Yaddas kitabcasi

Xoşbəxtliyimizi doğulduğumuz torpaqda axtaraq

Ağbulaq kəndinin sosial problemlərini öyrənmək, bu istiqamətdə əsaslı iş görmək məqsədi ilə RİH başçısı Mirdaməd Sadıqov kəndin ümumi orta məktəbində sakinlərlə görüşüb.
Qısa arayış: Ağbulaq kəndi Qoşakənd inzibati ərazisinə daxildir. Kənddəki evlərin sayı 86, təsərrüfatların sayı 132, əhalinin sayı isə 426 nəfərdir.
Ağbulaq kəndində 220 yerlik ümumi orta məktəb fəaliyyət göstərir. Təəssüflər olsun ki, bu işıqlı və yaraşıqlı məktəbdə cəmi 34 şagird təhsil alır. Şagird sayının azlığı isə gənclərin iş dalınca başqa ünvanlara üz tutmasının nəticəsidir.
Xoşbəxtliyimizi doğulduğumuz torpaqda axtaraq
Kənddə bir nəfər Böyük Vətən müharibəsi, 6 nəfər Qarabağ müharibəsi veteranı, həmin müharibənin 3 əlili, bir şəhid ailəsi və bir Əfqanıstan müharibəsi veteranı yaşayır.
Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Görüş zamanı M.Sadıqov dünyada cərəyan edən hadisələr fonunda Azərbaycandakı sabitlikdən və rayonda gedən quruculuq işlərindən danışdı. Başçı bildirdi ki, İsmayıllı digər rayonlarla müqayisədə özü-özünü maliyyələşdirməyə daha imkanlı rayonlardandır və bunun üçün zəhmətə qatlaşmaq, işləmək lazımdır. Gənclərin kəndləri tərk etməsi özü çoxsaylı problem yaradır. Yaşlıların, xəstələrin, işə qadir olmayanların ümidinə qalan yaşayış məntəqələrində problemlərin olması təbii haldır. Ona görə də çalışmalıyıq ki, yetişən nəsil xoşbəxtliyini doğulduğu torpaqda axtarsın.
Başçı son ildə rayonda yetişdirilmiş 100 min tondan artıq taxılın istehsal olunmasında Ağbulaq kənd sakinlərinin də əməyi olduğunu vurğuladı, görüşdə iştirak edənləri daha yüksək nəticələr qazanmağa dəvət etdi.
Görüş zamanı olunan çıxışlarda Ağbulaq yolunun əsaslı təmir olunması, asfaltlaşdırması xahiş olundu. Əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılmasına ehtiyac olunduğu vurğulandı.
Rayon mərkəzindən 15 kilometr aralıda, bu kənddə təbii qazın olmaması hələ də sakinləri narahat edir. Digər bir narahatçılığın isə ötən əsrin 60-cı illərində 30-40 ev üçün quraşdırılmış elektrik transformatorunun zəifliyi və o vaxtdan əkilən elektrik dirəklərindən bir çoxunun yararsız hala düşməsi ucbatındandır.
Görüş zamanı başçıya fərdi problemlərlə bağlı müraciətlər də oldu. Qaldırılan problemləri diqqətlə dinləyən RİH başçısı tədbirdə iştirak edən xidmət idarələrinin rəhbərlərinə onların həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.
Şahməmməd Soltanov

Şərh Yaz