Göy qurşağı –“ Mücü qanovuzu

Nənə yamanca hirslənmişdi. Nəvəsi bu gün gəlin köçürdü. Oğlan adamları gəlinin üzünə köhnə dəbdə duvaq salınmasına razı olmurdular. Gəlinin anası da, rəfiqələri də təzə duvağın tərəfindəydi. Nənə əməlli-başlı təklənmişdi. Bir az hikkəsindən, bir az da ərköyünlüyündən doluxsunmuşdu. Ancaq sözünün üstündə bərk dayanmışdı. “Gəlinin başbəzəyini özüm verəcəyəm!” – deyə, təkid edirdi. Nəhayət, oğlan adamları güzəştə getməli oldular, qızın rəfiqələri də razılaşdılar.
Göy qurşağı –“ Mücü qanovuzu
Nənə qoynundan iri bir açar çıxarıb, üç yerdən qıfıllanmış qədim sandığın qapağını açdı. Elə bil, “Melodiya” tipli qapı zənginin sədası eşidildi. Azacıq qurdalandıqdan sonra, bükülü bir parçanı titrək əlləri ilə sandıqdan götürdü. Ehtiyatla qatını açaraq hamarladı, sonra gəlinlik paltarında olan nəvəsinin üzünə örtdü və özü bildiyi kimi sancaqlayıb bərkitdi.
Nənənin gözləri gülümsündü. Sifətindəki qırışlar sanki açılıb hamarlandı. Baxışlarında sevinc, səadət və qalibiyyət hiss olundu. O, öz gəlinlik duvağını illər boyu qoruyub saxlamış və əhd eləmişdi ki, qız nəvəsi gəlin köçəndə üzünə örtəcək. Nənə öz arzusuna çatmışdı. O, xoşbəxt idi.
Əslində, al-qırmızı olan duvaq işıq şüaları altında bərq vurduqca müxtəlif rənglərə çalırdı. Ətrafdakılar heyrətlə bir-birinə baxıb pıçıldaşırdılar. Biri dedi yəqin bu parçanı vaxtilə keçmiş kişilər Misirdən gətiriblər, biri dedi Hindistandan, o biri dedi Г‡indən–¦
Təkcə nənənin özünə məlum idi ki, bu qanovuz parça 80, yaxud 100 il əvvəl İsmayıllı rayonundakı Mücü kəndində toxunmuşdur. Gəlinin duvağına heyranlıqla tamaşa edənlərin isə fikrindən təkcə bir şey keçirdi: “Bir gör, keçmişdə necə sənətkarlar olub!”
Qanovuz parça əhvalatı ağızdan-ağıza keçdi, dildən-dilə düşdü. Məktəblilər də bu sorağın izinə düşdülər, axtarış apardılar. Və nəhayət, qanovuz parça toxunan dəzgahın özünü tapıb, diyarşünaslıq muzeyinə qoydular. Təəssüflə düşündülər ki, qədim ustalardan bircəciyi sağ olsaydı, bu dəzgahda qanovuz parçanın necə toxunması haqqında bizə qəribə söhbətlər edərdi.
–¦ İsmayıllı şəhərinin mərkəzində qədim Azərbaycan memarlığı üslubunda tikilmiş “Gəncə” uşaq kitabxanasının binası ilə üzbəüz balaca, lakin qəşəng bir park var. Buraya “Veteranlar bağı” da deyirlər. Qocalar bu parkdakı fəvvarələrin qarşısında əyləşib, keçmişdən, gələcəkdən söhbət edə-edə dincəlməyi çox sevirlər. 92 yaşlı Əlibala Nəcəf oğlu Orucovla da burada rastlaşdım. Əlindəki iri bağ qayçısı ilə bəzək kollarının uclarını vurub düzəldirdi. Şəhərin hansı guşəsində üstü qayçılanmış bəzək kolları görsəniz, bilin ki bu, Əlibala kişinin əməlidir. Bekar dayanmağı xoşlamır. Uzunömürlülüyünün də səbəbini elə bunda görür.
Onunla şəhərin yaşıllaşdırılması, uşaqların və gənclərin bu işə köməyi barədə söhbət etmək istəyirdim.
– Əlbəttə, məktəblilərin bizə köməyi dəyir. Hər il çoxlu yaşıllıq salırlar. Ancaq aralarında nanəcibləri də var. Bax, bu küçəni görürsən? –“ deyə, o, mərkəzi küçənin yuxarı hissəsini göstərdi, – hər il bu küçə boyu nə qədər ağac əkirik, hələ də yaşıllaşdırıb qurtara bilməmişik. Niyə ki, hələ bir çoxları –¦
Sözünün ardını demədi. Fəvvarənin zirvəsində toz kimi səpələnin su damcılarına baxıb, fikrə getdi. Onu fikirdən ayırmaq istəmədiyim üçün heç nə soruşmadım. Əlilə fəvvarəni göstərib dedi:
– Bir ora bax–¦
Onun göstərdiyi səmtə baxdım.
– Nədir ki? – deyə soruşdum.
– Görmürsən? – deyə, o, təəccübləndi.
Bir də baxanda fəvvarənin lap yuxarı hissəsində su damcılarının arasında yeddi rəngə çalan göy qurşağını gördüm. Gündə neçə dəfə yolum bu bağın yanından düşür. Ancaq indiyə kimi fəvvarələrin üstündə əmələ gələn göy qurşağına diqqət yetirməmişdim. O dedi:
– Hər axşamüstü bura gün düşəndə, fəvvarələrin üstündə göy qurşağı əmələ gəlir. Bir saata əriyib gedir. Bilirsən, bu göy qurşağına baxanda nəyi düşünürəm?
Mən dinməyib, onun nə deyəcəyini maraqla gözlədim.
– Bizim toxuduğumuz qanovuz parçalar da, bax, bu göy qurşağı kimi cürbəcür rənglərə çalırdı.
Bir anlığa eşitdiklərimə inanmağım gəlmədi. Qanovuz haqqında söhbətləri eşitmişdim. Həmin parçadan olan yaylıqları da görmüşdüm. Lakin mən də başqaları kimi, bu qədim parça ustalarının hamısının həyatdan getdiyini güman edirdim.
– Siz məgər keçmişdə toxucu olmusunuz? – deyə, soruşdum.
– Əşşi, nə keçmişbazarıdı, lap bu yaxınlaracan toxuyurduq. Təzə hökümət gələndən sonra kənddə artel düzəltmişdik. Qanovuzu toxuyub verirdik hökümətə.
Əlibala kişi “bu yaxınlaracan” deyəndə, iyirminci illərin axırını nəzərdə tuturdu.
– Sonra cürbəcür parçalar bollaşdı, – deyə, o, sözünə davam elədi, – əl işdən soyudu, qanovuz da tərginib getdi. Axı kimə lazımdı indi qanovuz? Hər gün bir dəbdə parça çıxır. – Bir az düşünüb əlavə elədi: – Ancaq yaxşı parça idi ha! Özü möhkəm, rəngi də ki, solmurdu. O vaxtı kişi-qadın hamı geyinirdi qanovuz paltarı.
Qanovuzdan söz düşəndə kişinin gözləri parıldadı. Dərindən köks ötürdü və dönüb fəvvarənin üstündə hələ də aypara şəklində sallanmış göy qurşağına baxdı.
– Bəs deyirlər qanovuz ancaq qırmızı rəngdə olarmış. Kişilər də qırmızı geyinirdi? – deyə, soruşdum.
Kişi mənim sadəlövhlüyümə gülümsünüb dedi:
– A bala, məgər qanovuz elə bir cür olurdu? Qırmızı, badımcanı, sürmeyi, ördəkboynu, cənnəti–¦ Hansı birini sayım? Bax, bu qanovuz parçaların hərəsindən bir cür paltar tikilirdi. Təzə bəyin arxalığı qarpızı, badımcanı, ya da sürmeyi qanovuzdan olardı. Al qanovuzu qadınlar geyinərdi. Cənnəti qanovuzdan köynəklər tikərdilər. Toy və bayram xonçalarının üstünü ancaq qanovuz parçalarla örtərdilər.
– İndi də kələğayı toxunur da, xonçaların üstünə örtmək olar, – deyə, mən təsəlli verirmiş kimi dilləndim.
Söhbət bura çatanda Əlibala kişi bir balaca fikrə getdi.
– Yox, yox, yox–¦ – deyə, o, bir neçə dəfə aramla təkrar elədi. –“ Qanovuz tamam başqa cür parça idi. İndi bir sınaq elə, İraq olsun, bir uşağın yan-böyrünə isti su dağılıb yandıranda üstünə kələğayı ört, görüm necə olur? Ancaq yanıq üstünə həmişə qanovuz kəsib qoyardılar. Həm yaraya yapışmazdı, həm də deyərdilər ki, belədə tez sağalır. Özü də qanovuz bahalı parça idi. Zarafat deyil, dörd arşınına bir girvənkə ipək gedirdi.
Kişinin qanovuz haqqındakı söhbətləri baş alıb gedirdi. Xatırladıqlarının hamısını danışıb yüngülləşmək istəyirdi. Hər kəlməbaşı da “bizim Mücüdə” deyə, fəxrlə təkrar edirdi.
– Mənim bildiyimdən, qanovuz parça ancaq bizim Mücüdə toxunub. Başqa yerlərdə toxunduğunu eşitməmişəm. Qanovuz toxutdurmaq üçün Mücüyə karvan-karvan barama ipəyi göndərərdilər. Hazır parçanı gəlib aparardılar. Qanovuz dünyanın hər yerinə gedib çıxmışdı. Qadın çarşavı üçün damalı qanovuz toxuyardıq. Heç bilirsən neçə rəngə çalırdı? Bax, o göy qurşağı kimi yeddi rəngə! – O, sözünə bir az ara verb dedi: – Bizim Mücünün tarixi də qədimdi ha, oğul! Bir neçə il əvvəl kənddə Əhməd yeri adlı sahəni qazanda ordan pul tapılmışdı. Üstündə hansı hökmdarınsa adı vardı. Altında da yazılmıçdı: “Zərbi-Mücü”. Hə, hə, bax, eləcə: “Zərbi-Mücü”. Mücüdə Mustafa xan qalasının uçuqları indi də durur. Qalanın yanında bir qaya var. Deyirlər, xanın kimdən acığı gəlirmişsə, oradan aşağı tullayırmış–¦
“Zərbi-Mücü” sikkəsi haqqında əvvəllər də eşitmişdim. Bunun həqiqətə nə dərəcədə uyğun olub-olmadığını bu sahənin mütəxəssisləri daha yaxşı bilər. Qanovuzun yalnız Mücüdə toxunmasını isə ilk dəfə eşidirdim. Bəlkə bu parça başqa yerlərdə də toxunurmuş. Kim bilir? Ancaq Mücüdəki toxucular nəslinin sonuncu nümayəndəsi sağ-salamatdır. Bəlkə kələğayı sexlərinin birində tək bircə dənə dəzgah qoydurmaqla Mücü qanovuzunu həyata qaytarmaq olar? Geniş istifadə üçün bu, bəlkə də baha başa gələr. Lakin qanovuzdan kiçik həcmli suvenir parçalar və tikililər hazırlanarsa, bu qədim parça yaşayar. Həm də mağazalarda yeni bir milli suvenir nümunəsi peyda olar.
Qanovuz haqqınakı söhbətimiz burada bitir. Belə söhbətləri dinlədikcə, düşünməli olursan ki, yaşı səksəni, doxsanı ötmüş qocalarımızdan tariximiz və mədəniyyətimiz üçün maraqlı olan çox şey öyrənə bilərik.
“ZƏHMƏTKEŞ”. 1983
Sözün tamamı: Məqalə dərc olunanda Əlibala kişinin dediklərindən və habelə Əlibala kişi haqqında demək istədiklərimdən (müəyyən səbəblərdən) qəzetə getməyənləri də olub. İndi onları əlavə etməyin vaxtıdır. O, qanovuzun müalicəvi xüsusiyyətlərindən söz açanda demişdi ki, uşaqları sünnət edəndə yarasının üstünə qanovuz qoyardılar ki, həm yapışmasın, həm də tez sağalsın. Əlibala kişinin özü haqqında əlavə olaraq demək istədiklərim isə bunlardır: o, həm də din adamı – QURAN oxuyan idi. Rayon mərkəzindəki məscidlər fəaliyyət göstərmədiyindən, şəhərin harasındasa hüzür düşdüyünü eşitsəydi, mərkəzi küçənin kənarında yerləşən evlərinin qarşısındakı hündür armud ağacına çıxıb səhər tezdən ucadan azan verərdi. Belə düşünülməsin ki, o, “molla” olduğu üçün öz işinin xatirinə belə edirdi. Xeyr, o, molla deyildi və heç vaxt da mollalıq eləməmişdi. Xəbərdarlıq azanını isə öz savabı xatirinə verirdi. Azan səsini eşidən adamlar bir-birindən soraqlaşıb hüzür yerini öyrənər və yasa yığışardılar. Bu səbəbdən də bəziləri ona “Ağacaçıxan Molla” deyirdilər.
Göy qurşağı –“ Mücü qanovuzu
Məmmədmirzə Rzayev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz