3 ayın sosial-iqtisadi inkişafı

Dünya iqtisadiyyatının hazırkı vəziyyəti böhranların dövrlüyünün artması və əhatəsinin genişlənməsi, iqtisadi problemlərin dərinləşməsi ölkə iqtisadiyyatına da bu və ya digər dərəcədə mənfi təsir göstərir. Digər tərəfdən bu amillərlə yanaşı dünya enerji bazarındakı qeyri sabitlik, əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyası Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır. Lakin qlobal və regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir.
3 ayın sosial-iqtisadi inkişafı
3 ayın sosial-iqtisadi inkişafı
Davamlı sosial-iqtisadi inkişaf, ölkədə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlverişli şərait yaratmışdır. Ölkənin sosial-iqtisadi inkişafının artımı bütün regionları əhatə etmiş, hər bir regionun inkişafı üçün qəbul edilmiş Dövlət Proqramları uğurla icra edilməkdə davam etdirilir. Son bir neçə ildə bütün ölkədə olduğu kimi rayonun iqtisadiyyatı da dinamik sürətlə inkişaf edir, yeni istehsal sahələri yaradılır, iş yerləri açılır, regionların sosial iqtisadi inkişafına dair dövlət proqramı uğurla həyata keçirilməkdə davam edir.
Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2016-cı ilin yanvar –“ mart aylarında faktiki qiymətlərlə 31613,0 min manat, müqayisəli qiymətlərlə 28133,2 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 0,3 faiz artaraq 330,1 manata çatmışdır. Məhsul və xidmətlərin 53,5 faizi istehsal sahələrinin, 46,5 faizi isə xidmət sahələrinin payına düşür.
Hesabat dövründə kənd təsərrüfatı meşəçilik və balıqçılıq sahəsində 9,4 milyon manatlıq və ya ümumi məhsulun 33,5 faizi, sənayedə 1,5 milyon manatlıq (müvafiq olaraq 5,4 faiz), tikinti 4,1 milyon manatlıq (14,5 faiz), rabitədə 0,2 milyon manatlıq (0,7 faiz), nəqliyyatda 0,8 milyon manatlıq (2,7 faiz), ticarət və xidmət sahəsində 12,2 milyon manatlıq (43,2 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
Keçən ilin eyni dövrü müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 0,6 faiz artmış, sənaye məhsulunun həcmi 7,3 faiz, tikinti istehsalı 15,3 faiz, azalmış, rabitə 3,5 faiz, nəqliyyat 4,7 faiz, ticarət isə 23,1 faiz çox olmuşdur.
Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 74 baş artaraq 51270 baş, qoyun-keçilərin sayı 900 baş artaraq 179216 baş, donuzların sayı isə 16 baş artaraq 223 baş olmuşdur. 2016-cı ilin yanvar – mart aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 6 ton, süd istehsalı 43 ton, yumurta istehsalı 18 min ədəd artmışdır.
Bu dövrdə rayon iqtisadiyyatının əsas sahəsini təşkil edən kənd təsərrüfatında yazlıq bitkilərin əkininə başlanılmış ümumilikdə aprelin 01 vəziyyətinə rayon üzrə 1311 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıqların 423 hektarı kartof, 234 hektarı tərəvəz, 220 hektarı paxlalılar, 431 hektarını yem bitkiləri təşkil edir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 337,0 hektar az sahəyə yazlıq bitkilər əkilmişdir. Havaların əlverişli keçməsi səbəbindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə kartof əkini 14 hektar, tərəvəz əkini 6 hektar artmışdır. Hazırda havaların əlverişli keçməsi ilə əlaqədar yazlıq bitkilərin əkini sürətlə davam etdirilir.
Cari ilin məhsulu üçün keçən ilin payızında əkilmiş 29386 hektar taxıl sahələrində yüksək bitiş alınmış, əməkçilər tərəfindən sahələrə aqrotexniki qulluq davam etdirilir.
2016-cı ilin yanvar-mart ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 1384,2 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 96,9 faiz təşkil edir. Sabit qiymətlərlə isə sənayedə keçən illə müqayisədə 7,3 faiz artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 9,8 faiz çox 15,7 milyon kilovat saat elektrik enerjisi, 0,2 milyon kub metr çox 13,3 milyon kub metr qaz istehlak olunmuşdur.
2016-cı ilin yanvar-mart aylarında rayonda 661,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 81,8 faiz azdır. Hesabat dövründə əsas kapitala 4321,4 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz az təşkil etmişdir. Rayonun podratçı təşkilatları tərəfindən öz gücləri ilə 3 ay ərzində 3022,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki dövrdən 2194,8 min manat çoxdur.
Hesabat ilinin yanvar-mart aylarında rayon əhalisinə 37048,0 min manatlıq istehlak malları satılmış, 5820,0 min manatlıq əhaliyə pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 8,1 faiz çox, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə müqayisəli qiymətlərlə 2,7 faiz çox təşkil etmişdir. Həmin dövrdə informasiya və rabitə xidmətlərinin həcmi 188,1 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 3,5 faiz çoxdur.
1 mart 2016-cı il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq əmək haqqı ilkin məlumatlara əsasən 261,2 manat təşkil edərək, keçən ilin müvafiq dövründən 5,5 faiz az olmuşdur.
Rayonun məşğulluq mərkəzində ilin əvvəlindən 411 nəfərə işsiz statusu verilmişdir ki, onlardan da yalnız 19 nəfərə işsizliyə görə müavinət təyin edilmişdir.
2016-cı ilin yanvar-mart aylarında rayonda 355 yeni iş yerləri açılmışdır. Ümumiyyətlə 2003-cü ilin oktyabr ayından indiyədək rayonda 8242 yeni iş yerləri açılmışdır ki, bu da əsasən kənd təsərrüfatı, sənaye, tikinti, xidmət və ticarət sahələrini əhatə edir. Açılmış iş yerlərinin 81,3 faizi və ya 6701-ı daimi iş yerləridir.
2016-cı ilin 3 ayında yeni açılmış iş yerlərinin sayı 355 vahid təşkil etmişdir ki, bunun da, 9-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 144-ü mövcud müəssisə və təşkilatlarda, 202 fiziki şəxslərdə olmuşdur.
2016-cı ilin aprel ayının 01 vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 85050 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 158 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,54 faizi yəni 57443 nəfəri kənd yerində, 32,46 faizi 27607 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,29 faizini kişilər, 49,71 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son 3 ayda 0,2 faiz və ya 158 nəfər artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 875 məcburi köçkün ailəsində isə 3448 nəfər məcburi köçkün məskunlaşmışdır.
2016-cı ilin yanvar-mart aylarında rayonda 311 körpə doğulmuş 143 nəfər isə ölmüşdür, 1 yaşa qədər ölən uşaqların sayı 1 nəfər olmuşdur. Hesabat dövründə əhalinin təbii artımı 168 nəfər, ümumi artımı isə 158 nəfər təşkil etmişdir. Cədvəldən göründüyü kimi keçən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı mütləq rəqəmlərlə 35 nəfər azalmışdır. Müqayisə olunan dövrə görə ölənlərin sayı 8 nəfər artaraq 143 nəfər təşkil etmişdir. Ölümün səbəblərinə görə təhlil göstərir ki, bu dövrdə rayonda ölüm halları əsasən ürək, qan damar sistemi, tənəffüs orqanları xəstə olanlar arasında daha üstünlük təşkil etmişdir.
2015-СЃi ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 16,7 dən 14,6-a qədər azalmış, ölənlərin sayı isə 6,5-dən 6,7-ə yüksəlmişdir. Əhalinin 1000 nəfərinə hesabı ilə təbii artım əmsalı 2015-ci ilin müvafiq dövründəki 10,2-dən azalaraq 7,9-a düşmüşdür. 2016-cı ilin yanvar-mart aylarında rayonda 79 nikah bağlanmış, 19 nikah isə pozulmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı 26 vahid, boşanmaların sayı isə 9 vahid az olmuşdur.
Əziz Əzizov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz