Vətən sənə oğul dedi!

Vətən mənə oğul desə nə dərdim?..
Vətən hər birimizin Vətənidir. O, hər bir vətəndaşına doğma anadır. Vətəndaş olaraq vətənimiz üçün nə edirik? – sualını tez-tez özümüzə verməliyik. Vətənimizin bizə verdiyi töhfələr qarşılığında biz vətənimizə hansı xidmətlər göstəririk? Kimisi öz sənəti ilə, kimisi yaradıcılığı ilə, digəri isə vətən uğrunda şirin canından belə keçməyi ilə Vətənə olan məhəbbətini göstərir. Vətən öncə özünün azadlığı uğrunda şəhid olmuş qəhrəmanlara oğul deyir. Belə oğullardan biri də Mikayıl Vahabzadə oldu.
Vətən sənə oğul dedi!
Kiçik yaşlarından şirinliyi, şıltaqlığı ilə qohum-əqrəbanın sevimlisi idi Mikayıl. Düşüncəsi, mədəniyyəti ilə ürəklərə yol tapmışdı. Evdə ata-ananın, məktəbdə müəllimlərin etimadını qazanmışdı. Taleyi onu təhsilini davam etdirmək üçün 2009-cu ildə Yeniyol kəndinə salmışdı. Burada orta təhsilini bitirdi, müəllim və şagird kollektivinin, kənd camaatının dərin hörmətini qazandı.
Təhsildə göstərdiyi nailiyyətlərlə Mikayıl ali məktəb zirvəsini də fəth etdi. Sadəliyi, saflığı hesabına qazandığı hörmət ali məktəb illərində bir qədər də artdı. O, çox istiqanlı, səmimi, yoldaş, gözəl dost, haqqa, ədalətə sığınan qorxmaz bir oğul idi.
Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola düşərkən Mikayılın məktəbimizdəki görüşü bu gün hər bir müəllim və şagirdimizin qəlbində niskilli xatirəyə dönüb. Xoş xatirələrimiz ona görə niskilə döndü ki, 2 aprel 2016-cı il tarixdə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısını alarkən igid balamız böyük şücaət göstərərək qəhrəmancasına şəhid oldu.
Sıralarımızdan gedişinlə çoxlarının ürəyini parçaladın, çox gözləri yaşlı qoydun. Yer də, göy də sənin üçün ağladı o gün. Sən həyatda iki ən şərəfli adı – müəllimliyi və şəhidliyi qazandın. Ölümü ilə ölməzlik qazanan igid eloğlu, səninlə fəxr edirik! Nəsillər dəyişsə də, sənin əziz adın əbədi xatırlanacaq və yaşayacaqdır! Г‡ünki Vətən sənə OДћUL dedi!
Mikayıl, ruhun şad, yerin cənnət olsun! Timsalında Vətən uğrunda şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik.
Vəfa Vahabova,
Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz