Bu bəladan bizə də pay çatıb

Tarixə bir ləkə olan ermənilərin Azərbaycanda törətdikləri qətliamlar ölkəmizin hər yerini əhatə edir. Bakı, onun ətraflarında, Qubada, Lənkəranda, Şamaxıda və başqa yerlərdə törədilən soyqırımı haqqında çox yazılıb, deyilib. İsmayıllı torpağı da bu bəladan kənarda qalmamışdır. “İsmayıllı xəbərləri” qəzetində də bu mövzuda müxtəlif müəlliflərin yazıları verilmişdir. Bu yazıda isə rayonumuzun Qıçatan kəndində ermənilər tərəfdən törədilmiş qətliamın istintaq materiallarını nəzərdən keçirəcəyik. Bu işdə bizə görkəmli alim Solmaz Rüstəmovanın – Tohidinin kitabı yardımçı olacaq.
Bu bəladan bizə də pay çatıb
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidinin “Şamaxı qəzasında 1918-ci il mart- iyul aylarında azərbaycanlıların talan edilməsi sənədlərdə” (II cild) kitabında verilmiş istintaq materiallarına istinad edəcəyik. Azərbaycan hökuməti bu məqsədlə Fövqaladə İstintaq Komissiyası yaratmış və bu qətliamların istintaqı ilə məşğul olmuşdur. Alimin həmin kitabının 5-ci bölməsinin V fəslində “Qıçatan kəndinin talan edilməsi haqqında istintaq işi” başlığı ilə xeyli sənəd toplanmışdır. Burada şahidlərin izahatları, polis orqanlarının arayışları, dindirilmə sənədləri və sair sənədlərlə tanış olmaq mümkündür.
Mart ayında Bakıda başlayan qətliam və talanlar dalğa kimi rayonlara da yayıldı. Silahlanmış ermənilər paytaxtdan kənarda da qətliamlara başladılar. Paytaxtdan heç də o qədər uzaq olmayan Şamaxı qəzasında talanlar başladı. O zaman İsmayıllı rayon kimi mövcud deyildi. Girdiman çayının Şərq tərəfi Şamaxı qəzasına, digər tərəfi isə Göyçay qəzasına aid idi. Şamaxı qəzasına aid olan hissəsində erməni talanları, qətliamlar daha çox olmuşdur. Bu zonada elə bir kənd qalmamışdı ki, erməni təcavüzünə məruz qalmasın.
Şahidlər öz izahatlarında yazırlar ki, 1918-ci il aprelin sonlarında bir dəstə erməni Qıçatan kəndini hər tərəfdən mühasirəyə alır. Kəndə Zərgəran kənd sakini Cahangir Rüstəm oğlu, Mkırtıç Budaqov, Gürcüvan (indi Ağsu rayonunun ərazisinə daxildir) kənd sakini, yerli keşişin qardaşı Levon Pirverdov və Saqiyan kənd sakini Nerses Artyom oğlunun başçılıq etdiyi dəstə hücum etmişdi. Kənd sakinlərinin bir qismi kol-kosluqda, meşədə gizlənib canlarını qurtara bilirlər. Onlar ermənilərin qarşısına ağ bayraqla çıxıb məsələni sülh yolu ilə həll etmək istəyirlər. Yuxarıda adlarını çəkdiyimiz quldur başçılar kənd sakinlərinin hamısının bir yerə toplanmasını əmr edirlər. Bu tələb yerinə yetirilir. Hamı kəndin kənarındakı Qurban bağı deyilən yerə toplaşır. Qadın və uşaqları ayırıb hamısını qətlə yetirdilər. Kişiləri bu yerdən uzaqlaşdırıb hamısına yerə uzanmağı əmr edirlər. Atəşlə, xəncərlə hamısını qırırlar. Onlardan yaralı Əlibaba Hacı Əzim oğlu qaçıb canını qurtarır. Bir müddətdən sonra həmin yaradan dünyasını dəyişir. Kənddən 50 kişi, 60 qadın və 21 uşaq qətlə yetirilib. Kənddə bağa gəlməyənlər sağ qala bilmişdi. Sonradan kəndə qayıdan sakinlər evlərini qarətdən sonra yanmış, mal-qara talan edilmiş görürlər. Bütün bu faktları kəndin starşinası Hümbət Molla İsa oğlu izahatı ilə təsdiqləyir. Digər şahidlər də bu qətliamın təfərrüatını təsdiqləyirlər.
Erməni başkəsənləri kənd əhalisini bir yerə toplayanda onlara vəd edir ki, heç kəsə toxunulmayacaq. Burada erməni məkrliyi, bizimsə, hər sözə inanmağımız göz qabağındadır. Hümbət Molla İsa oğlu öz izahatında yazır: – adamlar bağa yığışanda qoca atamı götürüb gizlicə meşəlikdəki dağda gizləndik. Oradan ermənilərin törətdikləri vəhşilikləri izləyirdik. Г‡ox az adam xilas ola bildi. Biz kəndə iki aydan sonra, türk əsgərləri buralara gəlib çıxandan sonra qayıtdıq.
Yuxarıda qeyd etdik ki, istintaq komissiyası cinayətkarları istintaqa cəlb edib, dindirib. Erməni məkrliyi burada da özünü büruzə verir. Onlar hər cür yalanlarla özlərini təmizə çıxarır, günahkar olmadıqlarını sübut etməyə çalışırlar. Bu dindirmələr zamanı elə danışırlar ki, sanki belə qəddarlıqlar onlar tərəfindən törədilməyib. Dindirilmə zamanı Nerses Arutyunoviç Tatevosyants hər şeyi inkar edir, özünü günahsızlığın qurbanı kimi qələmə verir. Hələ Hümbətin ona qara yaxdığını deyir və heç kəsi öldürmək fikrində olmadığını sübut etməyə çalışır. Onunla birlikdə günahsız adamları gülləbaran edən caniləri də tanımadığını iddia edir. Hümbətgillərlə heç bir ədavəti olmadığını bildirir. Həyasızlığa bax e, əsl erməni simasızlığıdır. Onların cinayətkar olduqlarını gizlənmiş yerli sakinlər də izahatlarında təsdiqləyirlər. Bu şahidlər də qıçatanlılar olub və gözləri ilə də görüblər ki, qətliam törədənlər həmin ermənilərdir. Axı onların ailə üzvləri də ermənilər tərəfindən qətlə yetirilmişdir.
Həmin erməni dəstəsinin cinayətlərinin canlı şahidləri olan Bizlan kənd sakinləri –“ Dəmir Əsədulla oğlu, Şaban Əlihümbət oğlu, Fətulla Xudu oğlu və Fərman Abdul oğlunu göstərmək mümkündür. Belə şahidlər Pirəbilqasım kəndindən də var. Məsələn, Yarməmməd Hacı Ağa oğlunu, Məmməd Cabbar oğlunu, Fətulla Xələf oğlunu, Babaxəlil Cəlil oğlunu, Valid Г‡ələbi oğlunu, Şahbaz Ələkbər oğlunu, Seyfəddin Sədrəddin oğlunu və başqalarını misal çəkmək olar. Ümumilikdə, rayonun bu zonasındakı kəndlərdən 1029 nəfər erməni terrorunun qurbanı olmuşdur.
İstintaq komissiyasının materialları məhkəməyə verildi. Düşünmək olardı ki, onların hər biri ən ağır cəzaya layiq görüləcəkdir. Bunun əvəzində Nerses Tatevosyants, Ohan Tatevosyants və Şahmurad Aqasiyeviç Tanmuxyants 1920-ci il 9 fevral tarixli qanuna əsasən amnistə salınırlar. Azərbaycan xalqına ikili baxışlar o zamanlardan başlamışdır.
Yuxarıda adını çəkdiyimiz müəllifin kitabının sonunda böyük bir xəritə verilib. Həmin xəritədə rayonumuzun erməni talanlarına məruz qalan kəndləri (Şərq zonası) göstərilmişdir. Şamaxı rayonunda törədilən qətliamlar da bu xəritədə öz əksini tapmışdır. Bir faktı da qeyd edək ki, rayonumuzun qərb zonasındakı kəndlərdə törədilən cinayətlərin istintaq materialları haqqında kitabda məlumatlar yoxdur. Həmin materiallar nədənsə, Tbilisi şəhərinə göndərilib. Gürcülər də materialları Fransa arxivlərinə satıblar. Sənədlərin, yaxud surətlərinin əldə edilməsi dövlət səviyyəsində həllini tapmalıdır.
B.Babayev

Şərh Yaz