Uşağın tərbiyəsi

“Uşaqlar bizim gələcəyimizdir” ifadəsini tez-tez işlədirik. “Onlar bizim gələcək əvəzedicilərimizdir” də bu qəbildən olan ifadədir. Müəllimləri bağbana da bənzədirik. Burada da bir həqiqət var. Axı müəllim də öz yetirmələri, bağbansa, becərdiyi ağacların barı ilə sevinir və fəxr edir. Əgər çəkdikləri əmək zay olmayıbsa, fəxr ediləsi, qürur duyulası haldır. Əks təqdirdə, qanqaralığı, peşmançılıq olur. Heç kəs işin, nəticənin belə olmasını istəməz.. Belə hallarda uşağın tərbiyəsi məsələsi ən vacib vəzifələrimizdəndir. Bu da çox uzun sürən və məsuliyyətli prosesdir.
Gələcək nəslin ana bətnində keçirdiyi proseslər haqqında tam və ətraflı məlumat vermək məsələsini mütəxəssislərin ixtiyarına buraxsaq yaxşı olar. Ancaq ədəbiyyatlardan aldığımız səthi məlumatlardan bilirik ki, ana bətnində formalaşarkən körpə bəzi xarici mühitdə baş verən hadisələrə reaksiya verir. Əlbəttə, anası vasitəsilə. Bu hal tibbdə sübut olunmuşdur. Belə nəticəyə gəlmək olar ki, uşağın tərbiyəsi dünyaya göz açdığı andan başlayır. Əksər gənc analar körpənin yedizdirilməsi rejimini bilmir və hər ağlayanda onu qidalandırır. Əslinə qalanda, bu da körpəyə ziyandır və həzm prosesini pozur. Körpənin neçə saatdan bir yedizdirilməsini bilmək vacibdir. Bu da körpənin qida rejiminə öyrədilməsinə gətirib çıxarır. Deməli, tərbiyəsi də buradan başlayır. Bizim məqsədimiz körpələrə necə qulluq edilməsini öyrətmək deyil, tərbiyə məsələləri ilə əlaqədardır. Yeri gəlmişkən. Onu da qeyd edək ki, körpənin hər ağlayanda yedizdirilməsi onun xaşal qarın böyüməsi ilə nəticələnə bilər.
Uşağın tərbiyə edilməsinin təməli ailədə qoyulur. Sonra uşaq bağçası, məktəb və əmək kollektivləri və sairdə formalaşır. Onu da qeyd edək ki, uşaq bağçasındakı tərbiyə bu işdə mühüm əhəmiyyət kəsb edir. Son illər məktəblərə qəbul olunan uşaqların bağçadan gəlməsinə xüsusi diqqət yetirilir. Uşaq bağçalarının azlığı bu proqramın tam həyata keçirilməsinə imkan vermir. Elə götürək rayonumuzu, bağça fəaliyyət göstərən iri kəndləri barmaqla saymaq olar. Bağçanın ən üstün cəhəti odur ki, uşaq özünü məktəbdə çox sərbəst hiss edir.
Uşaq kollektivdə özünü necə aparmaq, yoldaşları ilə ünsiyyət qurmaq, bir sıra digər bu kimi vərdişlərə yiyələnir. Müxtəlif oyunlarla öz bilik səviyyəsini artırırlar. Onlar üçün birinci sinifdə oxumaq asanlaşır, biliklərə həvəslə yiyələnirlər. Burada ən ağır yük bağça tərbiyəçilərinin üzərinə düşür. Təməlin möhkəm olması onların üzərinə düşür desək heç də səhv etmərik. Yeri gəlmişkən, bir faktı qeyd etmək istərdim. Uzaq qohumumuzun üç yaşlı nəvəsini bağçaya apardılar. Müəyyən vaxtdan sonra uşaq evdəkiləri vurmağa, onların üzünə tüpürməyə və sair xoşagəlməz hərəkətlər etməyə başladı. Bağçaya (adını, nömrəsini çəkmirik) getməzdən əvvəl bu uşaqda belə hallar müşahidə edilməmişdi. Görəsən, uşağa bağçada belə şeylərmi öyrədiblər?!
Uşaq bağçaya, məktəbə getsə də günün çox hissəsini ailədə keçirir. Evdəkilərin –“ nənə, baba, bibi, əmi və başqalarının danışığı, oturuşu-duruşu, bütün hərəkətləri uşağın gözləri qarşısında baş verir. Ailədəki qayda-qanun, danışıq tərzi, davranışlar uşağın ağ kağız kimi beyninə köçürülür. Əgər ailədə kobudluq, söyüş, bir-birini təhqir etmə adi hal alıbsa, uşaq da onları qəbul edəcək və yeri gələndə özü də onları təkrarlayacaq. Körpə yeni dil açanda onun hər kəlməsi evdəkilərin sevincinə, gülüşünə səbəb olur. Böyüklər də bəzən körpəyə bibiyə, əmiyə filan söz de (əksəriyyəti də təhqiramiz) deməklə onu bu pis vərdişə təhrik edirlər. Mənim təsəvvürümə görə belə hala heç bir ölkədə rast gəlinmir. Təssüf ki, son nəticəsini fikirləşmirik. Yaxud, ailə başçısının evdə işlətdiyi təhqiramiz sözləri də uşaq eşidir və onun tərbiyəsinə çox mənfi təsir edir. Uşaq böyüdükcə bu sözlər onun üçün adiləşir, yeri gələndə özü də tay-tuşları arasında onlardan istifadə edir. Bunu bilən valideynləri:“bu uşaq söyüşləri kimdən öyrənib”,-deyə təəccüblənirlər. Valideynin öz qəbahətini dərk etməməsi xoşagələn deyil. Burada el arasında işlədilən “ağzını təmiz saxla!” ifadəsini işlətmək məcburiyyətində qalırsan.
Bu mövzuda keçən il mayın 14-də şəhər 1 nömrəli tam orta məktəbdə çox maraqlı bir tədbir keçirilmişdi. Məktəbin ingilis dili müəllimi Şükufə Nəcəfova “Ailəmiz, hər şeyimiz, ağızlar çirklənməsin” mövzusunda beynəlxalq layihə olan tədbir ərsəyə gətirmişdi. Məqsəd də uşaqları ağıza alınmayacaq sözlərdən uzaq olmağı, bunları onlara anlatmaqdan ibarət idi. İnsanların tərbiyə edilməsinə yönəldilən bu layihə bir sıra xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə geniş təbliğ olunur. Tədbir rayonun bir sıra məktəblərində, idarə və müəssisələrində də keçirilə bilərdi, çıxış edənlər də bunu xüsusilə vurğuladılar və bu işi çox bəyəndilər. Sonralar belə tədbirlərin keçirilməsi haqqında bir məlumat əldə edə bilmədik. Г‡ox heyif!
Biz belə zənn etmirik ki, illərcə formalaşmış bu halı bir neçə toplantı ilə aradan qaldırmaq olar. Ancaq səmərəsini yavaş-yavaş görə bilərik. Axı su damcısı eyni yerə düşərsə, daşı da dələ bilir.
Uşağın tərbiyəsi
Bəybala Babayev

Şərh Yaz