İvanovka multikultural dəyərlərin beşiyidir

Hər xalqın, hər toplumun özündən asılı olmayaraq yazılan taleyi, ömür kitabı var. Bu gün barələrində söhbət açdığımız etnik qrup üçün də göz açdıqları Rusiya əbədi yaşam məkanına çevrilə bilmədi. Eyni dilin, eyni mədəniyyətin daşıyıcısı olsalar da, dini etiqad fərqliliyi bir növ qardaşlar arasına çəpər çəkdi. Onların ulu babaları XVIII əsrin ikinci yarısında Rusiyada yaranan malakan təriqətinə etiqad etməyə başladılar.
İvanovka multikultural dəyərlərin beşiyidir
Bəs, onları digər xristianlardan fərqləndirən hansı keyfiyyətlər vardı və malakançılığın fəlsəfəsi nədən ibarət idi? Müraciət etdiyimiz mənbələrdən də göründüyü kimi, malakanlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimini adi evlərdə keçirirlər. Molokan (malakan) icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. Molokanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində moloko) içdiklərinə görə belə adlanırlar. Molokanlar özləri isə bu adı, “mənəvi südlə qidalanmaları” ilə izah edirlər.
Molokanların ibadəti Bibliyanın, əsasən də Zəburun məşhur hissələrinin qiraətindən və nəğmə kimi oxunmasından ibarətdir. Bu halda, aşağıdakı qaydaya riayət olunur: malakanların keşiş adlandırdıqları adam adətən, ön cərgədə əyləşib Bibliyadan kəlamlar oxuyur, dinləyicilər isə, onu uzada-uzada təkrarlayaraq nəğmə şəklində ifa edirlər.
1820-ci ildən başlayaraq, molokanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülüblər. Azərbaycanda malakanlar əsasən kəndlərdə ayrıca icmalar şəklində məskunlaşıblar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli xalqlarla qarşlıqlı ünsiyyət qurublar.
Malakanlar əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar. İlk malakan icmaları Azərbaycana XVIII əsrin ortalarında gəlməyə başlayıblar. Hazırda ölkəmizdə malakanların qeydiyyata alınmış 11 dini icması fəaliyyət göstərir. Onlardan ən böyükləri Bakıda və Sumqayıtda yerləşir. Üzvlərinin sayı 10 nəfərdən çox olmayan qalan icmalar Şamaxı, Qaradağ, Xızı və İsmayıllı rayonlarında fəaliyyət göstərir. Həmin rayonlarda qeydiyyatdan keçməmiş bir neçə icma da var.
Bəzən xalqımızın geniş ürəkli, çox mərhəmətli olmasından qaynaqlanan qonaqpərvərliyi tərəfimizdən ifrat hal kimi də dəyərləndirilir. Г‡ünki hər qapı döyənə xoş gəldin edərək evindəki ən ləziz təamını belə ona layiq bilməsi, ehtiyacını ödəməyə çalışması kimi xüsusiyyətlər heç də həmişə qarşı tərəfdən minnətdarlıq hissi ilə qarşılanmayıb. Bunun bariz nümunəsi isə mənfur qonşularımız olan ermənilərdir. Lakin xoş olan odur ki, bu kimi xüsusiyyətlər heç də Azərbaycanı özünün ümid yeri bilərək torpaqlarımıza sığınan hər bir etnik qrup və ya xalq üçün xarakterik deyil. Dil və din fərqliliyinə baxmayaraq düşünürük ki, birgə yaşadığımız etnik qruplar arasında bu baxımdan layiqli olanlardan biri də malakan etiqadlı ruslardır.
Malakanların ölkəmizin ərazisində yurd bilib sığındıqları məkanlardan biri də İvanovka kəndidir. Bu kənd dəniz səviyyəsindən 848 metr yüksəklikdə, İsmayıllı şəhərindən cənub-qərbdə – 13 kilometr məsafədə yerləşir. Ümumilikdə isə respublikamızda kənd rus icmasının birgə şəkildə yaşadığı ən böyük yaşayış məntəqələrindəndir.
Kəndin əsası 1847-ci ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. Adı da onun yaradıcısı, kəndçi İvan Perşinin şərəfinə qoyulub. Onlar tez bir zamanda özlərinə yurd salıb, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurublar.
Hazırda İvanovka kəndində yaşayan insanların ümumi sayı 2944 nəfər təşkil edir. Onlardan 1843 nəfəri rus, 610 nəfəri ləzgi, 470 nəfəri azərbaycanlılardır. Qalan 21 nəfər isə ukraynalı və belaruslardır.
İvanovkaya qalxdıqca kəndin relyefi, buradakı torpağın misilsiz dərəcədə münbitliyi adamı cəlb etməyə bilmir. İvanovkalılar şanslı insanlardır. Onların bir tərəfdən respublikamızın ən yüksək zirvələrindən olan Bazar düzü, digər tərəfdən Şahdağ, başqa yandan isə ziyarət yerimiz sayılan Baba dağın mühafizəsi altında olması bu insanlar üçün böyük əhəmiyyətə malikdir.
