Şəhidlər ölməz, Vətən bölünməz!

Vahabzadə Mikayıl Yaqub oğlu
Vətən, torpaq, yurd sevgisini qəlbində yaşadıb, məqamında özünü bu yolda qurban verənlər heç vaxt ölmür, ölümü ilə ölməzlik qazanıb şəhidlik zirvəsinə yüksəlirlər. Belə igid Vətən oğullarından biri də Vahabzadə Mikayıl Yaqub oğludur.
Şəhidlər ölməz, Vətən bölünməz!
O, 3 iyul 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində dünyaya göz açmışdı. Başı qarlı Baba dağının, tarixlər şahidi Niyalın bəyaz zirvələri, Girdiman çayının əbədi nəğməsi onun ruhuna, iç dünyasına köçmüşdü. Doğma Azərbaycan üçün layiqli vətəndaş olmaq arzuları uşaqlıqdan qəlbində kök salmışdı.
2000-ci ildə Maçaxı kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunmuş, 2004-cü ildə ibtidai təhsilini başa vuraraq, Tircan kənd tam orta məktəbdə təhsilini davam etdirmişdi. IX sinfə qədər burada oxumuş, 2009-cu ildə Yeniyola-babasının kəndinə getmiş, tam orta təhsil pilləsini burada başa vurmuşdur.
Mikayıl ibtidai sinifdən başlayaraq nümunəvi davranışı, yaxşı oxuması, təşkilatçılığı, intellektual səviyyəsi ilə müəllimlərinin sevimlisinə çevrilmişdi. Məktəb tədbirlərinin həmişə fəal iştirakçısı olub.
Bütün fənlərə eyni dərəcədə maraq göstərən Mikayıl 2011-ci ildə yüksək balla Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə daxil olmuşdu. Ali məktəbdə də yaxşı oxuyan M.Vahabzadə müəllim və tələbələr arasında böyük nüfuz qazanmışdı, ictimaiyyətçi tələbə kimi tanınırdı.
2015-ci ildə universiteti bitirən Mikayılın qəlbində işğal olunmuş Vətən torpaqlarını azad görmək arzuları çırpınırdı. Nə etmək, necə etmək, Vətənə hansı yolla xidmət etmək düşüncələri onu rahat buraxmırdı. Mübariz İbrahimov kimi qəhrəmanların həyat yolu onun üçün bir nümunəyə çevrilmişdi. Nəhayət, 2015-ci ilin 3 iyulunda, doğulduğu gün, hərbi xidmətə yola düşdü. Nümunəvi əsgər olaraq komandirlərinin bütün tapşırıqlarını layiqincə yerinə yetirirdi. Axı o həm də ali təhsilli mütəxəssis idi. Yeri düşəndə Mikayılın əldə etdiyi biliklər, fərdi bacarığı, yerindəcə vəziyyətdən çıxış yolu tapmaq qabiliyyəti çox vaxt kara gəlirdi. Əsgər yoldaşları, komandirləri onu əsil vətənpərvər kimi tanıyırdılar, mənfur ermənilərə olan böyük nifrətinin şahidi idilər.
2016-cı ilin 1-5 aprel günlərində tarixi düşmənlərimiz cəbhə boyu yenidən təxribata əl atdılar, atəşkəsi pozdular, hücuma keçdilər. Lakin vətənin qəhrəman oğulları düşmənə, işğalçıya layiqli cavab verdilər, Azərbaycanın, ordumuzun qüdrətini dünyaya bəyan etdilər. İşğal altında olan strateji yüksəkliklər düşmənlərdən təmizləndi, torpaqlarımızın bir hissəsi azad edildi. Şəhidlər verdik. Şəhidlik zirvəsinə yüksələnlər arasında İsmayıllının qəhrəman oğlu Vahabzadə Mikayıl Yaqub oğlu da var idi. O, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təxribatının qarşısı alınarkən Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Qəlbində Vətən eşqi, ürəyində gənclik arzuları!!!
İgid Vətən övladı, Azərbaycanı candan artıq sevən Vahabzadə Mikayıl Maçaxı kəndinin ən yüksək yerində, canından artıq sevdiyi vətən torpağına qovuşdu, Vətənin bir ovuc torpağını artırmaq üçün!
Allah rəhmət eləsin. Vətən sağ olsun!
İsmayıllı Rayon İcra Hakimiyyəti

Şərh Yaz