80 yaşlı tanınmış İsmayıllı ziyalısı və dövlət qulluqçusu

İsmayıllı milli, dini, coğrafi və dil müxtəlifliyi ilə seçilən, tolerantlığın və multikulturalizmin mövcud olduğu bir məkandır. Uzun illərdir, əsrlərdir azərbaycanlılar, ruslar, ləzgilər, etnik tatlar, hapıtlar burada qardaşlıq şəraitində yaşayırlar. Qədim xalq sənətləri-misgərlik, xalçaçılıq, toxuculuq, sərraclıq, ipəkçilik, dulusçuluq, silahqayırma və başqa sənət növləri tarixən bu yerlərin əsil məşğuliyyəti olub.
80 yaşlı tanınmış İsmayıllı ziyalısı və dövlət qulluqçusu
Ləzgilərin dağlara sığınmış məskəni olan Qalacıq, yaşı iki əsrə bərabər rus kəndi İvanovka, tarixi 4 min il əvvələ gedən Lahıc, memarlıq üslubu və başlanğıcını 12-ci əsrdən götürən ipək toxuculuğu ilə tanınan Basqal tək İsmayıllının yox, Respublikamızın milli maddi-mənəvi dəyərləri kimi qiymətləndirilir. Bu qəsəbə və kəndlər yetişdirdiyi, Azərbaycan dünyasına bəxş etdiyi ziyalılarla, çoxistiqamətli mütəxəssislərlə, dövlət və elm xadimləri ilə daha dəyərlidir.
Onların xatirə və anım günlərini, yubileylərini qeyd etmək rayonda ənənə halına gətirilib, xalqa xidmətin ən diqqətçəkən istiqaməti kimi qəbul edilib. Bu günlərdə cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə sadiq qalaraq Qalacıq kəndinin yetirməsi, öz soydaşlarına baş ucalığı gətirən, tanınmış ziyalı və dövlət qulluqçusu, ləzgi xalqının nümayəndəsi İsmayılov Rza Mövlam oğlunun 80 yaşını qeyd etdik.
Rza İsmayılov 27 aprel 1936-cı ildə dağlı-aranlı İsmayıllının ən qədim, ormanlar əhatəsində olan Qalacıq kəndində dünyaya gəlib. Yeddillik məktəbi də orada oxuyub. Orta təhsilini isə tanınmış pedaqoq, çoxlarına həyat yolunu tanıtmış İsrayıl Həsənovun direktor olduğu İsmayıllı qəsəbə orta məktəbində 1953-cü ildə başa vurub. Həmin ildə də Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakültəsinə daxil olub. 1958-ci ildə əsil əməyinin haqqı olan əlaçı diplomu ilə öz kəndinə qayıdan gənc mütəxəssis buradakı kolxozda işləməyə başlayır. 1958-ci ilin sonunda işgüzarlığı, bilikləri, fəallığı, qabiliyyəti ilə diqqətə gələn İsmayılovu Kənd Təsərrüfatı Müfəttişliyinə zootexnik vəzifəsinə irəli çəkirlər. 1960-cı ildə gənclər arasında geniş miqyasda tanınmağa başlayan Rza İsmayılov İsmayıllı rayon komsomol komitəsinin birinci katibi seçilir. İki ildən sonra komsomolun mərkəzi komitəsinə şöbə müdirinin müavini vəzifəsinə aparılır. Az müddətdə gənclərin lideri kimi özünü tanıda bilir.
Komsomol işindən yenidən rayona Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi vəzifəsinə gələn Rza İsmayılov 2 ildən sonra Bakı Ali Partiya məktəbinə oxumağa göndərilir. Siyasi təhsilini fərqlənmə diplomu ilə başa vuran İsmayılov Azərbaycan Respublikası Nazirlər Sovetinin işlər idarəsinin sovet orqanları ilə iş şöbəsinə referent vəzifəsinə təyin olunur. O bu vəzifədə 14 il əsil təşkilatçı kimi səmərəli fəaliyyət göstərib.
İnsanlarla daha yaxşı işləmək bacarığına yiyələnən Rza müəllim 1982-ci ildə kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsinə təyinat alır. Bu sahədəki fəaliyyəti də uğurlu olur.
Xatirəsini ən xoş sözlərlə və işıqlı fikirlərlə yad etdiyimiz Rza İsmayılovun 1992-ci ilə qədərki fəaliyyəti yenidən Nazirlər Soveti ilə bağlı olub. Referent, baş referent, mütəxəssis, aparıcı mütəxəssis kimi. Hansı vəzifə ona tapşırılıbsa öhdəsindən layiqincə gəlib, icraçı və məsuliyyətli dövlət qulluqçusu kimi tanınıb. O, Rusiya, Ukrayna, Rumuniya və İranda, Baltikyanı respublikalarda təcrübə öyrənmək üçün ezamiyyətlərdə olub. Öyrəndiklərini də bacarıqla işdə tətbiq edib. Respublika miqyasında vəzifəsinə görə yox, daha çox fəallığına, icraçılığına, işini kabinetlərdən uzaqda, cavabdeh olduğu ərazilərdə qurduğuna görə tanınıb. İsmayıllıya, doğma yurdu Qalacığa daha tez-tez gəlib. Kəndin qayğıları ilə maraqlanıb, məktəbdə olub, uşaqların dərs oxumasına diqqət yetirib. Rza İsmayılovu ən çox fərqləndirən keyfiyyətlər vardır ki, onlar bugünkü nəsil üçün də nümunədir. O həmişə ümummilli lider Heydər Əliyevin siyasətinə sədaqət göstərib. İşdə özünə və başqalarına qarşı tələbkar olub. Hər bir hərəkətində ədalətə əsaslanıb. Kiminsə haqqına girməyib. Mənsub olduğu İsmayıllını, Qalacığı təmsil etmək bacarığı ilə tanınıb. Dövlət, dövlətçilik onun üçün hər şeydən üstün olub.
1981-ci il noyabr ayının 30-da baş verən zəlzələ ilə əlaqədar dekabrın 5-də İsmayıllıya bu diyara ən böyük dəyər verən, qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev səfər etmişdi. Dəyən ziyanları müəyyən etmək üçün İsmayıllı şəhərində, Ruşanda, Micanda, Mücühəftəranda evləri nəzərdən keçirərkən Rza İsmayılov da onunla olub. Zəlzələdən sonrakı bərpa işlərinə rəhbərlik edən qərargah sədri Əliş Ləmbəranski ilə birgə o da məsuliyyətlə çalışıb.
Bacarıqlı mütəxəssis, məsuliyyətli dövlət qulluqçusu, tanınmış ziyalı, rəhbərinə və dövlətinə sədaqətli, elinə-obasına bağlı Rza Mövlam oğlu İsmayılovun cismani həyatı 9 may 1999-cu ildə sona yetib. Gərəkli əməlləri isə övladlarının və nəvələrinin fəaliyyətində davam edir.
80 yaşlı tanınmış İsmayıllı ziyalısı və dövlət qulluqçusu
Mirdaməd Sadıqov,
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor, Əməkdar elm xadimi

Şərh Yaz