İvanovkanın memarlığı da heyrətamizdir. Yol boyu evlər səliqə-sahmanı və simmetrik olması ilə qonşu kəndlərdən seçilir. Yol kənarında səliqə ilə tikilən balaca, xudmani evlər, təmiz küçələr, qonaqpərvər insanlar sözün əsl mənasında insanı valeh edir.
Nəhayət, kəndin mərkəzi hissəsinə çatırıq. Burada Nikitin adına kolxozun və İvanovka ərazi inzibati dairəsinin (ƏİD) ikimərtəbəli binası yerləşir. Binanın qarşısında ehtiram əlaməti olaraq ümummilli lider Heydər Əliyevin abidəsi ucalır. Birinci mərtəbəyə qalxırıq. Burada bizi ƏİD-in nümayəndəsi Olqa Jabina qarşılayır. Г‡öhrəsinə təbəssüm qonur və ürəkdən: – Multikultural dəyərlərin beşiyinə xoş gəlmisiniz – deyir. Kənd haqqında müəyyən qədər məlumat verən Olqa xanım buradakı real vəziyyətlə bağlı əvvəlcə kəndin ləzgi və azərbaycanlı nümayəndələri ilə söhbət etməyimizi tövsiyə edir.
İlk həmsöhbətimiz İvanovka kəndində sahə briqadiri işləyən, ləzgi əsilli Eldəniz Güləliyevdir. Müsahibimiz deyir ki, gözünü bu kənddə dünyaya açıb. Orta məktəbi bitirdikdən sonra ali təhsil dalınca yollanıb. Yüksək ixtisasa yiyələndikdən sonra təyinatla yenidən doğma yurda qayıdıb. Kolxozda çalışıb. Hansı iş məsləhət bilinibsə, onun da qulpundan yapışıb. Deyir ki, ümumi götürdükdə, burada yaşayan insanlarda hansısa ayrı-seçkilik, özünü digərindən üstün mövqedə göstərmə kimi hallar yox səviyyəsindədir. İnsanlar bir-biri ilə dost, doğma münasibətlərdə işləyir və yaşayırlar. Konkret desək, kənddə kiminsə ağır xəstəsi olduqda birmənalı şəkildə həmin insana elbirliyi ilə kömək göstərilir. Bu zaman etnik tərkib əsla kimsənin ağlına gəlmir. Əgər insan bu kənddə yaşayır və kollektiv əməkdə payı varsa, onun milliyyəti ümumiyyətlə, heç kimi maraqlandırmır.
E.Güləliyev söhbətini davam etdirir: – Bildiyiniz kimi, İvanovka kənd təsərrüfatı təmayüllü məkandır. Ona görə də burada insanlar üçün vacib olan amillərdən biri də hava şəraitidir. Məsələn, havalar quraq, yaxud da çox yağmurlu keçəndə ruslarla yanaşı, ləzgi və azərbaycanılar da birlikdə “İbadət evi”nə daxil olurlar. Onlar burada Allaha ibadət edərək yağış yağmasını və ya günəş çıxmasını Tanrıdan xahiş edirlər.
Bu insanların şansı bir də onda gətirib ki, sovetlər quruluşu dağılsa belə onlar kollektiv mülkiyyəti qoruyub saxlayaraq müasir dövrün tələblərinə uyğunlaşdıra biliblər. Mətbəxdə müəyyən fərqlilik olsa belə burada da inteqrasiya hiss olunmaqdadır.
İvanovka ƏİD-in nümayəndəsi Olqa Jabina söhbətə qoşulur: – Bildiyiniz kimi, malakanlıq inancdır. Əsl inanc sahibi olan malakan donuz əti yemir, spirtli içki içmir, siqaret çəkmir və hətta söyüş də söymür. Bu qeyd olunanlar isə bütün inanc sahiblərinin əməl etməli olduqları zəruri qaydalardır. Müasir gəncliyin bir sıra nümayəndələri isə heç şübhəsiz ki, qeyd olunan qaydalara əməl etməkdə tənbəl və dözümsüzdürlər. Yaşlılar isə etiqadlarını gözləyirlər.
Kənd təxminən min təsərrüfatdan ibarətdir. Olqa xanım iş münasibətində, vəzifə təyinatında da ədalət prinsipinin gözlənildiyini, burada yaşayan insanların hansı toplumu təmsil etmələrinə vəzifə baxımından balans yaradıldığını deyir. Məsələn, ləzgi Eldəniz Güləliyev sahə briqadiri, azərbaycanlı Arif Məsimov bələdiyyə sədrinin müavinidir.
Olqa Jabina söhbəti davam etdirərək deyir: – Biz hələ uşaq vaxtı məktəbdə təhsil alarkən kimin hansı milləti təmsil etməsi haqqında düşünməmişik. Sinfimizdə 10-12 nəfər ləzginin olması bizim üçün elə bir fərq etməyib. Bizdə artıq hər şey qarışıb. Bu da əbəs deyil. Г‡ünki təxminən 200 ildir ki, bu insanlar bir yerdə yaşayır və işləyirlər. Artıq mədəniyyətlər bir növ bir-birinin daxilinə nüfuz edib. Məsələn, mən plov hazırlamaqda ləzgi və azərbaycanlı xanımları ilə yarışa girməyə hazıram. Onlar isə əsasən rusların və ukraynalıların xəmir xörəkləri olan əriştəni heç də məndən zəif bişirmirlər. Bundan başqa, gənclərin rəqs gecələri təşkil olunarkən kimlik məsələsi tam aradan qalxır. Hətta ən yaxşı Azərbaycan, rus və ləzgi rəqs ifaları ilə bağlı müsabiqələr keçirilir. Birinci yerin sahibləri isə birmənalı şəkildə mükafatlandırılır. Bəzi hallarda gənclər müəyyən narazılıq ifadə etmək istədikdə isə cavab bir olur: burada heç bir milli ayrı-seçkilik ola bilməz. Biz hamımız Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Hazırda bütün xeyir-şər bir-birinə qarışıb.
Yeni məskunlaşdıqları dövrlərdə ruslar ayrı, ləzgilər və azərbaycanlılar isə ayrılıqda öz mərasimlərini icra ediblər. Sonradan ümumi dəyərlərin çoxluğu aşkarlanıb. Məsələn, dini etiqad baxımından malakanlar da müsəlmanlar kimi donuz ətini, spirtli içkini qəbul etmir, sağlam həyat tərzi sürürlər. Eyni zamanda kilsədə etiqad edirlər. Bu yaxınlarda kənddə “Məhsul bayramı” keçirilərkən bütün ibadətgahların nümayəndələri dəvət olunub. Rus, müsəlman, babtist və sairə. Hamısı mədəniyyət sarayında bir yerdə bayramlaşıblar.
Uşaq bağçasında da hamı bir-birinə qarışıb. Sarışın rus uşaqları Azərbaycan dilində danışırlar. Г‡ünki onun dostu, rəfiqəsi azərbaycanlıdır, yaxud da əksinə.
Kəndin icra nümayəndəsi Olqa Jabina isə məlumat verdi ki, ivanovkalılar işləməklə yanaşı, asudə vaxtlarının mənalı keçirilməsinə də həssas yanaşırlar. Məsələn, burada yaşayan və adı respublikada və onun hüdudlarından da kənarda məşhur olan “Slavyaniçka” folklor qrupu fəaliyyət göstərir. 2014-cü ildə qrupun bütün üzvləri xalq artisti adına layiq görülüblər. Onlar bütün tədbirlərdə iştirak edirlər.
Kənd sakini, hazırda ferma müdiri işləyən Timofey Voropayev də azərbaycanlı və ləzgi dostları ilə birgə yaşayışdan məmnundur. İstər Pasxa, istərsə də Novruz bayramı günləri bütün kənd camaatı üçün sevincli keçir. Mətbəxlərdən çıxan bayramlıq təamlardan mütləq bütün kənd əhli dadır və xoş anlarını bir-biri ilə paylaşırlar.
Azərbaycanlı Arif Məsimov bələdiyyə sədrinin müavinidir. Deyir ki, həyata göz açandan tolerant mühitin içində olublar. Əhatə dairəsi fərqli toplumlardan ibarət olub. Valideynlərinin istənilən münasibətdə kiməsə milliyyətinə görə fərq qoymadıqlarını görüblər. Ona görə də qənaəti belədir ki, evdə, ailədə verilən tərbiyədən çox şey asılıdır. Məhz valideynlərdən qaynaqlanan bu tərbiyə son nəticədə İvanovkada insanların qibtə olunası birgəyaşayışına təminat yaradıb.
O.Jabina dövlət başçısının da onlara diqqət və qayğısından razılıq etdi. Bildirdi ki, kəndin inkişafı üçün ildə iki dəfə subsidiya verilir. 2015-ci il ərzində 250 min manatlıq subsidiya təminatı olub. Kolxozun 2009-cu ildə aldığı texnika və 96 baş iribuynuzlu heyvana görə olan 782 min manat məbləğındə borcu ilə bağlı qayğılar da arxa plana keçib. Məhz dövlət başçısı İlham Əliyevin sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan olunduğu 2015-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının rəsmi müraciətindən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə borc bütünlüklə silinib.
Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası və elektron ATS də var. Mövcud infrastruktur heç şübhəsiz ki, buradakı insanların yaşam tərzinə də müsbət təsirini göstərir. Eyni zamanda rayon rəhbərliyi daim onları diqqətdə saxlayır. Bütün qeyd olunanlar isə insanların bir-birinə daha çox qaynayıb qovuşmalarına gətirib çıxarır və əbədi vətənləri olan Azərbaycana minnətdarlıqlarını xoş əməlləri ilə ifadə edirlər.
“Azərbaycan” qəzeti

Şərh Yaz