Azərbaycan Yazıçılar Birliyində görüş

Aprel ayının 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda istedadlı özbək şairi və tərcüməçisi Şəhla Qasımova ilə keçirilən görüşü AYB-nin katibi İlqar Fəhmi açıb. İ.Fəhmi ölkəmizdə qonaq olan istedadlı özbək tərcüməçisi və şairi Şəhla Qasımovanı salamlayaraq, onun iki qardaş ölkənin mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrdən danışıb.
Azərbaycan Yazıçılar Birliyində görüş
Dramaturq, şair-filosof Firuz Mustafa, AYB-nin bədii tərcümə və beynəlxalq əlaqələr mərkəzinin müdiri Səlim Babullaoğlu, Əli Kərim adına Sumqayıt Poeziya Klubunun sədri İbrahim İlyaslı, şair-dramaturq Eyyub Qiyas, şairlər – Maarif Soltan, Kəmalə Abiyeva, İlqar Türkoğlu, Süleyman Hüseynov, Faiq Balabəyli, Ayaz Arabaçı, Şahməmməd Dağlaroğlu, Türkiyədən gəlmiş qonaq –“ şairə Nilufər Sungur Şəhla xanımın tərcüməçi kimi Azərbaycan şair və yazıçılarının əsərlərinin yalnız özbək oxucularına deyil, həm də bütün rusdilli oxuculara çatdırılmasında yorulmaz əməyini və tərcüməçi istedadını yüksək dəyərləndiriblər.
Tədbirdə Ş.Qasımova Azərbaycan və Özbəkistan şairlərinin rus dilinə çevirdiyi şeirlərdən ibarət “Duşa” (“Qəlb”) adlı almanaxı təqdim edilərək, tədbir iştirakçılarına paylanıb.
Görüşdə alqışlarla qarşılanan Şəhla Qasımova ona göstərilən diqqət və səmimiyyətə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və azərbaycanlı sənət dostlarına təşəkkürünü bildirib. Minnətdarlıq ifadəsi olaraq hörmətli qonağa təzə-tər gül dəstələri təqdim edilib və xatirə şəkilləri çəkilib.
Özbək qonağımız Azərbaycana gəlişinin ilk günündə Şəhidlər xiyabanına gedərək, ölkəmizin suverenliyi və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət edib, qəbrləri üzərinə gül-çiçək düzüb.
Şairə və tərcüməçi xanımın Quba, Şabran, Gəncə və Sumqayıt yazarları ilə görüşləri də yaddaqalan olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz