Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayıram.
Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil etmişdir.
Bahar bayramı keçmişimizin ən çətin dövrlərində belə zehinlərdən silinməyib gələcəyə inamımızı sarsılmağa qoymamışdır. Qəlbimizin dərinliklərində kök salaraq milli özünüdərk məfkurəsini yaşatması sayəsində o, ötən əsrin sonlarına doğru Azərbaycanda müstəqil dövlətçilik ideallarının gerçəkləşməsini təmin edən mühüm amillərdəndir. Mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzidir.
Yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun, yurdumuzun hər bir guşəsində aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri və insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə səciyyələnir. Bizimlə birgə baharı azərbaycançılıq düşüncəsi işığında minlərlə soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda qarşılayırlar. Həmrəyliyimizin rəmzi olaraq bu ümumxalq bayramı qoy hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin.
Hamınızın əziz Novruz bayramınız mübarək olsun!