Kəsilən ağaclar qısalan ömrümüzdür

İsmayıllını hamı Azərbaycanın dilbər guşəsi – mirvarisi adlandırır. Hamını bu fikrə gətirən bölgəmizin bənzərsiz təbiətidir. Sözün düzü, meşələrimizin indiki vəziyyətinə görə bu adı rayonumuza şamil etmək bir qədər çətindir. Təəssüflü və acınacaqlı olsa da, çox yerdə meşələrimizin elə adı qalıb. Meşə zolaqlarında salamat qalan ağaclar isə demək olar ki, heç nəyə yaramadığından qalıb. Belə mənzərə ilə üzləşəndə adamın təbiətə yazığı gəlir. Bəzən 80-100 illik ağaclar olan meşəlikləri elə qırırlar ki, elə bil həmin yerdə şum çıxarıb, taxıl-filan əkəcəklər.
Kəsilən ağaclar qısalan ömrümüzdür
Kəsilən ağaclar qısalan ömrümüzdür
Bir qədər ciddi yanaşsaq bilərik ki, meşələr adi ağaclar deyil, onlar hamımızın udduğumuz hava, içdiyimiz sudur. İtirdiyimiz meşələr itirdiyimiz sağlamlığımızdır. Bəlkə oturub fikirləşək?! Ağaca vurduğumuz baltanı özümüzə vururuqsa, bəlkə əlimizi saxlayaq?
Son vaxtlar işsizlik adı altında meşə qırmağı özünə peşə edənlər, çörəyini meşədən çıxaranlar görəsən, etdikləri amansızlığa görə ürək ağrısı keçirirlərmi? Meşələrin qırılması davam edirsə, sualın cavabı məlumdur.
Hamıya məxsus olan sərvəti bir neçə nəfər amansız hansı ixtiyarla talayır görəsən? Təbiətimiz beləmi zəif qorunur? Meşə mühafizəçilərimiz məvacibi bəs nəyə görə alırlar?..
Yazın gəlişi ərəfəsində meşələrimizi qorumaq barədə düşünməyimiz heç də pis olmazdı. Onu da qeyd edim ki, qələmə aldıqlarımı heç də kimisə pisləmək məqsədi ilə etmədim. Sadəcə, yazdıqlarım ürəyimin ağrısından doğuldu.
Ümummilli liderimiz Heydər Əliyevdən bizə çoxlu sayda faydalı ənənələr, miraslar qalıb. Onlardan biri də hərəyə bir ağac əkmək ənənəsidir. Bu işi də gah görür, gah da görmürük. Əkdiyimiz ağacların bitməsi ilə çox vaxt lazımınca maraqlanmırıq da. Əslində sabahımızı, gələcəyimizi, övladlarımızı düşünürüksə, meşələrimizə qarşı diqqətli olmalıyıq. Kəsilən hər ağaca kəsilən, qısalan ömrümüz kimi baxmalı, buna etiraz səsimizi ucaltmalıyıq. İsmayıllı haqqında Azərbaycanın dilbər guşəsi kəlməsini eşitmək bizə nə qədər şirin gəlirsə, bu dilbər guşəni yaratmaq, qorumaq da bir o qədər vacib və doğma məsələ olmalıdır.
Rüstəm Məbudoğlu,
şəhər sakini

Şərh Yaz