Uğurların başlanğıcı

Təhsildə qazanılan uğurlar işinin bilicisi olan müəllimlərdən asılıdır. Sevindirici haldır ki, İsmayıllının tanınan müəllimləri sırasında gənclərimiz də az deyil. Belə gənclərdən biri Abdullayeva Bahar Fərzalı qızı 21 iyun 1977-ci ildə anadan olub. 1983-1994-cü illərdə İsmayıllı şəhər 1 nömrəli məktəbində təhsil alıb. Əla qiymətlərlə oxuyan Baharın müəllim olmaq arzusu ibtidai sinif müəllimi Əsli Yusifova və Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Əməkdar müəllim Mirvari Musayevaya olan sevgisindən yaranıb. Onlara bənzəmək fikri ilə peşə seçimində qərar verib: ”Müəllim olacağam, özü də sevimli müəllimlərim kimi ”.Uğurların başlanğıcı
Elə bu arzu da onu filoloq olmağa sövq etdi. 1996-2000-ci illərdə N.Tusi adına ADPU-nun filologiya fakültəsini bitirdi və həmin il doğma məktəbə – İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbə, öz sevimli müəllimlərinin sırasına Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi qayıtdı.
İnnovativ müəllim kimi fəaliyyət göstərən, daima yeni təlim texnologiyalarına yiyələnməyə can atan, bu yönümdə bütün təlim kurslarında iştirak edən, yenilikləri öz həmkarları ilə bölüşən, dərs dediyi siniflərdə tətbiq edən B.Abdullayeva bu fəaliyyətinin nəticəsində artıq respublika səviyyəsində xeyli uğurlara imza atıb. Bir neçə ildir ki, Təhsil Nazirliyinin elan etdiyi bir çox müsabiqə və layihələrin iştirakçısı və qalibi olur.
2013-cü ildə keçirilən “1 şagird -1 kompyuter” müsabiqəsində qalib olduğu üçün Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 23 avqust 2013-cü ildə xüsusi diplomla təltif olunmuş, dərs dediyi bir sinif otağı elektronlaşdırılmışdır. O, 2014-cü ilin mart ayında “e- Twinning” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimləri arasında keçirilən online poster müsabiqəsinin azərbaycanlı qalibi olmuş, dostluq mükafatı qazanmışdır.
2013-cü il ”İKT ili“ çərçivəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçirdiyi “E-hökumət; mövcud vəziyyət, problemlər, perspektiv vəziyyət və gözləntilər” analitik məqalə müsabiqəsində iştirak etmiş və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
09-16 noyabr 2013-cü ildə “Mədəd Azərbaycan“ təşkilatının “İNTEL-Gələcək üçün Təhsil” kursunun təlimçilər üçün təlimini müvəffəqiyyətlə bitirmiş, 2014-cü ilin may ayından təlimçi kimi xidmət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 931 в„– li sərəncamı ilə 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Bahar müəllimə bugünkü uğurlarının əsasını işlədiyi mühitdən, daima ona göstərilən dəstəkdən qaynaqlandığını düşünür. İşlədiyi 15 il ərzində həmin məktəbin direktoru olmuş Əməkdar müəllim Şəfaqət Rəsulovun atalıq qayğısı, liderlik bacarığı sayəsində özünə, öz bacarığına daha çox inanmış, ”Mən bacarmaram” kompleksi yox olmuşdur.
Bahar müəllim ilk müvəffəqiyyətinin – 2013-cü ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “1 şagird – 1 kompyuter” müsabiqəsi qalibi olmasını digər uğurlarına açılan yol kimi qiymətləndirir. Belə ki, Elektron Təhsil çərçivəsində keçirilən bu müsabiqəyə təqdim etdiyi dərs layihəsi qalib olduqdan sonra mükafat olaraq dərs dediyi bir sinif e-lövhə. proyektor, müəllim və şagirdlərin hər biri üçün fərdi kompyuter, proyektor və sürətli internetlə təchiz edilib.
Sinifdəki şəraitin yaratdığı geniş imkanların sayəsində rəhbərlik etdiyi sinfin şagirdlərinin zəif oxuyanı belə kompyuterdən sərbəst istifadə bacarıqlarına yiyələnib, müstəqil şəkildə ev və sinif tapşırıqlarını yerinə yetirir, elektron formada təqdim edir, Web 02 alətlərində maraqlı və yaradıcı dərs resursları hazırlayır, müxtəlif müsabiqə və olimpiadalarda fəal iştirak edirlər. Demək olar ki, hər bir şagirdin Rusiyada keçirilən distant fənn olimpiadasında müxtəlif fənlərdən ən azı bir diplom və ya sertifikatı vardır. Maraqlısı odur ki, həmin şagirdlərin rus dili savadları yüksək olmasa da, məharətlə, çevik şəkildə tərcümənin köməyi ilə suallara baxır və onları cavablandırırlar. Bu maraq onları rus dilini də mükəmməl öyrənməyə yönəldir.
İKT-nin geniş imkanlarından yararlanaraq E-Twinning layihəsi çərçivəsində müxtəlif beynəlxalq layihələrə qatılır, dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edirlər. Əməkdaşlıq etdiyi Türkiyə məktəbliləri ilə tez-tez skype vasitəsilə görüşlər təşkil edir, intellektual oyunlar keçirir, xüsusilə ədəbiyyat dərslərində klassik və müasir şair və yazıçıların həyat və yaradıcılığı ilə bağlı dərs mübadiləsi aparırlar.
Bahar Abdullayevanın əməkdaşlıq etdiyi bu cür beynəlxalq layihələrdən biri “E-Twinpaper” Avropa, digər ikisi: Let’s play, dance and eat traditionally!” və “E-Twinland” layihələri isə Türkiyə və Azərbaycan Təhsil Nazirliyinin keyfiyyət nişanına layiq görülmüşdür.
Şagirdlərin uğurla həyata keçirdikləri bu işlər onların müasir dövr orta ümumtəhsil məktəbinin başlıca strategiyası olan yüksək intellektual və hazırlığa malik, qazandıqları bilikləri həyatın müxtəlif sahələrində istifadə etməyi bacaran, yaradıcı və hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi yetişmələrinə gətirib çıxarır.
Bunun nəticəsidir ki, ötən dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mərkəzi Bankın birgə həyata keçirdiyi “Məktəblilər arasında həyat bilgisi və maliyyə savadlılığının artırılması” məqsədilə “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqədə həmin sinfin şagirdi Abdullayev Fəridin hazırladığı video çarx fərqlənərək qalib oldu.
Sinfin şagirdləri Təhsil Nazirliyinin elan etdiyi “E-təhsil“ müsabiqəsində də fəal iştirak edir, maraqlı elektron dərs resursları təqdim edirlər. Keçən tədris ilində İsmayıllı Vüsalə “Alp Loto“ informatika müsabiqəsində respublika üzrə ikinci yeri qazanmışdı. Bu il keçirilən “E-təhsil” müsabiqəsinin bir dominantı isə yenə biologiya fənnindən maraqlı dərs resursu hazırlamış həmin sinfin şagirdi Nəzrin Hacıyeva idi.
Bir məsələni də qeyd etmək yerinə düşər ki, bütün bu uğurların arxasında ən böyük məsuliyyət Bahar müəllimin üzərinə düşsə də, ancaq bu işlərdə təhsillə əlaqəsi olan valideynləri də unutmaması nailiyyətlərinə açar rol oynayır. Valideynlərlə sıx əlaqəsinin olması ona daha çox müvəffəqiyyət qazanmaqda kömək olur. Müəllim-valideyn münasibətlərinin şagirdlərin mənəvi həyatına təsir göstərən ən əhəmiyyətli pedaqoji faktor kimi dəyərləndirən Bahar müəllim daima “Müəllim –“valideyn qarşılıqlı münasibətinin düzgün tərbiyənin əsasını qoyur“ prinsipinə əsaslanır. O bildirdi ki, bu iş arzuladığımız şagirdlərin formalaşmasına böyük təsir edir.
Bahar Abdullayeva və rəhbərlik etdiyi 8 A sinfi ilə hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci ilin sentyabr ayından icrasına başladığı “Məktəb icmalar” pilot layihəsində uğurla iştirak edirlər.
Respublikanın 54 məktəbinin qoşulduğu bu layihədə məqsəd təhsil islahatlarının uğurla həyata keçirilməsində “məktəb-ailə-icma üçbucağı”nın əməkdaşlıq potensialını möhkəmləndirməkdir. Yeni yaradılan qurum – məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı idarə etmək üçün yaradılan şagird, valideyn və müəllimlərin birliyi kimi xarakterizə edilir. Layihəyə əsasən, icma çərçivəsində valideynlər, müəllimlər və uşaqlar bərabər hüquqlu fəaliyyət göstərəcək və birlikdə qərar qəbul edəcəklər.
Nazirlik rəsmiləri hesab edirlər ki, valideynlərin məktəb həyatında daha yaxın iştirakı və qərar vermək hüquqları təhsilin keyfiyyətinin yaxşılaşmasına, eyni zamanda uşaqların peşə-ixtisas seçimində düzgün istiqamətə yönləndirilməsində əhəmiyyətli rol oynayacaq: “Məktəb icmasının fəaliyyətinin nəticəsi məktəbdə və evdə mühitin yaxşılaşdırılması, təlimə marağın artırılmasıdır”. İcmalar dünyanın bir çox ölkəsində müxtəlif formalarda uğurla fəaliyyət göstərirlər. Həmin ölkələrin təcrübəsinə müraciət edəndə görürük ki, şagirdlər icmaların fəaliyyəti nəticəsində təhsilin daha maraqlı və zəngin olduğunu vurğulayırlar. Eləcə də prosesin 3 iştirakçısının birliyi dərslərdə davamiyyəti yüksəldir, davranış səviyyəsini təkmilləşdirir, dərslərdə uğur qazanma faizini yüksəldir. Ən əsası, valideynlərin uşaqlarının təhsilində mühüm rol oynadıqları diqqətə çatdırılır.
Layihə çərçivəsində community.az saytı yaradılıb ki, prosesin üç iştirakçısı burada fəal şəkildə fikirlərini bölüşür, maraqlı paylaşımlar edirlər. Dekabr ayında keçirilən müsabiqədə sinif icmaları 5 nominasiyadan ibarət bir müsabiqədə yüksək fəallıq göstərərək iştirak etdilər.
“Sinif icmasının ən yaxşı planı”, “Xərcsiz sevinc”, “Ən orijinal fikir”, “Sərhədsiz xeyirxahlıq”, “Ən fəallar” nominasiyaları istiqamətində keçirlən müsabiqədə Bahar müəllimin rəhbərlik etdiyi sinif icması “Ən fəallar” nominasiyası üzrə qalib gəldilər, Bakı şəhərində keçirilən mükafatlandırma mərasiminə dəvət aldılar və müsabiqədə qalib gələn 6 sinif icmalarının biri kimi Fəxri fərman və müsabiqənin tərəfdaş şirkətləri tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Ən yaxşı müəllim müsabiqəsinin qalibi, təhsil sahəsində baş verən yenilikləri yaradıcılıqla işinə tətbiq etməklə dərslərini müasir tələblər səviyyəsində qurmağa çalışan, keçirilən tədbirlərin fəal iştirakçısı, hələ gənc ikən pedaqoji ictimaiyyətin dərin hörmətini qazanmış, Bahar müəllimə gənc nəslin təlim-tərbiyəsində uğurlar diləməklə, yeni mükafatlar və təltiflər sevinci arzulayırıq.
Rəna Mirzəliyeva,
İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz