Əsaslı təmirə başlanılıb

1969-cu ildə salınan və istismar müddətinin bitməsi səbəbindən uzun müddətdir ki, yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə yolun təmiri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. İki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 30 kilometr, mövcud eni isə 6 metrdir.
Əsaslı təmirə başlanılıb
Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilir, zəruri olan yerlərdə 2 metr enində yeni çiyinlər yaradılır. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılır.
Yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərə hamarlayıcı qatın döşənməsi işləri həyata keçirilir. Ümumilikdə yolun 200 min kvadratmetrdən çox ərazisi asfaltlanacaq. Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənir, köhnələri bərpa edilir, giriş-çıxış hissələri də təmizlənir.
Təmir-bərpa işləri çərçivəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına başlanılıb. Bir aşırımlı körpünün uzunluğu 24 metr, eni isə 10 metr olacaq. Körpüdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də nəzərdə tutulub.
“Azəravtoyol” tərəfindən aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, yolun əsaslı şəkildə təmir olunması ilə İsmayıllı və Göyçay rayonlarının 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz çıxış əldə olunacaq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz