Nəvəmi yaşadan qadın

2009-cu ildə oğlumun ailəsində üçüncü uşaq dünyaya gəldi, əvvəlki 2 nəvəm oğlan olduğuna görə Zeynəbimin dünyaya gəlişi bizə elə bu dünya boyda sevinc gətirdi. Gözəl-göyçək bir uşaq vermişdi Allah təala bizə. Sevincimizin həddi-hüdudu yox idi. Bir ailə Zeynəblə nəfəs alırdı, bir qığıltısına, bir gülüşünə yüz yol qurban gedirdik. Ancaq Zeynəbimin heç bir yaşı tamam olmamış onda narahatlıqlar başladı, azacıq ağlayan kimi dodaqları gömgöy olur, nəfəsi tamam daralırdı.
Nəvəmi  yaşadan qadın
Gün keçdikcə bu problemlər artmağa başladı, həkim, dərman, aramsız müalicələr, saatlarla təmiz havada gəzinti… amma faydasız. Artıq 1 yaşı olanda rayonda həkimlər məsləhət gördülər ki, Zeynəbi Bakıya aparaq və kardioloji müayinələrdən keçirək. Ürəyimizi əlimizlə tutub körpə Zeynəbi Mərkəzi Neftçilər xəstəxanasına gətirdik, müayinələr və bu müayinələrdən sonra verilən son qərar hamımızı yasa bürüdü: Zeynəbin, bu balaca, gözəl balanın bapbalaca ürəyi anadangəlmə qüsurlarla dolu imiş demə. Həkimlər Zeynəbin ürəyində son dərəcə riskli olan 2 əməliyyat aparılmasa uzağı 4-5 il yaşaya biləcəyini və hər an da ölüm təhlükəsi ilə üz-üzə olduğunu deyəndə dünyamız alt-üst oldu. Ən pisi də o idi ki, həkimlər əməliyyatların uğurlu keçəcəyinə tam əmin deyildilər, ürəkdə problemlər çox, Zeynəbim körpə, gücsüz… Həkimlərin əməliyyatın tam başarılı olacağına ümid verməmələri bir yandan, əməliyyatlar üçün lazım olan 15 minə yaxın pulun ailəmizin büdcəsi ilə ziddiyyət təşkil etməsi o biri yandan bizi çar-naçar qoydu. Həkimlərin məsləhəti ilə ardıcıl müalicələrlə bir neçə narahat ili yola saldıq. Ötən ilin əvvəllərindən Zeynəbimin vəziyyəti tamam pisləşdi, artıq təkcə dodaqlar yox, əlləri də göyərir, sinə şişib qalxır, uşaq pilləkən çıxa, yol gedə bilmirdi. Balam gözümüz görə-görə addım-addım sona yaxınlaşırdı, artıq çarə yox idi, azacıq ümidlə belə əməliyyata getməkdən başqa yol qalmırdı. Yenə maliyyə problemi. Zeynəbimin atası günəmuzd işçidir, babası birinci qrup Г‡ernobıl əlilidir, aylıq gələn pul ailənin dolanacağına güclə yetirdi. Neynim, necə edim? – deyib odla-su arasında qaldığımız bir məqamda İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi köməyimizə yetdi. Mərkəzin əməkdaşları ilə birlikdə Göyçaya gedib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın burada keçirdiyi zona səyyar qəbulda olduq və uşağın vəziyyəti barədə Hicran xanıma məlumat verdik. Zeynəbimi də aparmışdıq, bizi çox səmimi qəbul etdi, dərdimizi dinlədi. Qətiyyətli səslə “qoymarıq ki, belə gözəl balaya nə isə olsun, hökmən kömək edəcəyik” dedi. Tərəddüdlə getdiyimiz yolu böyük inamla geri döndük və inamımızda yanılmadıq. Bir neçə gündən sonra Komitədən evimizə zəng oldu, Zeynəbimin sənədlərini istəyirdilər, bir neçə gündən sonra yeni zəng, müayinələr, əməliyyata hazırlıq üçün müalicələr. Həkimlər ürəkdə qüsurlar çox olduğu üçün 2 əməliyyatın vacibliyini bildirmişdilər. Hər iki əməliyyatın bütün xərclərini də Komitə öz üzərinə götürmüşdü. Və nəhayət, noyabrın 5-də akademik M.R.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Belarusiyadan gələn həkimlərin də iştirakı ilə Zeynəbim ilk əməliyyat olundu. Komitənin nümayəndələri də xəstəxanada bizimlə birgə 9 saatdan çox çəkən əməliyyatın həyəcanını yaşadılar, şükürlər olsun ki, hər şey yaxşı qurtardı, nəvəm yuxarıda böyük Allahın, aşağıda böyük ürəkli Hicran xanımın sayəsində yaşamaq şansı əldə etdi. Onu da deyim ki, əməliyyat boyunca Hicran xanım həkimlərlə, Komitənin işçiləri ilə dəfələrlə əlaqə saxlayaraq əməliyyatın gedişatı ilə şəxsən maraqlanırdı. Həkimlərə uğurlu əməliyyata görə ilk təşəkkür edən də Hicran xanım oldu.
Artıq 5 aydır ki, ailəmizdə hamının üzü gülür, Zeynəb rahat nəfəs alır, gəzir, yaşıdlarına qoşulub oynayır, deyir, gülür. Hər dəfə nəvəmi belə görəndə bu sevinci ailəmizə yaşadan Hicran xanıma, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivinə ürəkdən təşəkkür edirəm.
Bu yaxınlarda Zeynəbimin ürəyində ikinci əməliyyat aparılacaq. Yenə Hicran xanımın köməkliyi ilə. İnanıram ki, bu dəfə də hər şey yaxşı qurtaracaq. Kömək olan insanlara Allah özü kömək olsun!
Məleykə Lətifova,
“Г‡ernobıl” Əlilləri İttifaqı İsmayıllı rayon filialının sədri

Şərh Yaz