Milli-mənəvi dəyərlərimizin fəal daşıyıcısı

YAP İsmayıllı rayon təşkilatı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O qeyd edib ki, bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Və çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız vardır.
Milli-mənəvi dəyərlərimizin fəal daşıyıcısı
Azərbaycan qadınının ölkənin inkişafında və cəmiyyətdəki mövqeyi barədə geniş məlumat verən Ə.Vahabova müstəqillik şəraitində qadın və qızlarımızın dövlətə və dövlətçiliyə sədaqətindən, yaratdığı xarüqələrdən danışıb.
O bildirib ki, müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Əks təqdirdə qadının idarəetmədə çalışması mümkün deyildi. Ulu öndər deyirdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətitimizi xeyli artırmalıyıq”.
Ulu öndər daim qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Natiq qeyd etdi ki, bu gün Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva öz geniş fəaliyyətləri ilə beynəlxalq aləmdə Azərbaycanın və Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırıb. Mehriban Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban Əliyeva dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ən ali fəxri adlara, mükafatlara layiq görülüb. Ümummilli liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği, mənəvi dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması humanizm prinsiplərinin göstəricisidir.Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, başlatdığı “Xocalıya ədalət” kompaniyası ilə erməni vəhşiliyinin bütün dəhşətlərini dünyaya nümayiş etdirən Leyla Əliyeva gənclərimizə örnək olmuşdur. Bu yolda hər birimiz ona dəstək olmalı, güclü Azərbaycan naminə var gücümüzlə çalışmalıyıq.
Tədbirdə YAP İsmayıllı rayon Qadınlar Şurasının sədri Xuraman Qurbanova, Gənclər Birliyinin sədri Şəhla Qafarova, fəal qadınlar Gülər Baxışova, Şəmsiyyə Əhmədova, Ceyran Məmmədova, Olqa Radayeva, Məleykə Lətifova və başqaları qadınların cəmiyyətdəki çoxşaxəli rolundan bəhs edərək, zərif cinsin nümayəndələrinin ölkəmizin aparıcı sahələrində tutmuş olduğu mövqelərindən, onların milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində aparıcı rolunu vurğulayıblar.
Tədbirin sonunda qadınlara bayram hədiyyələri, YAP üzvlüyünə qəbul edilmiş bir qrup gənc qadına isə partiyanın vəsiqələri təqdim olunub.
Ramid Qasımov

Şərh Yaz