Ali arzu, uca zirvə

Yaşasaydı, bu il ömrünün 42-ci baharını qeyd edəcəkdi Ramiz.
1993-cü il avqust ayının 28-də Qubadlı rayonunun qərbində, Qarayazı uğrunda gedən qanlı döyüşlərdə düşmən gülləsinə tuş gəldi. Şəhidlik zirvəsinə ucaldı. O vaxtdan anadan olduğu Talıstan kəndində, oxuduğu məktəbdə, doğmaları, əzizləri tərəfindən ad günü anım günü kimi qeyd olunur.
Ramiz Politexnik İnstitutunda təhsil alırdı. Vətən sevgisi, torpaqlarımızı düşmən tapdağından xilas etmək arzusu ilə cəbhəyə yollanmışdı. Nümunəvi əsgər, cəsur döyüşçü idi. Ali təhsilini yarıda saxlayıb daha ali məqsədlə döyüşürdü. O, ali arzusuna, məqsədinə can atdığı yolda şəhidlik zirvəsinə qalxdı. Adını ölməzlərin, unudulmazların sırasına yazdı.
Gələn nəsillərə, torpaqlarımızı qorumaq ruhunda tərbiyə alan oğullarımıza torpağı necə sevməyin, onun uğrunda şəhid olmağın bariz nümunəsini belə canını qurban verməklə nümayiş etdirdi Ramiz Salmanov.
Adının əbədiləşdirilməsi məqsədi ilə rayonumuzdakı küçələrdən birinə onun adı verilib. Əzizləri, doğmaları üçün unudulmaz olduğu qədər bu küçədə yaşayanlar üçün də Ramizin adı doğma və əzizdir.
Ramizin, onun timsalında şəhid eloğlularımızın ruhu qarşısında baş əyirik.
Sən yurdun baş ucaldan, əbədiyaşar oğlusan. Ruhun şad olsun, Ramiz!
Salman Mehdiyev,
Talıstan kəndi

Şərh Yaz