Zaman dəyişsə də, düşmənimiz dəyişmir

Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü qondarma “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə bağlıdır.
Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş vermişdir. Həmin fəlakətin qəddar lideri Stepan Şaumyan olmuşdur. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində S.Şamuyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Böyük Britaniya hökumətindən milyon qızıl rubl alan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdir.
Zaman dəyişsə də, düşmənimiz dəyişmir
1918-ci ilin martında Bakıda vəziyyət son dərəcə gərgin idi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilmiş “Müsavat”ın nüfuzunun getdikcə artması Bakı Sovetini ciddi narahat edirdi. Bakı Sovetinin rəhbərliyi milli qırğın törətməklə “Müsavat“ partiyasının sosial bazasını zəiflətməyə və Azərbaycan milli hərəkatına divan tutmağa çalışırdı.
Hələ yanvar ayında Müsəlman Korpusunun komandanı general Talişinskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisinin ciddi narazılığına səbəb oldu. Erməni daşnaklarının şəhərin müsəlman əhalisi ilə bolşeviklər arasında silahlı toqquşma törətmək planı baş tutmadı.
Mart ayının 15-də Bakı Sovetinin iclasında Şaumyanın “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” göstərişi əslində azərbaycanlılara qarşı soyqırıma başlamaq üçün çağırış rolunu oynadı.
Milli qırğını başlamaq üçün isə bəhanə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Azərbaycanlılar buna etiraz edərək müsadirə edilən silahların geri qaytarılmasını tələb etdi.
M.Ə.Rəsulzadə alınmış silahların “Hümmət” təşkilatı vasitəsi ilə qaytarılması barədə razılığa nail olsa da, bolşevik-daşnak hökuməti öz vədlərinə əməl etmədi. Mart ayının 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün Bakı Soveti yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı. Elə həmin gün erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəşi açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstəsi azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrinə hücuma keçdilər. Ermənilər rus matroslarına dedilər ki, guya azərbaycanlılar İçəri şəhərdə rusları qırır. Bu təbliğata uyan matroslar hərbi gəmilərdən və təyyarələrdən müsəlman məhəllələrini bombalamağa başladılar.
Qeyri-bərabər döyüşdə soyqırıma məruz qalan müsəlmanların martın 31-də müqaviməti dayandırmalarına baxmayaraq ermənilər qırğını davam etdirirdilər.
Müsəlmanların soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Bolşevik-daşnak birləşmələri “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmış, “Təzəpir” məscidini top atəşləri ilə zədələmişdilər.
Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı davam etdirmişdilər.
Zaman dəyişsə də, düşmənimiz dəyişmir
Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisinə qanlı divan tutulmuşdur. S.Lalayan və T.Əmirovun quldur dəstələri aprelin 3-16-da Şamaxı əhalisini soyqırıma məruz qoydular. Daşnaklar 8 mindən artıq dinc azərbaycanlı əhalini öldürdülər, 72 kəndi dağıtdılar.
Hamazasın başçılıq etdiyi silahlı dəstələr Quba qəzasının 162 kəndini yandırdı, 16 mindən çox müsəlmanı öldürdü.
Soyqırımı 1918-ci il sentyabrın ortalarınadək davam etdi. Bu soyqırım zamanı 50 mindən çox azərbaycanlı öldürüldü. 10 mindən çox insan yurd-yuvalarından didərgin salındılar.
S.Şaumyan aprelin 13-də Leninə yazdığı məktubunda daşnakların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu etiraf etmişdir.
1918-ci il mart soyqırımı baş verdiyi zaman İsmayıllı rayonunun ərazisi Bakı quberniyasının Şamaxı qəzasının tərkibində olmuşdur. Odur ki, rayonumuzun əhalisi də erməni vəhşiliklərinin qurbanına çevrilmişdilər. İsmayıllı rayonu üzrə soyqırıma məruz qalan kəndlərimiz aşağıdakılardır.
Zaman dəyişsə də, düşmənimiz dəyişmir
Bu gün dünyada yaşayan bütün azərbaycanlılar bu soyqırımını ağrı-acılar içində yad edirlər.
Lakin hamıdan fərqli olaraq Tircan camaatı bu gün iki faciəni qeyd edir. Biri, mart soyqırımı, digəri isə Tircan kənd tam orta məktəbi adını daşıdığı şəhid Musa Piriyevin şəhid olduğu günü.
Musa Piriyev 1969-cu ildə Tircan kəndində dünyaya göz açmışdır. Qarabağ müharibəsində iştirak edən Musa martın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə ağır yalanmış və Bakıya çatdırılsa da dünyasını dəyişmişdir. Mart ayının 31-də dünyaya göz açdığı Tircan kəndində torpağa tapşırılmışdır.
XX əsrin əvvəlində Mart soyqırımında erməni gülləsinə tuş gələrək şəhid olan tircanlıların nəvə və nəticələri əsrin sonunda yenidən erməni gülləsi ilə şəhid oldular.
Bəli, tarix təkrar olunur. Zaman dəyişsə də düşmənimiz dəyişməyir. Tarix boyu xalqımıza qarşı törədilən cinayətləri heç vaxt unutmayaq. Hər zaman ulu öndər Heydər Əliyevin sözlərini xatırlayaq. “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Allah bütün şəhidlərə rəhmət eləsin.
Gülyanaq Əliyeva,
Tircan kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz