Potensialdan istifadə faydalı olacaq

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun İvanovka kəndində səyyar qəbul keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. RİH başçısı M.Sadıqov respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə nail olunmuş sosial-iqtisadi inkişaf, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlər, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı barədə danışıb.
Potensialdan istifadə faydalı olacaq
İvanovka kənd inzibati ərazi dairəsi nümayəndəliyinin arayışında ərazidə tam orta məktəbin, 2 kitabxananın, mədəniyyət evinin, xəstəxananın, ATS-in, poçt şöbəsinin, uşaq bağçası, məişət evinin, qəbuledici televiziya stansiyasının fəaliyyət göstərdiyi bildirilib. İƏD-ə Külüllü kəndi də daxildir. Bu iki kənddə təsərrüfatların sayı 909, əhalinin sayı 3153 nəfər, evlərin sayı 1113-dür. Təsərrüfatlardan 31-i, sakinlərdən 209 nəfəri, evlərdən 38-i Külüllü kəndinin payına düşür.
Rəqəmlərdən göründüyü kimi, İvanovka İsmayıllının ən böyük və inkişaf etmiş yaşayış məntəqələrindəndir. Sovetlər dönəmində Ulu öndər bir neçə dəfə bu kəndə gəlmiş, burada respublika əhəmiyyətli müşavirə və digər tədbirlər keçirmişdir. Hazırda İvanovka ölkədə kollektiv təsərrüfat üsulu ilə işləyən yeganə yaşayış məntəqəsidir. Bu təsərrüfatı qoruyub inkişaf etdirməyi Ulu öndər özü ivanovkalılara tövsiyə etmişdir.
İvanovkalılara ölkə rəhbərliyi səviyyəsində diqqət və qayğı bu gün də davam etdirilməkdədir. İşgüzar ivanovkalılar RİH başçısı ilə görüşdə Nikitin adına kolxozun və kənd sakinlərinin köməyi ilə kəndin içməli su problemini həll etmək fikrində olduqlarını bildiriblər.
Kəndə hər il xeyli qonaq gəlir, İvanovkanı görmək arzusunda olanlar ildən-ilə çoxalır. Bundan faydalanmaq istəyən yerli qurumlar kəndin turizm potensialından yetərincə istifadə etmək üçün burada istirahət obyektlərinin, mehmanxana və pansionatların tikilməsi məsələsini gerçəkləşdirmək fikrindədirlər.
Əlbəttə, qaldırılan məsələlər sosial inkişafa istiqamətləndiyindən rayon rəhbərliyi tərəfindən də bəyənilib.
Görüşün sonunda rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov çıxış edərək ölkə başçısı cənab İlham Əlyevin tapşırığı ilə mütəmadi keçirilən səyyar görüşlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşların problemlərinin həlli istiqamətində səylərin artırılacağını qeyd edib.

Şərh Yaz