Yurdumuza bahar gəldi

Bu il Novruz bayramı İsmayıllıda hər il olduğundan daha rəngarəng və təntənəli şəkildə qeyd olunub. Geniş, məzmunlu və əhatəli ssenari əsasında hazırlanmış bayram şənliyi bəzədilmiş faytonların, musiqiçilərin müşayiəti altında şəhərin küçələrini gəzməklə, carçıların əhalini bayram tədbirinə dəvəti ilə başlayıb. Bayramsayağı və milli ruhda bəzədilmiş Mərkəzi meydana yığışan 5000-dən artıq tamaşaçı əsil bayram əhval-ruhiyyəsi yaşayıb.
Yurdumuza bahar gəldi
Əl işlərindən, sənətkarlıq nümunələrindən, sənaye və kənd təsərrüfatı məhsullarından, milli kulinariyadan ibarət sərgiyə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH-nin aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, qonaqlar, eləcə də rayon ictimaiyyətinin nümayəndələri maraqla tamaşa ediblər.
Şən və oynaq musiqi sədaları altında Dədə Qorqud xalqı Novruz bayramı, baharın gəlişi münasibəti ilə tədbirdə iştirak edənləri, onların timsalında ismayıllıları təbrik edib. RİH başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, təqaüdçü müəllim Səkinə Məmmədova Mərkəzi meydanda çatılmış bayram tonqalını alovlandırıblar. Sərkərdə Cavanşir, Bahar qızı meydana daxil olub, tamaşaçıları salamlayıblar.
Bayram şənliyi Kosa və Keçəlin məzəli əhvalatları ilə davam etdirilib.
Müğənni Sahibə Abdullayevanın, Aşıq Yanvarın, muğam müsabiqəsi qalibi Kamilə Nəbiyevanın, Rövşən Teyyubovun, İntiqam İbrahimovun, Sevil İsmayılqızının, İsmayıl Abbasovun, Elxan Osmanlının və başqalarının ifa etdikləri mahnılar, folklor və rəqs qruplarının çıxışları bayram şənliyinə xoş ovqat gətirib.
Novruz şənliyinə həsr olunmuş ümumrayon tədbirində idmançı və kəndirbazların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bayram şənliyi “Novruz bayramınız mübarək olsun” mahnısının sədaları altında sona çatıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz