Şəhid nəğməsi

(Məzarında yalnız qolu dəfn
edilmiş şəhidin dilindən)

Ömrümün sübh vədəsində,
Bağrım didildi zülmdən.
Yurda qanlı əl uzandı,
Qara qan axdı könlümdən.

Ədalət ki dustaq oldu,
Diri qala-qala soldum.
Canımı verib qurtuldum,
Ruhuma gələn ölümdən.

Qırılsa da neyim mənim,
Qaralsa da göyüm mənim,
Ağlamayın, öyün məni,
Bayraq yaradın qolumdan.

Zülmətdən işıq yaranar,
Dərddən keçib el arınar.
Harda şəhid məzarı var,
Salam söyləyin dilimdən.

Odlar yurdu –“ ocaq yeri,
Gül açacaq bu dağ yeri.
Mənəm əsrin bəxtəvəri;
Vətən göyərdi külümdən.
Oqtay İsmayıllı

Şərh Yaz