiyyə AzGİL təşkilatıyla da əməkdaşlıq əlaqələri qurub.
İlk dəfədir ki, bələdiyyə yerli “Lahıc” icması ilə birgə belə bir layihənin icrasına dəstək vermək təklifiylə rayonun imkanlı şəxslərinə müraciət ünvanlayıb.
Göründüyü kimi bəyənilən təkiflə bağlı bir müddət öncə başlanan işlərə artıq yekun vurulub. Bələdiyyə sədri görülən işlərin nəzərdə tutulan işlər müqabilində başlanğıc olduğunu da vurğulayıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz