Milli-mənəvi dəyərlərimizə diqqət

Kürdmaşı kənd tam orta məktəbində “İnformasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi yolları, milli-mənəvi dəyərlərin təbliğində İKT-nin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Milli-mənəvi dəyərlərimizə diqqət
Konfransda rayonun qabaqcıl müəllimlərinin bir qrupu iştirak edib. İştirakçılar tədbirdən əvvəl torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş məzunlarımızın kənd qəbiristanlığındakı məzarlarını ziyarət ediblər.
Sonra Təranə Bəkirovanın “Dövlət rəmzləri”, Fəridə Cəbiyevanın “Kəpənəklər”, Məhəbbət Qəmbərovanın “Vəhşi heyvanlar”, Dilşad İsgəndərovanın H.Cavidin “Ana” dramı, Tünzalə İsmayılovanın “R.Rzanın həyat və yaradıcılığı” mövzularında açıq dərsləri dinlənilib. Konfransın nəzəri hissəsini giriş sözü ilə Kürdmaşı kənd tam orta məktəbinin direktoru Hafiz Mehdiyev açıb və iştirakçıları salamlayıb. Məktəbin tarixi və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Rayon Təhsil Şöbəsinin metodisti, bu sətirlərin müəllifi Rəna Mirzəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası və təlim-tərbiyə milli-mənəvi dəyərlərdən istifadə imkanları” mövzusunda məruzə edib.
Kürdmaşı kənd tam orta məktəbinin müəllimlərindən Məhəbbət Qəmbərova “Xarici dili dərslərinin tədrisində İKT-dən istifadə” təcrübəsindən, Dilşad İsgəndərova “İKT-nin tətbiqi vasitəsi ilə ədəbiyyat dərslərində milli-mənəvi dəyərlərin aşılanması yolları”, Tamilla Cabbarova “İbtidai siniflərdə İKT və internet resurslarının köməyi ilə tədris prosesinin səmərəli təşkili təcrübəsindən”, Aşıqbayram kənd tam orta məktəbinin müəllimi Yusif Dəmirov “İKT imkanlarından istifadə etməklə elektron dərs resurslarının hazırlanması üsulları” mövzusunda çıxışlar ediblər. Şagirdlərin ifasında yüksək vətənpərvərliklə hazırlanan, milli-mənəvi dəyərlərimizi əks etdirən ədəbi-bədii kompozisiyası çox maraqla qarşılanıb.
Konfransı RTŞ-nin aparıcı məsləhətçisi Şəfaqət Rəsulov yekunlaşdırıb. Konfransın gedişi 10-dan artıq rayon məktəbində yayımlanıb.
Rəna Mirzəliyeva,
RTŞ-nin metodisti

Şərh Yaz