Bəsləsən, atlas olar tut yarpağından

Ölkə başçısı cənab İlham Əliyev 2016-cı ilin birinci rübünün yekunlarına dair hökumət üzvləri ilə keçirdiyi müşavirədə Respublikada ənənəvi istehsalat sahələrinin inkişafına böyük önəm vermişdir. Belə ki, pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur. Qeyd olunan sahələrdən rayonumuz üçün baramaçılığın perspektivli sahə olduğunu nəzərə alaraq tut ipəkqurdunun saxlanılmasına dair aqrozootexniki tövsiyyələri oxucuların nəzərinə çatdırırıq.
Bəsləsən, atlas olar tut yarpağından
Bəsləsən, atlas olar tut yarpağından
Bəslənmə otaqları qabaqcadan əhənglə ağardılmalı və formalin məhlulu ilə dezinfeksiya olunmalıdır. Tut ipəkqurdunun bəslənməsində temperatur və rütubətin əhəmiyyəti böyük əhəmiyyət daşıyır. Birinci, ikinci və üçüncü yaşlarında temperatur 25-26 dərəcə selsi, nisbi rütubət isə 65-75 faiz, dördüncü yaşda isə temperatur 23-24 dərəcə selsi, nisbi rütubət isə 65-75 faiz olmalıdır.
Toxumdan çıxan andan tut ipəkqurdu artıq birinci yaşında olur. Birinci yaşında olan barama qurdların yemləmə müddəti orta hesabla 3 gün çəkir. 3 gündən sonra qurdların baş hissəsi ağarmağa başlayır ki, bu da artıq onun yuxuya getməsinin əlamətidir. Birinci yaşda qurdlar 1,5, 2 gün yuxuda olurlar. Yuxuda olan qurdlara yem verilməsi qəti qadağandır. Ona görə ki, qurdlarda qabıq dəyişmə prosesi getdiyindən onlara yem verilməsinə ehtiyac yoxdur. Birinci yaşda olduğu kimi, ikinci və üçüncü yaşlarda da yemləmə müddəti 3-4 gün çəkir. Dördüncü yaşda yemləmə müddəti 5 gün, yuxusu isə 2 gün, beşinci yaşda isə yemləmə müddəti 7-8 gün, yuxusu isə 3 gün çəkir.
Birinci, ikinci və üçüncü yaşlarda qurdlar kiçik doğranmış yarpaqlarla yemlənməlidirlər. Dördüncü və beşinci yaşlarda isə yarpağı zoğla birlikdə vermək olar. Yadda saxlamaq lazımdır ki, birinci və ikinci yaşlarda qurdlar kiçik olduğu üçün künə dəyişilmir. Üçüncü yaşda 1-2 dəfə, dördüncü yaşda 3 dəfə, beşinci yaşda isə 4-5 dəfə künə dəyişilməlidir. Yemləmə müddətində hər iki saatdan bir otaqlar havalandırılmalıdır. Tut ipəkqurdunun barama sarımağa başlamasının ilk əlaməti olaraq bədənlərinin sarı (kəhrəba) rəngində olmasıdır. Bu mərhələdə sarıçiçək (turpəng) Şaxları tərəcələrə qoyulmalıdır.
Qurdlar orta hesabla 3 günə barama sarıyırlar, 8-ci gün isə baramalar şaxlardan yığılır və tədarük üçün hazırlanır.
Ağarza Zülfüqarov

Şərh Yaz