Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 30 aprel 2016-cı il tarixdə, saat 10-da Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini Göyçay Rayon Polis Şöbəsində qəbul edəcəkdir. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Elan
Qəbul başa çatdıqdan sonra, saat 12-də Azərbaycan Respublikasınin daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Göyçay Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcəkdir. Sıra baxışında müddəti həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və ya yaxın qohumları məhkum olunmamış, atletik cüssəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımdan, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki sağlamlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.
Bununla yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifəsinə Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.
Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və ya yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işləri üçün müəyyən olunmuş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.
Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 38 kiçik rəis heyəti və 260 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcəkdir.
* Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
* Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul və polisə ictimai dəstək çərçivəsində mülki işçi vəzifələrinə qəbulla bağlı əlaqə telefonları: 020 285 -16 –“ 08, 050 640-80-60
İsmayıllı rayon Polis Şöbəsi

Şərh Yaz