Ədəbiyyat dərslərində vətənpərvərlik hissinin şagirdlərdə formalaşdırılması

Bədii ədəbiyyat incəsənətin bir növü – həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Bədii əsərləri öyrənən məktəbli müəllimin, dərsliyin ədəbiyyatşünaslıq əsərlərinin köməyi ilə öz qavrayışını cilalayır. Şagirdin bədii ədəbiyyat oxucusu kimi tərbiyəsi onun ifadəli oxu təhlil nitq bacarıqlarına yiyələnməsini nəzərdə tutur. Ədəbiyyat fənni həqiqi vətəndaşın və müasir dünya görüşlü şəxsiyyətin yetişməsində mühüm rolu olan fənlərdəndir.
Ədəbiyyat dərslərində vətənpərvərlik hissinin şagirdlərdə formalaşdırılması
Ədəbiyyat fənni şagird şəxsiyyətinin, onun mənəvi aləminin estetik zövqünün formalaşmasında böyük imkanlara malikdir. Ədəbiyyat dərslərinə həyat və mənəviyyat dərsləri, idrak fəaliyyətinin bir növü kimi yanaşmalıdır. Orta təhsil müəssisələrində ədəbiyyat üzrə öyrədilən mənəvi dəyərlərlə zəngin məzmunu nəzərdən keçirməklə bu fənni tədris edən hər bir müəllimin necə böyük imkanlara malik olduğunu təsəvvür etmək mümkündür. Bir müdrik ifadədə deyilir ki, müəllim sabahkı nəsilləri ürəyinin hərarəti ilə gələcək həyata aşılayan, onların qəlbində vətənə sevgi toxumlarını səpən ali varlıqdır. “Vətənpərvərlik” məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Bu dəyərli kəlamlar ulu öndər Heydər Əliyevindir. Bu gün ölkəmiz müharibə şəraitindədir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Vətənini, torpağını sevməyən şagird gələcəkdə heç zaman şəxsiyyət kimi formalaşa bilməz. Vətənin ana qədər müqəddəs olduğunu şagirdlərə kiçik yaşlarından aşılamalıyıq. Bunun üçün şagirdlərə tez-tez qəhrəmanlıq, vətənə sevgi mövzusunda inşa, esse yazdırmalıyıq. Milli Qəhrəmanlarımızı şagirdlərimizə yaxından tanıtmalıyıq.
Şagirdlərə ən başlıcası bu hissi aşılamalıyıq ki, vətən anlayışı insan həyatında mühüm yer tutur. Hər bir insan yurduna sadiq və layiq vətəndaş olmaq üçün əlindən gələni əsirgəməməlidir. Vətəni yaşadan da, ucaldan da, şərəfləndirən də bizik – VƏTƏN ÖVLADLARI. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Qarşıdan Xocalı faciəsinin il dönümü gəlir. Pedaqoji fəaliyyətim dövründə hər il Xocalı faciəsi ilə bağlı inşa yazdırıram. İldən ilə hiss edirəm ki, inşaların təsir gücü azalır. Şagirdlər inşalarında bu dəhşəti tam gücü ilə əks etdirə bilmirlər. Biz nəsil həmin faciənin şahidləriyik. Əlimizdən gələni etməliyik ki, gələcək nəsillər də bu vəhşiliyi öz qabarıqlığı ilə hiss etsinlər. Ən əsası düşmənə nifrət hissini aşılamalıyıq. Düşmənləri qəlbimizdəki vətən sevgisinin, vətən məhəbbətinin alovu ilə məhv etməliyik. Düşmən nə qədər hiyləgər və məkrli olsa da o, Azərbaycan övladlarının qarşısında qorxaq və acizdir. Г‡ünki Azərbaycanın mərd, igid və şir ürəki oğulları, Koroğlu, Babək və Qaçaq Nəbi kimi qəhrəmanları vardır. Bizim damarlarımızda onların qanı axır. Şagirdləri inandırmalıyıq ki, düşmən bizim sərhədlərimizi parçalasa da ürəyimizi, beynimizi, əyilməz ruhumuzu, xalqımızın şanlı keçmişini heç vaxt bölə bilməz. Nə qədər ki, el yolunda şam olub əriyən, yalnız özləri üçün deyil, Vətən üçün, millətimizin, xalqımızın gələcəyi üçün yaşayan Mübariz kimi oğulları var, demək Azərbaycan da daima inkişaf edəcəkdir.
Nigar Abdullayeva,
Cülyan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz