Mübariz İbrahimova məktub

Bu məktubu yazmağa başlayanda qələm əlimdə xeyli düşündüm, götür-qoy etdim, bilmədim sənə necə müraciət edim, qardaşmı deyim, əmi, dayımı? Xeyli fikirləşdim və qərara gəldim ki, qardaş deyim, qeyrətli qardaşım, igid qardaşım, qəhrəman qardaşım –“ ana, bacı qeyrətini çəkərək ölümün gözünə dik baxan mübariz ruhlu Mübariz qardaşım! Ölümə həsəd aparmazlar, ancaq sən həsəd aparılacaq bir son yaşadın və bu sonla qəhrəman Mübariz yolunun başlanğıcını qoydun, elə bir yolun ki, bir gün Azərbaycan oğulları o yolla gedib Qarabağla birgə dönəcəklər, inşallah! Mübariz, igid qardaşım, yadındamı, sənin o zaman cəmi 22 yaşın var idi, hərbi xidmətini keçib evə, ata-ananın yanına qayıtmışdın, işləyirdin, bir işin, bir ailən, bəlkə bir gözaltın da var idi. Ancaq… qəlbində alınmamış bir qisasın intiqam alovunu nə iş, nə sevgi söndürə bilmədi.
Mübariz İbrahimova məktub
Canım qardaşım, Vətən sevgisi, erməni faşistlərinin xalqımızın sinəsinə çəkdiyi çalın-çarpaz Qarabağ dərdi, vəhşicəsinə qətlə yetirilən, dərisi soyulan, divara mismarlanan, gözləri oyulan, başı, qulağı kəsilən minlərlə soydaşımızın lal harayı səni isti evində, rahat yuvanda yaşamağa qoymadı. 2009-cu ildə yenidən gizir rütbəsində öz arzunla cəbhə bölgələrindəki hərbi hissələrdən birinə döndün. Döndün ki, qisasını qiyamətə qoymayasan. 2010-cu il iyunun 18-də gecə yarıya az qalmış tam silahlanıb hərbi hissəni tərk etdin və bir neçə saatın içində illərə, dastanlara sığmayan bir qəhrəmanlıq dastanı yazdın, düşmən erməniyə qan uddurdun, mənfur düşmənin çox sayda əsgər və zabitini məhv etdin, 5 saat təkbətək düşmənlə döyüşdün. İgid qardaşım, səninçün o gecənin səhəri olmadı, amma o səhər Azərbaycanımızın hər yerinə qəhrəmanlıq xəbərin yayıldı, düşmən qara geydi, şəhidlərimizin ruhu isə bayram etdi.
Deyirlər ki, sənin hərbi hissədə olmadığını görəndə yoldaşların atana zəng edib sənin evə gəlib-gəlmədiyini soruşublar, səni hamıdan yaxşı tanıyan atan “mən oğlumu tanıyıram, siz sərhədə tərəf gedin” deyib. Sonra da sənin məktubunu tapıblar, valideynlərinə yazdığın son məktubu: “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam –“ ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Г‡oxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür! Vətən sağ olsun! Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Canım qardaşım, sənin bu son məktubun Azərbaycan övladları üçün bir çağırışdır, bir himndir. Bu məktubla böyüyən, sənin qəhrəmanlıq məktəbindən dərs alan minlərlə Azərbaycan balası sənin açdığın Mübariz yolu ilə gedərək bir gün – “o gün” deyəsən, elə bu gündür – son sözünü deyəcək, sənin kimi qisasımızı qiyamətə qoymayacaq, torpağımızı yağı düşmənə pay etməyəcək. Arxayın ol, Milli Qəhrəmanım, o gün gələcək və həmin gün sənə ünvanına yetişməyəcək bu məktubu yazan mən –“ qız qardaşın Fidan Şəfaqətli də onların sırasında olacaq. Atalarımız “aslanın erkəyi, dişisi olmaz” deyiblər, əziz qardaşım, sənin qanın çilənən bu Vətən torpağı bu gün ancaq aslanlar yetirir, düşmənin anasını ağlar qoyacaq aslanlar!!!!
Həmişə bizimlə olan ruhun şad olsun, qəhrəman qardaşım!
Mübariz İbrahimova məktub
P.S. V sinif şagirdi Fidan Şəfaqətlinin Qarabağdakı ilk qələbə sevinclərinin təsiri altında Milli Qəhrəman Mübariz İbrahimova müraciətlə ünvanına yetməyəcəyini bilərək yazdığı bu məktubu dərc etməyi lazım bildik, sahibinə yetişməsə də oxucularımıza yetişsin deyə. Qarşıda Azərbaycan əsgərini Qarabağ gözləyir və yəqin ki, belə məktublar hələ çox yazılacaq, inşallah!

Şərh Yaz