Şairin 60 illik yubileyi qeyd olunub

Həmyerlimiz, “Qobustan” jurnalının redaktor müavini, istedadlı şair Maarif Soltanın 60 illik yubileyi böyüyüb boya-başa çatdığı İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub.
Rayonumuzun ən ucqar kəndlərindən birində, Brovdalda dünyaya göz açan, mayası zəhmətdən, halallıqdan yoğurulmuş Maarif Soltan uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. O, yaratdığı poetik nümunələrlə çoxsaylı oxucu kütləsi qazanıb.
Şairin 60 illik yubileyi qeyd olunub
M.Soltan İsmayıllı şəhər 3 nömrəli məktəbin məzunudur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. ”Dünya işıqla dolu”, “Dünyama açılan qapı” və s. kitabların, bir çox tərcümə əsərlərinin müəllifidir. Şeirləri bir çox dillərə tərcümə olunub, nüfuzlu ədəbi jurnallarda, antologiyalarda dərc olunub. Bir neçə beynəlxalq ədəbi mükafata layiq görülüb.
Martın 22-də rayon Mədəniyyət Sarayının zalında reallaşan yubiley tədbirində rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi Mirdaməd Sadıqov, RİH-nin aparat işçiləri, yubilyarın qələm dostları, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və ağsaqqallar, “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri, şair və yazıçılar iştirak edib.
Yubiley tədbirində RİH-nin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, Seyran Səxavət, Aqil Abbas, Vaqif Bəhmənli, Baba Vəziroğlu, hüquqşünas Rəsul Səfərov, professor Nizaməddin Şəmsizadə, şəhər 3 saylı məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov və başqaları çıxış edib şairin yaradıcılığı, keçdiyi həyat yolu barədə ətraflı məlumat veriblər.
“Niyal” xalq çalğı alətləri ansamblının üzvlərinin ifa etdikləri mahnılar, rəqs qrupunun və qiraətçilərin çıxışları tədbirə daha dolğun bir məzmun verib. Şeirlər, ifa olunan mahnılar yüksək alqışlarla qarşılanıb. Maarif Soltana yubiley hədiyyələri təqdim olunub.
Sonda şair Maarif Soltan keçirilən tədbirə görə rayon İcra Hakimiyyətinə, bütün İsmayıllı ictimaiyyətinə öz təşəkkürünü bildirib, doğulduğu torpaqdan həmişə böyük güc, ilham aldığını dilə gətirib.
Murad Məhərrəmov

Şərh Yaz